“Baş məşqçiyə lazım olan məlumatları verirəm” - MÜSAHİBƏ

17 Yanvar 2023 19:40 Müsahibə 788
“Baş məşqçiyə lazım olan məlumatları verirəm” - MÜSAHİBƏ

Premyer Liqa təmsilçilərinin Antalyada olduğu dönəmdə Azərbaycan millisinin məşqçilər heyəti də boş dayanmır.

Baş məşqçi Canni de Byazi ilə əsas köməkçisi Arif Əsədov da xeyli vaxtdır qardaş ölkədədir.

Komandaların məşq və oyunlarını izləyir, gələcəklə bağlı planlar qururlar.

Təlim-məşq toplanışları sona yaxınlaşdığından, Əsədovla söhbətləşməyi məqsədəuyğun saydıq.

Yığmanın məşqçisi Sportinfo.az-a müsahibəsində hazırlıq mərhələsi və milliyə namizəd futbolçularla yanaşı futbolçu və məşqçi oğulları ilə bağlı sualları cavablandırdı.

- Antalya səfəriniz neçə günlük nəzərdə tutulub?

- Yanvarın 11-də gəlmişik, inşallah, oyunlar başa çatandan sonra, yəni ayın 21-də vətənə qayıdacağıq. Canni de Byazi bizdən 2 gün əvvəl gəlmişdi.

- Məşqçilər heyəti tam tərkibdə getmisiz?

- Baş məşqçi, mən və daha bir köməkçi.

- İndiyə qədər neçə oyunu canlı izləmisiz? Hansı komandaların görüşlərində olmusuz?

- Gələn gündən demək olar bütün oyunlara baxmışıq və baxacağıq. Bəzən matçların başlama vaxtı üst-üstə düşür. Belə olduğu halda, bölüşürük. Baş məşqçi birinə gedir, mən digərinə.

- Vaxtilə özünüz də Premyer Liqa klubunda baş məşqçi kimi çalışmısız. Toplanışın müsbət və mənfi tərəfləri haqda fikirlərinizi eşitmək maraqlıdır.

- Müsbət cəhət odur ki, komandalarımız intensiv məşqlərin fonunda güclü rəqiblərlə yoldaşlıq görüşlərində üz-üzə gəlir. Oyunlara baxanda görürük ki, futbolçular ağır məşqlərin yükünü qaldırmasına baxmayaraq, sınaq matçlarında özlərini yaxşı tərəfdən göstərməyə çalışır. Bu mərhələdə ağır təsir bağışlamaları normaldır. Mənfi cəhət kimi havaların yağışlı və küləkli keçməsini göstərə bilərəm. Təxminən 3-4 gün yağan aramsız yağışlar hazırlıqlara müəyyən mənada təsir etdi. Bəzi məşq və oyunlar yarımçıq dayandırılmışdı. Artıq havalar xoş keçir, işlər qaydasındadır. Fikrimcə, məşqçilər istədiyini ala bilir.

-Bu dəfəki toplanışın milli üçün yeni futbolçuların kəşf edilməsi baxımından işə yaradığını deyə bilərik?

- Açığı, burada əsas məqsədimiz komandaların hazırlığını yaxından izləmək, yğmaya namizəd futbolçuların durumunu yaxından görməkdir. Təbii ki, baş məşqçi faktiki və namizəd futbolçuları nəzərdən keçirir, özü üçün götür-qoy edir. Amma ad çəkmək baxımından nəsə demək üçün tezdir.

- Özünüz baş məşqçiyə hansısa yeni futbolçunu məsləhət görmüsüz?

- Təbii, baxdığım oyunlarda özünü yaxşı tərəfdən göstərən futbolçular haqda baş məşqçiyə lazım olan məlumatları verirəm. Seçim imkanımız elə də geniş deyil. Ancaq bəzən özünü yaxşı tərəfdən göstərən gənclər haqda baş məşqçini məlumatlandırırıq.

- Digər ölkələrin klublarında bəzən əslən azərbaycanlı futbolçulara rast gəlmək olur. Bu dəfəki toplanışda Premyer Liqa təmsilçilərindən başqa əcnəbi komandaların oyunlarını izləmisiniz?

- Bu suala ən yaxşı sualı baş məşqçi verə bilər. AFFA-da ölkə xaricində top qovan azərbaycanlı futbolçularla məşğul olan xüsusi nümayəndələr var. Hansısa yenilik olanda bu barədə baş məşqçiyə bilgi verirlər.

- Ümumi planda demirəm. Sadəcə Antalya toplanışında başqa ölkələrdə çıxış edən azərbaycanlı futbolçuları izləyib-izləmədiyinizi bilmək istəyirəm.

- Hazırda elə bir futbolçu yoxdur. Deyim ki, xarici klubda azərbaycanlı futbolçunun oyununa baxmışıq, xeyli, belə bir şey olmayıb. Legionerlərimizdən yalnız Anton Krivotsyuk “Visla Plotsk”la buradadır. Anton baş məşqçinin nəzarətindədir və ara-sıra danışırlar.

- İşiniz ancaq oyunlara baxmaqdır, yoxsa əcnəbi klubların məşqçi və ya rəhbər şəxsləri ilə fikir mübadilələriniz də olur?

- Məskunlaşdığımız oteldə Rusiya klubu “Ufa” qalır. Bəzən bu klubun məşqçiləri ilə söhbət edirik. Buna qədərsə Bolqarıstan “Ludoqorets”i ilə Almaniya “Honnover 96”sı da buradaydı. Həmin klubların rəsmiləri ilə də bəzən ünsiyyətimiz olurdu. Müzakirə və söhbətlər əsasən oteldə, asudə vaxtlarda baş tutur.

- Bu neçə gündə köhnə dostlardan kimlərlə rastlaşmısınız?

- Düzünü desəm, elə bir adam olmayıb. Bizim dostlarımız əsasən Rusiya və Ukrayna klublarında çalışanlardır. Onların sayı da burada elə də çox deyil. Dediyim kimi, yalnız “Ufa”dır, bu klubda işləyənlər mənim üçün yad simalardır. Rusiya futbolundakı ümumi durumdan danışırıq, avrokuboklar üçün qoyulan sanksiyadan söz açırıq, gənc futbolçuların inkişafı və sair mövzularda söhbətimiz olur. Hiss olunur ki, məlum sanksiyadan sonra legionerlərin sayı azalıb, daha çox yerli oyunçulara şans verirlər.

- Övladlarınızın ən kiçiyi, həm də atanızın adını daşıyan Gülağa Əsədov “Qəbələ”nin heyətində qol vurdu. Xoş sürpriz oldu sizin üçün, deyilmi?

- Düzü, oğlumla və ya oğlanlarımla bağlı danışmağı xoşlamıram. Xüsusən də Gülağa hələ yolun başlanğıcındadır. Futbolçu olmaq üçün görməli olduğu çox iş var.

- Valideyn təvazökarlığını kənara qoyaq. Sadəcə, Gülağa ilə bağlı fikirlərinizi eşitmək maraqlıdır.

- Gülağa 5-6 ildir “Qəbələ”nin sıralarındadır və artıq ikinci ildir əsas komanda ilə məşq edir. Əlbəttə, meydana çıxması, əlində düşən imkanı dəyərləndirməsi sevindirici haldır. Amma qol vurması o demək deyil ki, artıq hazırdır. Hazır olması üçün öz üzərində daha çox işləməlidir. “Qəbələ” medal və avrokubok məqsədinə çatmaq üçün mübarizə aparmasına baxmayaraq, baş məşqçi gənclərə də şans verir. Təbii ki, bu, olduqca xoş haldır. Hər şey öz əlindədir. Daha çox çalışmaqla və “artırmaqla” baş məşqçinin diqqətini çəkə, Premyer Liqada şans qazana bilər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!