
“Qəbələ” Azərbaycan Premyer Liqasının 25-ci turunu “Qarabağ”a məğlubiyyətlə başa vurdu – 1:3.
Qarşılaşmadan sonra “qırmızı qaralar”ın prezidenti Fariz Nəcəfov Sportinfo.az-a müsahibə verib.
- Fariz müəllim, ilk öncə oyun barədə təəssüratlarınızı bölüşərdiniz...
- “Qarabağ”la oyunlarımız hər zaman gərgin keçir. Hesab edirəm ki, komandamız çox yaxşı oynadı. Təəssüf ki, qələbə qazana bilmədik. İnşallah, növbəti oyunlar daha yaxşı çıxış edərik.
- Komanda ilk hissə daha yaxşı oynadı, hətta hesabda önə çıxdı. Sizcə, bunun davamın gətirməyə nə mane oldu?
- Futbolda nəticələr səhvlərdən yaranır. Səhv etdik və qapımızda qol gördük. Bizim də yaxşı imkanlarımız oldu, amma istifadə edə bilmədik. Heyətimiz də kasaddır. Ehtiyatda oyunu gücləndirmək üçün meydana çıxmağa oyunçumuz yoxdur.
- Bu rəqiblər arasında oyunlar hər zaman baxımlı alınır. Çünki hər iki kollektiv də hücum futboluna üstünlük verir. Sirr deyilsə, “Qarabağ” kimi güclü rəqiblə oyunlarda nəticəni daha çox düşünürsüz, yoxsa baxımlı oyunu?
- İlk gündən baxımlı futbolun tərəfdarıyıq. Ancaq futbol nəticəyə görə oynanır. Nəticə vacibdir. Darıxdırıcı oyunla nəticə istəməsək də, vacib olduğunu bildirməliyəm.
- Komandanız həm Premyer Liqada, həm Ölkə Kubokunda avrokuboklara getmək mübarizəsini davam etdirir. Hanıs cəbhədə şansınızı daha yüksək hesab edirsiniz?
- Hər iki "cəbhə"də də şanslarımız var. Əlimizdən gələni edirik ki, avrokuboklara vəsiqə qazanaq.
- Bu gün də “Qəbələ”nin ifasında baxımlı oyuna şahid olduq. Ancaq, yenə qol imkanları qaçırıldı. Mövsümün sonu hücum xəttinə yeni transferlərin edilməsi planda var?
- Yay fasiləsi haqqında danışmaq hələ tezdir. Bizimlə müqaviləsi bitən futbolçularımız var. Məşqçilər korpusu öz seçimin edəcək. Yəni dəyişiklər olacaq. Amma indidən bu barədə danışmaq çox tezdir.
XANOĞLAN İMANOV