“Neftçi”nin legioneri “Qarabağ” üçün “gecdir” dedi

6 Mart 2023 21:20 Müsahibə 3 250
“Neftçi”nin legioneri “Qarabağ” üçün “gecdir” dedi

Qış fasiləsindən sonra inamlı təsir bağışlayan “Neftçi” “Turan Tovuz”un daşını daş üstə qoymadı.

“Qarabağ”la 1:1-lik bərabərlikdən sonra “ağ-qaralar” qərb təmsilçisini 4 cavabsız qolla məğlub etməyi bacardı.

Oyundan sonra “Neftçi”li futbolçular məmnun görünürdü. Sevinc hissi aşıb-daşan legionerlərdən Voislav Stankoviç Sportinfo.az-ın suallarını cavablandırdı.

- Bu cür qələbə gözləyirdiz?

- “Turan Tovuz” Premyer Liqanın debütantı olsa da, çox yaxşı komandadır. Bunu oyunları və nəticələri ilə göstərirlər. Son görüşlərinə baxsaq, səfərdə “Şamaxı” ilə “Sabah”ı, öz azarkeşlərinin qarşısında “Kəpəz”i məğlub etməyi bacarıblar. Yaxşı formadadırlar, psixoloji cəhətdən hazırlıqlıdırlar. Sadəcə, biz onları yaxşı təhlil edərək zəif nöqtələrindən istifadə etməyi bacardıq. Və layiqli qələbə qazandığımızı düşünürəm.

- Qış fasiləsindən sonra fərqli “Neftçi” görməkdəyik. Nə baş verdi?

- Heyətin güclənməsi oyunumuza yaxşı mənada çox təsir etməkdədir. Höccət Haqverdi, Kilan Lebon və Mateus Saldanya – bu futbolçuların hər biri öz mövqeyində inamlı çıxış etməklə komandaya lazım olan faydanı verir. “Neftçi”də bu cür futbolçulara ehtiyac vardı. Mövsümün əvvəlində gəlsəydilər, bəlkə də xallarımızın sayı indikindən çox olardı. Komanda 2-3 oyunda inamlı təsir bağışlayanda davamı gəlir. Və bu gün bunun şahidi olmaqdayıq.

- Qarşıda 11 tur var ki, bu da 33 mümkün xal deməkdir. “Qarabağ”la 13 xallıq fərqi aradan qadırıb çempionluq mübarizəsini qaytarmaq olar?

- Yox-yox. Çempionluqdan danışmaq üçün gecdir artıq. İki komanda arasında xal fərqi həddən artıq çoxdur. Onlar da artıq avrokubok və ölkə kuboku mübarizəsini başa vurub çempionata kökləniblər. Bu dəqiqə başlıca məqsədimiz oyun keyfiyyətini yaxşılaşdırmaq və hər matçı qələbə ilə başa vurmaqdır. Qalibiyyətləri sıralayaq, yekunda görək nə olacaq.

- Belə başa düşdüm ki, bütün diqqətinizi Azərbaycan kubokunu qazanmağa ayırmısız. Çünki, titul mütləqdir.

- Elədir. Komandanın adı “Neftçi”dirsə, mütləq mövsümü titulla başa vurmalıdır. Əlbəttə, istəyimiz qalib adını qazanmaqdır. Yarımfinalda bizi “Turan Tovuz”la çox çətin oyunlar gözləyir. Bu gün 4:0 qalib gəlməyimiz növbəti qarşılaşmalarda da belə olacağı anlamına gəlməməlidir. Çünki kubok mübarizəsi və motivasiyası tam başqa olur. Qarşıda bir ay vaxtımız var. Ümid edirəm ki, yarımfinal görüşlərinə kimi 100 faiz hazır olacağıq. “Turan Tovuz”la oynayaq, finalı düşünmək üçün vaxt taparıq.

- “Turan Tovuz” kubok mübarizəsini göz önünə alıb, bu oyunda kartları açmadı, sanki hiylə işlətdi. Razısan bu fikirlə?

- Xeyr, bu cür düşünmürəm. Hər bir komanda meydana qələbə üçün çıxır. Üstəlik, kubok matçlarına bir ay vaxt var. Onsuz da, kubok oyunlarında komandalar fərqli oyun üslubundan, fərqli taktikadan yararlanır. Sadəcə, biz hesabı vaxtında açdıq və ələ düşən imkanlardan maksimum yararlandıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!