"Məni kluba bu adam gətirib, orada qalmağım düz olmazdı"

26 Fevral 2023 14:00 Müsahibə 876
"Məni kluba bu adam gətirib, orada qalmağım düz olmazdı"

Sentyabrda “Ximki”nin U-19 komandasına baş məşqçi təyin olunan Nazim Süleymanov çox keçmədən “Ximki-2”nin sükanı arxasına keçdi.

Artıq xeyli vaxtdır ötənlərin məşhur futbolçusu ilə söhbətləşməyə, Rusiyadakı durumu, komandasındakı vəziyyətlə bağlı müsahibə götürməyə cəhd etsək də, Süleymanov mətbuatdan uzaq durmağı üstün tutur.

Küskünlükdür, ya nədir, özü bilər. Hər halda jurnalistlərdən hansısa məqamda incik düşməsi bu yol seçməsində əsas rol oynayıb.

Belədə həm əvvəlki, həm də indiki komandasında köməkçisi olan Emin Ağayevlə əlaqə saxladıq. Təcrübəli mütəxəssis Sportinfo.az-ın suallarını məmnuniyyətlə cavablandırdı.

- Nazim Süleymanov zənglərə, mesajlara cavab vermir. Nəylə bağlıdır, bilirsiz?

- Nazim müəllim baş məşqçidir, yaşda da məndən böyükdür. Bu, onun qərarıdır. “Niyə danışmırsız” soruşmağım düzgün olmaz. Hər kəsin qərarına hörmətlə yanaşmalıyıq.

- Aydındır. Yeni komandada işləriniz necə gedir?

- İş çoxdur. “Ximki-2”yə keçsək də, U-19 da bizdə idi. İki gün əvvəl yeni baş məşqçi təyinatı oldu və ora ilə üzülüşdük. İki həftədir iki komandayla hazırlıq keçirdik, seçimlər edirdik, yoldaşlıq görüşləri keçirirdik. Yaxın günlərdə Krımska təlim-məşq toplanışına yollanacağıq. Görməli olduğumuz iş çoxdur.

- “Ximki-2”yə təyinatınız nə dərəcədə gözlənilməz oldu?

- Açığı, gözləmirdik. Toplanışa U-19-la başlamışdıq, ötənilki heyətdən cəmi 4 nəfər qalmışdı. Təsəvvür edin, 112 nəfərin arasından seçim edirdik, növbəti mövsümlə bağlı planlarımızı qururduq. 24 nəfər seçdik, məşqlərə başladıq və belə bir anda “Ximki-2” ilə bağlı təklif aldıq.

- Dəyişikliyin səbəbi nə idi?

- Ötən mövsüm “Ximki-2”nin qarşısına “6-lığ”a vəsiqə qazanmaq hədəfi qoyulmuşdu. Komanda tapşırığın öhdəsindən gələ bilmədi deyə, rəhbərlik baş məşqçi ilə yolları ayırmaq qərarına gəldi. Ardınca da bizə təklif olundu.

- Bəs, sizin qarşınıza hansı hədəf qoyulub?

- İlk növbədə Premyer Liqada mübarizə aparan komandaya futbolçular hazırlamalıyıq. Qarşıda duran əsas məqsəd budur. Üstəlik, 2005 və daha aşağı təvəllüdlü futbolçuları “Ximki-2”yə cəlb edib, oyun təcrübəsi qazandırmalıyıq.

- Bildiyimə görə, Nazim Süleymanovun “Ximki-2”yə təyinatından sonra rəhbərlik U-19-u sizə tapşırıb. Lakin Nazim müəllim israrla sizi yanında görmək istədiyini bildirib.

- Doğru məlumatdır. Belə bir söhbət olmuşdu. Sadəcə, futbolda yazılmayan qanunlar var ki, onlara əməl etməlisən. Məni “Ximki”yə Nazim Süleymanov dəvət etmişdi. Düzdür, həmin vaxt başqa akademiyada yeniyetmələrlə işləyirdim. Amma təklif Nazim müəllimdən oldu deyə, düşünmədən razılaşdım. Yəni məni “Ximki”yə bu adam gətirib. Ona görə də U-19-u mənə tapşırmaq istəyəndə Nazim müəllimin yanında olmağı üstün tutdum.

- Sadiqlik göstərdiz.

- Orda qalmağım doğru olmazdı. Nazim müəllimin yanında olmalıydım deyə, bu gün burdayam.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"