Tərlan Əhmədov istefaya göndərilir? - Klubun birinci şəxsi "Sportinfo"ya açıqladı

12 Fevral 2023 13:00 Müsahibə 1 167
Tərlan Əhmədov istefaya göndərilir? - Klubun birinci şəxsi "Sportinfo"ya açıqladı

“Turan Tovuz”la “Kəpəz” arasında baş tutan oyundan sonra qonaq komandanın rəhbər şəxslərinin əhvalı yerində deyildi.

Gəncəlilərin əzəli rəqibinə 0:2 hesabı ilə məğlub olması normal olaraq klubun İdarə Heyətinin sədri İlqar Nadirinin kefinə “soğan doğramışdı”.

Buna baxmayaraq, İlqar bəy Sportinfo.az-ın suallarını cavablandırmağa etiraz etmədi.

- Məğlubiyyətlə bağlı fikirlərinizi eşitmək maraqlıdır.

- Qərb derbisinin özünəməxsus tarixi var. “Turan Tovuz”la “Kəpəz”in oyunları Azərbaycan futbolunun bəzəklərindən sayılır. Bunları nəzərə alıb Tovuza qələbə qazanmaq üçün gəlmişdik. İkinci “5-lik”də qərarlaşan komandaların xalları bir-birinə yaxındır. Ona görə də həmin rəqiblərin oyunları 6 xallıq hesab olunur. Təəssüf ki, yekun nəticə bizi qane etmədi.

- Azarkeşlər matçın sonuna yaxın bir neçə dəfə “Tərlan, istefa” şüarını səsləndirdi. Münasibətiniz necədir?

- Nəticə xoş olmayanda azarkeşlərin bu cür davranması normaldır. Baş məşqçini və ya klub rəhbərliyini istefaya səsləmələri normaldır. Onlar bu cür havada Tovuza gəlib 90 dəqiqə azarkeşlik edirlərsə, məğlubiyyəti qəbul etmirlər. Xüsusən də bəzi rəqiblərə qarşı oyunlarda yenilgi onlar üçün qəbul edilməzdir. Buna görə də azarkeşlərin narazılığını başa düşürəm.

- Klubun İdarə Heyətinin sədri olaraq Tərlan Əhmədovun işini və bugünkü nəticəni necə qəbul edirsiz?

- “Turan Tovuz”a uduzmağımızla bağlı xüsusi nəsə demək istəmirəm. İçi baş məşqçi qarışıq heç kim məğlub olmaq istəmirdi. Amma futbolda bu cür hallar olur. İki səhvə yol verdik, rəqib də bundan maksimum yararlandı.

- Baş məşqçi postunda qalacaq?

- Hələ ki, işinə davam edir. Bir oyuna görə nəsə demək, qərar vermək düzgün olmaz. Baş məşqçini və futbolçuları gətirmişiksə, onlara inanırıq.

- “Turan Tovuz” titul sponsorla müqavilə imzaladı. “Kəpəz”də bu məsələ ilə bağlı hansısa yenilik var?

- Bu, Tovuz futbolu üçün xoş hadisədir. Həm də bu günün özəlliyi var. Həm yeni sponsorla müqavilə bağladılar, həm də vacib 3 xal əldə etdilər. Onlara xeyirli-uğurlu olsun deyirik. İnanırıq ki, yaxın vaxtlarda “Kəpəz” üçün də sponsor tapılar.

- Klubda əsas söz sahibi olaraq sponsorların tapılması yönündə hansı addımları atırsız?

- Klubun İdarə Heyəti ilə bu barədə mütəmadi söhbətlərimiz olur, görüşlər keçiririk. Bəzən ev oyunlarımıza iş adamlarını dəvət edirik. Bəzən maraq göstərib gəlirlər, bəzən futbolun onların maraq dairəsində olmadıqlarını söyləyirlər. Klubun iştirakı və uğur qazanması üçün maliyyə dayanıqlığı yaxşı olmalıdır.

- Son çempion “Qarabağ”la qarşılaşmadakı heç-heçəyə görə məşqçi və futbolçu heyətinə mükafat verildi?

- “Qarabağ”la oyunda uşaqlar əziyyət çəkmişdi. Güclü rəqibə qarşı sona qədər mübarizə apardılar. Ona görə də mükafat oldu.

- Verilib, yoxsa veriləcək?

- Bəli-bəli. Mükafat təyin olunanda çalışırıq ki, onu qısa zamanda verək. Çünki bu, növbəti oyunlar üçün stimul rolunu oynayır. “Turan Tovuz”la matçdan əvvəl mükafatlar paylanıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!