"Haqqsız yerə göndərildim, üz-üzə gələndə də..."

4 Yanvar 2023 17:00 Müsahibə 1 400
"Haqqsız yerə göndərildim, üz-üzə gələndə də..."

Şahin Diniyevin “Səbail”ə baş məşqçi təyinatından sonra verdiyi ilk qərar “Şamaxı”da icarədə olan Adil Nağıyevi komandaya qaytarmaq oldu.

Millinin sabiq müdafiəçisi mövsümün əvvəli sabiq baş məşqçi Mahmud Qurbanovla arasında yaşadığı konfliktə görə bölgə klubuna yollanmalı olmuşdu.

27 yaşlı arxa xətt oyunçusu da Sportinfo.az-a müsahibəsində məxsus olduğu kluba qayıdışından və gələcək planlardan söz açıb.

- 6 aydan sonra doğma komandana geri qayıtdın. Bunun belə tez baş verəcəyini gözləyirdinmi?

- “Səbail”ə qayıdışımın belə tez baş tutacağını gözləmirdim. Amma futbolda hər şey ola biləcəyinə hazır idim.

- Yeni mövsümə "Səbail"də başlayacağın gözlənilidiyi halda, "Şamaxı"ya gedəsi oldun. Peşman deyilsən?

- Futbolda belə hallar yaşanır. “Şamaxı”ya oynamaq, daha da inkişaf etmək üçün getdim. Şükürlər olsun ki, orada daha da inkişaf etdim.

- Bilirik ki, o zaman Mahmud Qurbanov israrla əsas komandadan ayrılmağını istəmişdi. Bəlkə başverənləri indi tam açıqlayasan? Yay fasiləsində qalmağını istədiyi halda, qısa müddət sonra niyə getməyinə qərar verdi?

- Düzdü qalmağımı özü istəmişdi. Lakin Gürcüstan toplanışında baş tutan yoxlama oyunlarında mənə şans vermədi. Sonra heyətdə görmək istəmədiyini, komanda tapmağımı söylədi. Heç bir problem olmadan getdim. Şükür təkliflərim də vardı. "Şamaxı"nı seçdim və orada inkişaf etdim.

- Hələ də incik qaldığın hiss olunur...

- İncik qaldım ki, haqqsız yerə göndərildim. Özümü göstərmək üçün mənə şans verə bilərdi. Amma yenə də problem yoxdur. Qismət beləymiş.

- Sonra iki dəfə "Şamaxı"nın heyətində Mahmud Qurbanova qarşı rəqib oldun. Aranızda hər hansı danışıq oldumu?

- Xeyr, heç bir danışıq olmadı. Öz komandamın uğurları üçün meydançada mübarizə apardım.

- Qayıdaq köhnə-yeni komandana - "Səbail" çempionatda sonuncu pillədə, kubokda isə yarımfinaldadır. Qışdan sonra gözləntilərin nədir?

- Bu gün əsas məqsədimiz odur ki, komanda sonuncu pillədən qurtulsun. Və imkan olduqca daha yuxarı pillələrdə qərar tutaq. Təbii ki, ölkə kubokundakı mübarizəni də unutmuruq. Şansımız var. İnşallah ki, kuboku qazana bilərik.

- Komandanın indiki potensialı buna imkan verir?

- Komandanın potensialı buna imkan verir. Fasilədən sonra daha yaxşı olacağımıza inanıram.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti