
“Səbail” Premyer Liqanın 23-cü turunu məğlubiyyətlə başa vurdu.
“Neftçi”nin qonağı olan Bayıl təmsilçisi rəqibinə darmadağınla (0:3) uduzdu.
Yeni transfer Matiya Lyuyiç də qarşılaşmanın iştirakçılarından oldu. Ötən tur “Zirə” önündə 14 dəqiqə meydanda olan serbiyalı bu dəfə ikinci 45 dəqiqəni bütünlüklə meydanda keçirdi.
Sportinfo.az-a müsahibə verən 29 yaşlı yarımmüdafiəçi yeni komandasının və özünün durumundan söz açıb.
- Yeni komandanda ikinci oyununu keçirdin. Təəssüratların necədir?
- Yaxşı oyun göstərdik, amma asan qollar buraxdıq. Bu oyunu unudub, növbəti oyunu gözləyirik
- Hər iki halda da ikinci yarı meydana çıxmısan. 90 dəqiqə oynamağa hazır deyilsən?
- Cəmi 10 gün əvvəl komandaya gəlmişəm. Futbolda bir az fərqlidir. Yeni komandaya gəlmisənsə, uyğunlaşmaq üçün bir neçə gün mütləq lazımdır
- "Səbail" hazırda sonuncu pillədə qərar tutur. Bu yerdən uzaqlaşmağa gücünüz yetəcək?
- Yuxarı qalxmaq üçün hər şeyi edəcəyik, çünki bu mövqedə olmağa layiq deyilik.
- Nəyə əsasən sonuncu pillədə olmağı özünüzə yaraşdırmırsınız?
- Oyunlarda və məşqlərdə gördüklərimə əsaslanaraq daha çoxuna layiq olduğumuzu düşünürəm.
- Bəs, sonuncu pillədə qərar tutan kluba gəlmək qərarın necə verdin?
- Burada oynayan Serbiya və Monteneqrodan olan oyunçular ilə danışdım. Onlar mənə klub haqqında yaxşı olan hər şeyi söylədilər. Yalnız bundan sonra icarəyə gəlmək üçün addım atdım.
- Gördüklərin eşitdiklərinlə üst-üstə düşdümü?
- Bəli, mənə deyilənlərin doğru olduğunu görürəm. Klubda olan hər kəs kömək etməyə çalışır. Klub daxilində yaxşı atmosfer var.
XANOĞLAN İMANOV