“Neftçi”nin “transfer bomba”sı: “Ailəm üçün darıxırdım, qayıtmaq istəyirdim”

20 Fevral 2023 20:20 Müsahibə 3 331
“Neftçi”nin “transfer bomba”sı: “Ailəm üçün darıxırdım, qayıtmaq istəyirdim”

O, karyerası ərzində Belçika, Almaniya, Qətər, İngiltərə və İsveçrədə çıxış etsə də, ilk və yeganə ölkə çempionluğunu Azərbaycanda qazanıb.

Söhbət bir zamanlar “Neftçi”yə transferi ilə böyük ajiotaja səbəb olmuş Belçika millisinin sabiq futbolçusu Emil Mpenzadan gedir.

Sabiq hücumçu karyerasına 1995-ci ildə ölkəsi Belçikanın “Kortriyk” klubunda başlayıb. “Muskron” və “Standard”da da çıxış edən keçmiş hücumçu ardından legioner həyatı yaşamağa başlayıb.

Əvvəlcə Almaniyada “Şalke” və “Hamburq”da oynayan Mpenza bir il Qətərin “Ər-Rayyan” klubunda çıxış etdikdən sonra karyerasında pik həddə yüksəlib.

Onun budəfəki dayanacağı İngiltərə olub. 2007-2009-cu illərdə “Mançester Siti” və “Plimut”un şərəfini qoruyan Belçika millisinin sabiq forvardı 2010-cu ilin yayında İsveçrə təmsilçisi “Sion”dan “Neftçi”yə keçib.

2010/2011 mövsümündə Arif Əsədovun rəhbərliyi altında Premyer Liqada keçirdiyi 23 oyunda 6 qol vuran Mpenza üçün növbəti mövsüm uğursuz alınıb.

Baş məşqçi postuna gətirilən Böyükağa Hacıyev ona çox şans verməyib. Cəmi 8 matçda iştirak edən belçikalı mövsümün sonunu gözləmədən Azərbaycanı tərk edib.

2013/2014 mövsümünü ölkəsinin aşağı liqa təmsilçisi “Endraxt Aalst” klubunda keçirən ulduz futbolçu 36 yaşında karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, Emil Mpenza “report”a müsahibəsində “Neftçi”də keçirdiyi dönəmi xatırlayıb, eyni zamanda “Qarabağ”ın UEFA Konfrans Liqasında “Gent”, Azərbaycan millisinin isə AVRO-2024-ün seçmə mərhələsində Belçika önündə şanslarını dəyərləndirib.

- 2010-cu ildə “Neftçi”yə keçidiniz Azərbaycanda böyük səs-küyə səbəb olmuşdu. Maraqlıdır, “Neftçi”yə transfer barədə qərarı qəbul etməyinizə nə səbəb olmuşdu?

- Müxtəlif ölkələrin klublarında çıxış etmişdim. Bildiyiniz kimi, zədələrlə əlaqədar böyük futbol ölkələrində axıra qədər qala bilmədim. “Sion”da oynayarkən “Neftçi” variantı ortaya çıxdı. Yeni ölkə, fərqli çempionat mənə cəlbedici gəldi. Həm də yenidən forma yığıb daha güclü liqaya keçməyi hədəfləyirdim. Halbuki “Sion”da uğurlu mövsüm keçirmişdim və qalmağımı istəyirdilər. İsveçrə klubu ilə müqavilə davam etsə də, rəhbərliyin münasibəti ürəyimcə deyildi. Buna görə “Neftçi”nin təklifini qəbul etdim.

- “Neftçi”də olarkən “Mançester Siti”dəki parlaq Mpenzanı izləyə bilmədik. Azərbaycana uyğunlaşma problemi yaşadınız?

- “Neftçi”də ilk vaxtlar hər şey yaxşı idi, oynadıqca forma yığırdım. Bəzi görüşlərdə vacib qol da vurdum. Təkcə hücumda deyil, cinahda və ikinci hücumçu mövqeyində də oynayırdım. Zədələndikdən sonra komandada baş məşqçi dəyişikliyi oldu. Yeni baş məşqçi nədənsə mənə əsas heyətdə şans verməməyə başladı. Halbuki zədəmi sağaltdıqdan sonra normal qaydada məşqlərimi edirdim. Baş məşqçi isə məni ehtiyatda saxladı. Səbəbini izah da etmədi. “Neftçi” rəhbərliyinin mənə qarşı münasibəti çox yaxşı idi. Ancaq oynamadığım yerdə çox qala bilməzdim.

- Karyeranızın Azərbaycan dönəmi sizin üçün məyusedici alındı?

- Azərbaycanı çox bəyəndim, inkişaf edən gözəl ölkədir. Ancaq futbol komponentləri ürəyimcə olmadı. “Neftçi” karyeramın heç də yaxşı dönəmi kimi yaddaşımda qalmayıb. Bu barədə çox danışıb xatırlamaq istəmirəm. Amma orada baş məşqçi dəyişikliyindən sonra, həqiqətən də, işlərim pisə doğru getdi.

- Azərbaycan çempionatının səviyyəsi də ürəyinizcə olmadı?

- Əslində, Azərbaycan çempionatında gərgin mübarizə gedirdi. “Neftçi” və “Qarabağ” həmin vaxt da əsas rəqiblər sayılırdılar. Onlarla yanaşı, başqa 1-2 komanda da çempionluğa oynayırdı. Liqanın səviyyəsi heç də aşağı deyildi. Məsələn, həmin vaxtkı “Neftçi” Belçika çempionatında mübarizə apara biləcək gücdə idi. Onları Azərbaycanın “Anderlext”i hesab edirdim.

- “Neftçi”dən ayrıldıqdan sonra uzun müddət klubsuz qalmağınız nə ilə bağlı idi?

- Həmin vaxt Çin, Qətər və Türkiyədən təkliflərim var idi. Hətta Belçikada oynamaq variantı da yaranmışdı. Lakin bəzilərindən konkret təklif gəlmədi, bəziləri ilə isə maddi məsələdə ortaq məxrəcə gələ bilmədik. Düzü, hələ “Neftçi”də olarkən ailəm üçün darıxırdım. Ona görə Belçikaya qayıtmaq istəyirdim.

- Azərbaycanı bəyəndiyinizi dediniz. Burada sizi təəccübləndirən məqamlar hansılar idi?

- Orada insanlar çox mehriban idilər. Həmişə kömək etməyə çalışırdılar. Bəzən şəhərdə gəzəndə yaxınlaşıb şəkil çəkdirirdilər. Rahat, təhlükəsiz gəzə bilirdim. Bakını, yerli mentaliteti bəyənirdim. Yeganə xoşuma gəlməyən tıxaclar idi. Hətta bəzən sürücülər qırmızı işığa da məhəl qoymurdular.

- “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Belçika klubu “Gent” üzərində 1:0 hesablı qələbə qazandı. Həmin görüşü izləyə bildiniz?

- Bəli, matça baxdım. Açığı, “Qarabağ” məni təəccübləndirdi. Onlardan belə performans gözləmirdim. Fikrimcə, layiqli qələbə qazandılar. Hətta deyərdim ki, 1-2 epizodda “Gent”in bəxti gətirdi.

- Fevralın 23-də Gentdə baş tutacaq cavab qarşılaşmasından nə gözləyirsiniz?

- Səfərdə uduzmasına baxmayaraq, “Gent”i favorit sayıram. Əminəm ki, həmyerlilərim doğma azarkeşləri önündə sona qədər vuruşacaqlar. Bu dəfə “Qarabağ”ı çox çətin oyun gözləyir.

- AVRO-2024-ün seçmə mərhələsində də Azərbaycan və Belçika yığmaları eyni qrupda yer alıblar. Yığmamızın Belçika önündə şanslarını necə görürsünüz?

- Azərbaycan millisinin oyununa baxmadığım üçün hansı səviyyədə olduğunu deyə bilmərəm. Amma fikrimcə, Belçika heç də pis qupa düşməyib. Burada İsveç və Avstriya yığmamızla mübarizə apara bilər. Belçika ilə Azərbaycan futbolunu milli səviyyədə müqayisə etmək doğru olmaz. Düzdür, komandanız seçmə mərhələlərdə hərdən sürpriz edə bilir. Lakin bunun millimizə qarşı baş verməsini real saymıram. Məncə, Azərbaycan yığmasının Belçika önündə heç bir şansı yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!