Uzun illərdən sonra bərpa olunan klubun rəhbər şəxsi hər şeyi “Sportinfo”ya danışdı

10 Fevral 2023 21:00 Müsahibə 1 329
Uzun illərdən sonra bərpa olunan klubun rəhbər şəxsi hər şeyi “Sportinfo”ya  danışdı

Azərbaycanda 18 öncə bağlanmış klub fəaliyyətini bərpa edib.

Söhbət “Şəfa”dan gedir.

“Şəfa” 1997-ci ildə Bakı şəhərində yaradılıb. Müxtəlif vaxtlarda “U-18” və “Şəfa” adları ilə 8 dəfə yüksək liqada iştirak edib.

2001-ci ildə Azərbaycan Kubokunun qalibi olub. Həmin ildə UEFA Kubokunda mübarizə aparıb.

Artıq “Şəfa” fəaliyyətini yeni imicdə, yeni loqo və konseptdə davam etdirəcək.

2005-ci ildə tarixin yaddaşına qovuşan klubun 18 ildən sonra bərpa olunmasını hər nə qədər xoş hadisə kimi qiymətləndirsək də, ortaya bəzi suallar çıxır.

Həmin suallara cavab tapmaq üçün klubun əlaqələndiricisi Tural Rzayevlə əlaqə saxladıq.

- Öncə addan başlayaq. Klub “Şəfa”nın hüquqi varisi kimi fəaliyyət göstərəcəksə, niyə sosial şəbəkə hesablarında və bannerlərdə “Shafa” yazılır?

- Normalda klubun adı bildiyimiz “Şəfa”dır. Sadəcə, klubun gələcək hədəflərində beynəlxalq turnirlərdə iştirak planı əsas yer tutur deyə, əcnəbilərin sosial şəbəkə hesablarında axtarış zamanı çətinlik çəkməməsi və rahat tanıtım üçün “Shafa” adı seçilib. Klubun yeni davamçılarından biri ABŞ-da yaşayır və 2026-cı ildə bu ölkədə dünya çempionatı keçiriləcək. Belədə klubumuzun adı Birləşmiş Ştatlarda daha çox tanınacaq. Ölkədaxili yarışlar üçün loqoda ad “Şəfa” olacaq, beynəlxalq turnirlərdə “Shafa” yazılacaq.

- Yeni klub əvvəlki “Şəfa”nın hüquqi varisi olacaq?

- Belə olmasını istəyirik və bunun üçün lazım olan işləri görməkdəyik. Artıq rəhbərlik səviyyəsində “Şəfa”nın yaradıcısı, sabiq AFFA prezidenti, rəhmətlik Fuad Musayevin ailə üzvləri və yaxınları ilə görüş baş tutub. Onlar bu addımı dəstəkləyərək “Şəfa”nı yenidən futbol meydanlarında görməkdən məmnun olacaqlarını bildiriblər. Təsisçilərdən biri İslam Kərimov olub. Onunla da görüş keçirilib və İslam müəllim ikiəlli razılıq verib, hər cür köməklik göstərə biləcəyini deyib. Dünən komandanın ovaxtkı baş məşqçisi Əsgər Abdullayevlə şəxsən görüşdüm. Gələcək planlarımızla tanış olub hədəflərimizi eşidəndən sonra ağır yükün altına girdiyimizi söylədi. Bununla yanaşı, işimizdə uğurlar arzuladı və halallıq verdi. Növbədə Vaqif Sadıqovdur.

- O vaxt klubda vitse-prezident postunda idi.

- Bəli-bəli. Vaqif müəllim “Şəfa”nın vitse-prezidenti olub, hazırda AFFA-da həmin vəzifəni daşımaqla yanaşı, İcraiyyə Komitəsinin üzvüdür. Əslində Vaqif müəllimlə görüşmək istəyirdik. Səhhətində problem olduğu üçün indiki məqamda Əsgər Abdullayevlə görüşməyimizi tövsiyə etdi.

- “Şəfa”nın möhürü kimdədir?

- Klubun möhürü MMC olaraq artıq yeni davamçılardadır.

- Ovaxtkı möhürü soruşuram.

- Hazırda yeni möhür alınıb. Burada vacib nüans var ki, onu deməliyəm. “Şəfa” 1998-ci ildə yaradılaraq 2005-ci ildə fəaliyyətini dayandırıb. Bugünkü loqoda 1998 rəqəmini əks etdirmək üçün Ədliyyə Nazirliyinə müraciət olunmalıdır. Artıq hüquqşünaslar bu məsələ ilə məşğul olur. Bu işdə klubun yaradıcıları və yaranmasında zəhməti keçənlərin razılığı alınmalıdır. Onlar böyük həvəslə razılıq verir, yanımızda olduqlarını bildirirlər. Rəsmi olaraq özlərindən təsdiq alınıb, qalır nazirliyin təsdiq etməsi. Nazirlik qərar verəndən sonra artıq rəsmi fəaliyyətə start veriləcək.

- Nə vaxt?

- Fevralın 15-də aşağı yaş qruplarından ibarət komandalar məşqlərə başlayacaq.

- Klubda neçə yaş qrupundan ibarət komanda olacaq?

- Növbəti mövsümdə çempionatlarda iştirak etmək üçün AFFA-da aidiyyatı şəxslərlə görüşüm olub. İmkanlarımızı və planlarımızı bildirdim, sağ olsunlar, lazım olan dəstəyin veriləcəyini dedilər. U-9, U-10, U-11, U-12, U-13 və U-14 komandalarımız növbəti mövsümdən etibarən müvafiq yaş qruplarından ibarət çempionatlarda iştirak etməlidir. Bu gün üçün 6 yaş qrupu ilə fəaliyyətə başlayırıq, inşallah, 2024-cü ildə U-15 komandası da yaradılacaq və çempionata qatılacaq. Növbəti il üçün “Şəfa”nın Region Liqasında çıxış etməsi də qarşımızda duran əsas hədəfdir.

- Məşq və oyunlar üçün stadionlar müəyyənləşib?

- Əsas məqsədimiz ovaxtkı adı “Şəfa”, indiki adı “ASK Arena” olan stadionda yer götürməkdir. Artıq həmin stadionda rəhbərlik üçün ofis icarələnib. Qarşıdakı aylarda əsas meydançanı da icarəyə götürmək niyyətimiz var. Artıq bu barədə danışıq olub və razılıq əldə olunub. Məqsədimiz “Şəfa”nın “ev”i olan stadiona qayıtmaqdır. Digər meydançalarla da razılıq əldə etmişik.

- Hansılardır?

- Abşeron Olimpiya İdman Kompleksinin böyük meydançasından yararlanacağıq. Burada təxminən 50-60 uşaq futbolla məşğul olacaq. Bununla yanaşı, Xırdalanda və Masazırdakı “Hədəf” litseyinin süni örtüklü meydançasında da akademiyanın uşaqları futbolun sirlərinə yiyələnəcək. “Hədəf” litseyində uşaqlar üçün hər cür şərait yaradılıb.

- “Şəfa” Region Liqasındakı ev oyunlarını “ASK Arena”da keçirəcək?

- Bu gün üçün hədəfimiz, dediyim kimi, “Şəfa”ya doğma olan, o vaxt “Şəfa” adını daşıyan, indi “ASK Arena” adlanan stadiondur. İlk ildə istədiyimiz cavabı ala bilməsək və ya məşqlərlə oyunlarımız stadionun digər istifadəçilərinin proqramı ilə üst-üstə düşməsə, Abşeron Olimpiya İdman Kompleksinin stadionundan yararlanacağıq.

HƏBİB ASLANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti