“Qarabağ”ı “Neftçi” qədər tanımırlar” – Klublarımız əcnəbilərə nə qədər pul təklif edir?

21 Yanvar 2023 20:00 Müsahibə 1 654
“Qarabağ”ı “Neftçi” qədər tanımırlar” – Klublarımız əcnəbilərə nə qədər pul təklif edir?

Premyer Liqa klubları bu dəfəki qış fasiləsində legioner futbolçuların transferi məsələsində hərəkətli görünmədi.

10 klub üst-üstə 10 futbolçunun keçidini həll edə bilmədi.

Təbii, burada yanvarda səviyyəli futbolçu tapmağın çətinliyi əsas rol oynayır.

Üzücü məqam isə azərbaycanlı futbolçuların 2023-cü ilin ilk ayında xarici klubların diqqətini çəkməməsiydi.

Düzdür, “Qarabağ”dan Musa Qurbanlı ilə Elvin Cəfərquliyev əcnəbi klubların diqqət mərkəzindədir. Lakin bu, hələ ki, ümid olaraq qalır.

Transfer bazarı ilə bağlı suallara cavab tapmaq üçün yanvarın 8-dən Antalyada olan, klubların “bazarlığında” yaxından iştirak edən agent Erkin İbrahimovla danışdıq.

- Klublarımızın transfer bazarında vəziyyət necədir?

- Elə klublar var ki, transfer mövzusunu bağlayıb. Elələri də var hələ də gözləmə mövqeyindədir. Elə bir həssas məqamdır ki, istənilən an hansısa ideal variant yarana bilər. Düzdür, mən bunu işə normal yanaşma kimi qəbul etmirəm. Amma nə etməli, bizdə reallıq budur. Bəzən elə olur ki, bizlərə görə klubların işi ləngiyir. Elə özümün də “Zirə”yə bir legioner borcum var. Futbolçu təklif etdim, təklif gedəndən sonra isə şərtlər dəyişilməyə başladı.

- Klublar futbolçulara daha çox ehtiyac duyur, yoxsa futbolçular klublara?

- Çox və ya az demək çətindir. Klub futbolçu axtarır, futbolçu da klub. İş burasındadır ki, klublar seçim etməkdə, qərar verməkdə çətinlik çəkir. Məsələn, sosial şəbəkədə hansısa kluba hansısa futbolçunu verdiyimi paylaşıram, həmin dəqiqə 20-30 agent və ya futbolçu yazır, xidmətini təklif edir. İndiki vəziyyətdə Antalyada olmaq işimiz üçün rahatdır.

- Denis Marandiçi “Turan Tovuz”a siz verdiniz?

- Bəli.

- Bildiyimə görə, gördüyünüz işin qarşılığında bölgə klubundan komisyon pulu istəməmisiniz.

- Elədir. Ayxan Abbasov hardadırsa, ona kömək etmək borcumdur. Harda işləyibsə, həmişə mənə önəm verib, inanıb. Hətta hansısa futbolçunu gətirmək istəyəndə, futbolu məndən çox bilməsinə baxmayaraq, sağ olsun, fikrimi öyrənir. “Turan Tovuz”un imkanını bilirəm. Ona görə də Denis məsələsində güzəştə getdim.

- Denis də, maşallah, 3 oyunda 2 qol vurdu.

- Hə, bu, çox yaxşı oldu. Məhsuldarlığı yaxşıdır. Baxacam, 5 qol vursa, Ayxan müəllimə deyəcəyəm, mənə də mükafat yazsın (gülür). Hər oyun qol vuracaqsa, agentinə də nəsə çatmalıdır da. Müdafiəçi kimi gətirmişdim, hücumçu çıxdı. Məsəldə deyildiyi kimi, doşab almışıq, bal çıxıb.

- Başqa hansı futbolçuların keçidində rolunuz olub?

- Olub. 1-2 futbolçuyla bağlı məsləhətimi vermişəm, danışıqlarda iştirak etmişəm. Əlaqələrimin geniş olması xeyrimizədir. Elə klublar var ki, baş məşqçisi ilə dostam deyə, futbolçunu komandaya kömək etmək üçün gətirirəm. Bəzən heç qazancım olmur.

- Bu dəfə əcnəbilərin sayı çox azdır. Məsələn, “Sabah”la “Qəbələ” ümumiyyətlə güclənmədi. “Şamaxı” da məlum məsələdir. Digərləri isə, bir, uzağı iki legioner gətirdi.

- Klubların daxili işinə qarışmaq olmur. Hər məşqçinin öz planı, hər klubun öz büdcəsi var. “Qəbələ”nin maddi imkanı olsaydı, bəlkə də gətirərdilər. “Sabah”l deyirsinizsə, heyətləri kifayət qədər zəngindir. O qədər legionerləri var. Xese Rodriges gəlsə, komandanı gücləndirə bilər. Amma indi vəziyyətdə də komplektləşmiş heyətə sahibdirlər. Elə klublar var ki, A variantı axtarır, halbuki, B variantları çantasını yığıb hazır gözləyir. “Gəl” deyən kimi durub gələcək. Məsələn, “Neftçi” elə bir klubdur ki, burada B variantı keçərli deyil. Ya A variantı olmalıdır, ya da heç kim. Söhbət “Neftçi”dən gedirsə, “xalis mal” alınmalıdır. Ona görə də gözləmə mövqeyi tuturlar. Buradakı serblər məndən “Neftçi”nin hansı oteldə məskunlaşdığını, Antalyada olub-olmadığını soruşur. Açığı, “Qarabağ”ı “Neftçi” qədər tanımırlar. Ona görə də “Neftçi”nin adı gələndə, 5 manata oynamağa razı olan futbolçu 10 manat istəyir. Ona görə də heç kimi qınamıram.

-Siyahında gözləmə mövqeyində olan futbolçuların sayı çoxdur?

- Çoxdur, çox. Təlim-məşq toplanışlarına həmişə hazır siyahı ilə gəlirəm. Çempionatın gedişində maraqlanıram, danışıram. Fasilə yaranan kimi işə hbaşlayıram. Siyahıda həmişə 5-10 nəfər olur ki, onlarla mütəmadi əlaqə saxlayıram. Əlaqəm olan futbolçuları klublara təklif etmişəm. Çətin bundan sonra başqa futbolçu variantları çıxa.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti