
“Zirə” 3 xal dalınca yollandığı Şamaxı səfərində 1 xala nail oldu.
Kifayət qədər maraqlı keçən qarşılaşmada hər iki komandanın real qol imkanları olsa da, topu tora qovuşduran futbolçunun tapılmaması nəticədə oyunun heç-heçə başa çatması ilə nəticələndi.
Rəşad Sadıqovun əsas heyətdə yer verdiyi, lakin fasilədə əvəzlədiyi Andriya Lukoviç portinfo.az-ın suallarını cavablandırıb.
Vaxtilə “Srvena Zvezda”da, PSV-nin əvəzedici komandasında, Polşa Ekstraklassasında “Rakov”da, Portuqaliyanın yüksək dəstəsində “Belenenseş”də forma geyinmiş 28 yaşlı serbiyalı yarımmüdafiəçi oyunla bağlı məqamlara aydınlıq gətirib.
- Əhvalın yerində deyil. Görünür, heç-heçə planlarınıza daxil deyildi.
- Bizim üçün çətin oyun oldu. Düzünü desəm, qələbə haqda düşünürdük və 3 xal yaxşı nəticə olardı. Amma bu komandanın doğma meydanda inamlı təsir bağışladığını unutmamalıyıq. Çox sayda qol epizodları yaratsaydıq, bəlkə də lazım olan qolu vurardıq.
- Bakıdan kənarda, üstəlik, süni örtükdə oynamaq işinizi çətinləşdirirdi?
- Örtük haqda mənfi nəsə deməyim ədalətsizlik olar. Süni olsa da, vəziyyəti kifayət qədər yaxşıdır. Heç-heçəyə görə “sintetika”nı bəhanə gətirə bilmərəm. Medal qazanmaq istəyiriksə, istənilən şəraitli meydanda qələbə qazanmalıyıq.
- Rəqib bütün komponentlərdə sizdən geri qalır. Oyundan əvvəl matçı 1 xalla başa vuracağınızı təsəvvür edirdin?
- Yenə deyirəm, avrokuboklara vəsiqə qazanmaq istəyiriksə, qələbə haqda düşünməli və bunu bacarmalıyıq. Rəqib “Qarabağ” olsun, yaxud “Şamaxı” – fərq etmir. Bu gün də niyyətimiz qalib gəlmək idi. Bacarmadıq və buna görə üzgünük. Məyusluğu qısa zamanda üzərimizdən atıb “Neftçi” və “Kəpəz”lə oyunlara baxmalıyıq.
- Bugünkü bərabərlikdə qış fasiləsi öncəsi “çemodan” əhval-ruhiyyəsinin rolu ola bilər?
- Əksinə, qış fasiləsinin yaxınlaşması motivasiyamızı bir az da artırmalıdır. Çünki hər bir futbolçu istirahətə yüksək əhval-ruhiyyədə yollanmaq istəyir. Bilirik ki, qarşıda 2-3 oyun qalıb. Və bunun üçün meydanda maksimumu etməliyik. Əminəm ki, hər bir futbolçu mənim kimi düşünür.
HƏBİB