"Futbolun sayəsində özümə yaxşı həyat, şərait qurdum"

1 Fevral 2023 21:00 Müsahibə 1 383
"Futbolun sayəsində özümə yaxşı həyat, şərait qurdum"

Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev 16 illik peşəkar futbolçu karyerasını başa vurdu.

Premyer Liqada 2006-cı ildə, 17 yaşında debüt edən ucaboy forvard sevib-seçdiyi sənətlə 33 yaşında Birinci Divizionda mübarizə aparan “Kəpəz-2”də vidalaşdı.

Rauf ölkə futbol tarixində bütün imkanları klubların sıralarında olmuş yeganə futbolçudur.

Harada pul və iddia olubsa, Əliyev ora getməyə razılıq verib: “Qarabağ”, “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” (indiki “Şamaxı”).

Birvaxtlar Azərbaycan yığmasının əvəzolunmaz hücumçularından hesab olunan veteran futbolçu ilə səmimi söhbət çoxdankı planlarıma daxil olsa da, karyerasını başa vurması ilə bağlı verdiyi qərar yerinə düşdü.

Odur ki, Raufla təxminən yarım saatı əhatə edən söhbətdə karyerasına nəzər salıb çoxlarını maraqlandıran suallara cavab tapmağa çalışdım. Bəzi sualların cavabında “kartları açmaq” istəmədi. Amma yenə də hansısa məsələlərə aydınlıq gətirdi.

-Karyeranı ağır zədəyə görə 33 yaşında başa vurdun?

- Bəli, sırf zədəyə görə. Yanvarın ortasında Gəncəyə gedib “Kəpəz-2”də məşqlərə başladım. 1-2 məşqə çıxandan sonra şiddətli ağrılar hiss etdim ayağımda. Dizimdə əvvəldən xroniki zədə var idi, amma bu cür ağrı olmurdu. Hamı bilirdi ki, illərdir iynə gücünə çıxıb oynayırdım. Nə idisə, son vaxtlar iynə də təsir etmirdi. Həkim dedi, risk etməklə şikəst ola bilərsən. Yaya kimi özümə əziyyət vermədən oynaya bilərdim. Sadəcə, yola vermək istəmədim.

- “Kəpəz” təzminat məsələsində necə davrandı? 6 aylıq maaşın 4 ayını verdi?

- Elədir.

- Xroniki zədə nə vaxtdan var idi?

- 2017-ci ildə “İnter”də (indiki “Şamaxı”) oynayanda əməliyyat olundum. Əməliyyatdan sonra hər şey qaydasındaydı, məşq edirdim, oynayırdım, ağrı-filan yox idi. 2020-ci ildə pandemiya başladı deyə, çempionat martda yarımçıq dayandırıldı. Həmin vaxt martdan iyuna qədər demək olar evdən bayıra çıxmadıq. Halbuki əməliyyatdan sonra ayağımı işlətməliydim, yüngül məşqlər etməliydim. Səhlənkarlıq edib evdə olsa belə, məşq etmədim. Onsuz da karyeram boyu çox işləyən olmamışam.

- Evdə məşq etmədiyinə görə zədə xroniki hal aldı?

- Yadınızdadırsa, 2020-nin iyununda bütün komandalar Qəbələdə hazırlıq keçmək məcburiyyətində qalmışdı. Hazırlığa başlayanda ağır məşqlərdən sonra şiddətli ağrllar hiss etməyə başladım. Bakıya gəldik, müayinə olundum və məlum oldu ki, sümük sümüyü “yeyir”. Ondan sonra bu cür davam etdi və indiki hala düşdüm.

- Vaxtında niyə üstünə düşmədin?

- Elə zədəydi ki, əməliyyatdan sonra 1 il futbolsuz qalmalıydım. Qayıdandan sonra da oynayıb-oynamayacağım sual altına düşəcəkdi.

- Sağlamlığını futbola, pula qurban verdin deyə bilərik.

- Dediyim kimi, səhlənkarlıq etdim.

- Topla birdəfəlik vidalaşdın, yoxsa bəzi veteran futbolçular kimi həvəskarlar liqasında oynayacaqsan?

- Yox, oralar mənlik deyil. Arada dostlarla yığışıb oynayırıq onsuz da. Bəlkə də dostlarla oynayaram. İndiki durumda ayaqlarıma güc vermək, yüklənmək olmaz.

- 15-16 illik futbolçu karyeranda Allahdan başqa “çox sağ ol” demək istədiyin adam kimdir?

- Bir yox, bir neçə nəfər var.

- Bir nəfəri seçməli olsan?

- Çətin sualdır. Klubda və millidə özümü göstərmək imkanı yaradan adamların adlarını çəkə bilərəm.

- Qurban Qurbanovla Berti Foqts?

- “Qarabağ”da Qurban müəllimdən əvvəl debüt etmişdim. Amma uğurlu dönəmim onun rəhbərliyi altında oynadığım vaxta təsadüf etdi. Bəli, karyeramda ilk pillədə dayanan adam odur.

- Futbolda nə qazandın?

- Çox şey.

- Nə?

- Azərbaycan səviyyəsində az-çox tanındım. Son illər ölkədə demək olar yeganə mərkəz hücumçusu idim, daim millidə oynayırdım. Futbolun sayəsində özümə yaxşı həyat, şərait qurdum. Çox sayda dost-tanış qazandım. Futbolu özümə həyat seçdim və peşman olmadım.

- Bəs, futbolda nə qədər qazandın?

- Nə barədə (gülür).

- Pul barəsində.

- Şükür Allaha, bu gün dolanışığım, şəraitim varsa, hamısı futbola görədir.

- Karyeran boyu qazandığın pulların məbləğini hesablamısan? Məsələn, filan il bu qiymətə müqavilə bağladım, filan oyunlarda bu qədər mükafat aldım.

- Yox-yox, o dərəcədə dərinliyə gedən adam deyiləm.

- 15-16 ildəki qazancın 3 milyon manatdan çox olar hər halda.

- (gülür) Bilmirəm, həqiqətən bilmirəm. Hesablamamışam heç vaxt.

- Qazandığın pullarla nə etmisən?

- Dediyim kimi, özümə həyat, şərait qurmuşam, yaxınlarımın dolanışığını təmin etmişəm, çalışmışam doğmalarıma kömək edim.

- Nə biznesin var?

- Yox, biznes mənlik deyil. Özümü biznesdə görmürəm, o sahədən uzaq adamam.

- Bəs, qazandıqlarını nəyə, hara yatırım etmisən?

- 1-2 şey var da (gülür).

- Nədir o 1-2 şey?

- (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti