Mahir sükutu ŞOK İDDİA ilə pozdu: "Bu komandada oynamamağımın səbəbi mən deyiləm"

15 Fevral 2023 00:40 Müsahibə 1 721
Mahir sükutu ŞOK İDDİA ilə pozdu: "Bu komandada oynamamağımın səbəbi mən deyiləm"

Azərbaycan millisinin hücumçusu Mahir Emreli qış transfer dönəmində klubunu dəyişərək, Zaqreb “Dinamo”sundan Türkiyə Super Liqası təmsilçisi “Konyaspor”a keçib.

26 yaşlı hücumçu Konya klubu ilə hələlik mövsümün sonuna qədər icarə əsasında anlaşsa da, tərəflər müqavilənin müddətini uzada bilərlər.

Sportinfo.az xəbər verir ki, “report”a müsahibə verən Mahir Emreli transferi, yeni klubu və gələcək hədəfləri haqqında danışıb.

- Türkiyə təmsilçisinə keçidinizlə bağlı təəssüratlarınız necədir?
- "Konyaspor"a keçidimi uğurlu addım sayıram. Ümid edirəm ki, hər iki tərəf üçün xeyirli olacaq. İlk təəssüratlarım yaxşıdır. Hələ tam olaraq komanda ilə məşqlərə başlamamışam. Sabah hazırlığa qoşulacağam. İnanıram ki, hər iki tərəf üçün gözəl nəticələr olacaq.

- Artıq neçə gündür ki, qardaş ölkədəsiniz. Sizi necə qarşıladılar?
- İki gündür buradayam. Heyət, məşqçilər korpusu və rəhbərlik məni çox gözəl qarşıladı. Özümü ölkəmdəki kimi hiss edirəm. Bu baxımdan çox rahatam və heç bir problem yoxdur.

- Türkiyədə dəhşətli zəlzələ baş verib. Ölkədə və Konyada hazırkı durum necədir?
- Vəziyyət elə də yaxşı deyil. İnsanlar üzgündürlər. Futbol bizim işimizdir. Məcbur olduğumuz üçün işləməliyik. Amma hər birimiz onlara görə məyusuq. Sözün düzü, bu şərtlər altında məşq etmək və oyunlara çıxmaq ağır olacaq. Lakin işimizi düzgün yerinə yetirməyə çalışacağıq. Ümid edirəm ki, tez bir zamanda hər şey düzələr və insalar yenidən gülməyə başlayar. Amma hələ ki, vəziyyət ağırdır.

- "Dinamo"da müxtəlif səbəblərdən çox oynaya bilmirdiniz. "Konyaspor"da yenidən özünüzü sübut edəcəyinizə inanırsınızmı?
- Bu komandada oynamamağımın səbəbi mən deyiləm. Bunu ilk dəfə rahat deyə bilərəm. Həqiqətən mən tərəfdən heç vaxt problem olmayıb. Sadəcə, baş məşqçinin qərarı belə olub. Amma yenə də deyəcək bir sözüm yoxdur. "Konyaspor"a faydalı olmağa çalışacağam. Bunu bacarsam, özüm də uğur əldə edəcəyəm. Bütün fikrimi buraya yönəltmişəm və klub olaraq böyük nailiyyətlərə imza atmaq niyyətindəyik. Ümid edirəm ki, mən də bu uğurların bir parçası olacağam.

- Superliqada mövsümün sonunadək neçə qol vurmağı hədəfləyirsiniz?
- Qarşıma bununla bağlı hansısa hədəf qoymamışam. Komandama faydalı olmaq istəyirəm. Bu şəkildə irəliləmək niyyətindəyəm. Oynamaq üçün çox darıxmışam və özümü hazır hiss edirəm. Klubum üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam.

- Orada qalıb karyeranı davam etdirmək, yoxsa mövsümün sonunda "Dinamo"ya qayıtmaq istəyirsiniz?
- Düşünürəm ki, bu barədə danışmaq tezdir. Hazırda Konyadayam və bütün diqqətimi komandama vermişəm. Uğur qazandıqdan sonra digər məsələlərə qayıda bilərik.

Digər Xəbərlər
Xəbər Lenti