"Çox pis hisslər keçirdim"

16 Yanvar 2023 17:00 Müsahibə 607
"Çox pis hisslər keçirdim"

9 ildən sonra Premyer Liqaya qayıdan “Turan Tovuz”un mövsümün əvvəli heyətinə qatdığı əcnəbi oyunçulardan biri də Piruzi Marakvelidze oldu.

Gürcüstanlı legioner üçün mövsüm çox uğursuz start verdi.

Elə birinci tur “Qəbələ” ilə oyunda qırmızı vərəqə alan futbolçu iki oyunluq cəza ilə üzləşdi.

Ardınca ciddi zədə alan orta xətt oyunçusu bir də 16-cı tur “Zirə” ilə oyunda geri qayıtdı. Uzunmüddətli zədəyə rəğmən, Marakvelidze qısa müddətdə əsas heyət üzvünə çevrilməyi bacardı.

Yarımmüdafiəçi ilə söhbətimizə də elə zədəsi ilə start verdik

- Ağır zədədən sonra özünüzü necə hiss edirsən?

- Özümü yaxşı hiss edirəm və yaxşı vəziyyətdə olmağa, komandaya kömək etməyə çalışıram.

- “Turan”dakı ilk oyunda qırmızı vərəqə aldın, ardınca ciddi zədə ilə üz-üzə qaldın. Belə start heç ağlına gələrdimi?

- Məncə, bu, çox böyük uğursuzluq idi. Belə şeylər düşünə bilməzdim. Sevinirəm ki, o günləri arxada qoydum.

- Premyer Liqaya yeni qayıdan Tovuz təmsilçisində əcnəbilərə böyük ümid bəslənirdi. Belədə uzun müddət kənarda qaldığın, komandaya kömək edə bilmədiyin üçün özünü necə hiss edirdin?

- Bəli, gözləntilərin böyük olduğunu bilirdim. Ona görə də çox pis hisslər keçirdim. Çünki mövsümün birinci yarısı yetəri qədər komandaya kömək edə bilmədim.

- Zədəli olmaq, yoxsa bölgədə qalmaq səni daha çox darıxdırırdı?

- Təbii ki, zədəmə daha çox üzülürdüm.

- Axı Tovuz paytaxt Bakıdan çox uzaqdadır. Belədə legionerlər üçün orada yaşamaq çətin deyil?

- Düzdü, təmsil etdiyimiz rayon Bakıdan uzaqdır, amma Tovuzda futbolu çox sevirlər. Burada möhtəşəm ab-hava var. Belədə darıxmaq kimi hisslər insandan uzaq olur.

- Gününüz əsasən necə keçir?

- Mən komanda yoldaşlarımla bir yerdə qalıram və çox yaxşı münasibətlərimiz var. Bir yerdə əylənirik. Bəzən playstation oynayırıq.

- Ən çox kiminlə dostluq edirsən?

- Mən Gürcüstandan olan dostum İmeda Aşorti ilə daha çox vaxt keçirirəm. Bir-birimizi uzun illərdir tanıyırıq, biz çox yaxşı dostuq. Təəssüf ki, o, bizdən ayrıldı. Ancaq dediyim kimi, digər komanda yoldaşlarımla da çox yaxşı dostluq münasibətləri var.

- Arxada qalan yarım ildə Tovuzda ən çox təəccübləndiyin nə oldu?

- Qısa müddətdə azarkeşlərimizin məni dəstəkləməsi mənim üçün sürpriz oldu.

XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti