“200 min avro vermişdik, 500 min tapa bilmədim" - ŞOK FAKTLARIN üstünü açdı!

6 Dekabr 2022 21:20 Müsahibə 1 505
“200 min avro vermişdik, 500 min tapa bilmədim" - ŞOK FAKTLARIN üstünü açdı!

2013-cü ildə 5 nəfərdən ibarət azərbaycanlı futbolçu “Atletiko”nun düşərgəsinə yollanıb təxminən 6 ay İspaniyada qalanda Azərbaycan futbolunun işıqlı gələcəyinə ümid edirdik.

Lakin çox keçmədən “Bakı”nın prezidenti Hafiz Məmmədovun müflis olması klubla yanaşı həmin uşaqların da işığını söndürdü.

Vaxtilə “Atletiko”nun akademiyasında yemək yeyib, yastığının qoxusunu hiss edən o futbolçulardan yalnız bir nəfər – Ruslan Süleymanov bu gün Premyer Liqada “Kəpəz”in heyətində ara-sıra gözə dəyir.

Ümumiyyətlə, “Atletiko” ölkə futbolu adına dərin mövzudur. Əməkdaşlıq çərçivəsində ortaya bir sıra problemlər çıxmışdı, sponsorlar pul xərcləməkdən boyun qaçırmışdı, hətta bəzi klublar yetirmələrini İspaniyaya göndərməkdən imtina etmişdi.

Vaxtilə “Bakı”nın “döyünən ürəyi” hesab olunan, klub yaranan gündən dağılan saata qədər “zolaqlılar”ın icraçı direktor postunu tutan Yaşar Seyidov saytımıza verdiyi müsahibədə sırf “Atletiko” mövzusunda danışaraq illərdir qaranlıq qalan bir çox məqamların üstünü açıb.

- Azərbaycanlı futbolçuların “Atletiko”da təcrübə toplayıb, sonradan İspaniyada futbol oynamaq planı var idi. Başlayaq ideyanın ortaya çıxmasından və həyata keçirilməsinin ilk mərhələsindən.

- Azərbaycanda 17 yaşa qədər futbolçular arasında Avropa çempionatı keçirilməliydi. Azərbaycan millisinin turnirdə daha yaxşı, daha uğurlu çıxış etməsi üçün bu layihəyə start verdik. “Atletiko”nun seleksiya qrupunun məqsədi təkcə “Bakı”nın akademiyasında yox, ümumi Azərbaycan üzrə seçim etmək idi. İspaniyaya 40 uşaq aparılmalıydı, onlardan 5-i “Bakı”dan seçilməliydi. Həmin 40 nəfər 1 il Madriddə qalacaq, məşq edəcək, təcrübə toplayacaqdı. 1 ildən sonra 40 nəfərin arasında ən bacarıqlı 20 nəfər seçiləcəkdi. Və həmin futbolçular 5 il orada qalıb İspaniyanın müxtəlif klublarının aşağı yaş qruplarından ibarət komandalarında oynayacaqdılar. Bu, AFFA, Gənclər və İdman nazirliyi və “Bakı”nın birgə əməkdaşlığı çərçivəsində qurulmalı olan iş idi.

- Bəs, nə baş verdi?

- İspaniyadan gəldilər, baxdılar, seçimlərini etdilər. Lakin bir çox klublar buna qarşı çıxdı. Futbolçularını “Atletiko”ya göndərməkdən imtina etdilər.

- Hansı klublar idi?

- Ad çəkmək istəmirəm. Həmin klubların rəhbər şəxsləri özləri yaxşı bilir.

- İmtinanın səbəbi nə idi?

- Bilmirəm, o vaxt da başa düşə bilmirdim. Məsələ İcraiyyə Komitəsinin iclasında müzakirə olunmuşdu, o vaxtkı baş katib Elxan Məmmədov da layihəyə dəstək vermişdi. Azərbaycanlı futbolçular ölkə futbolu tarixində ilk dəfə İspaniya və Portuqaliya kimi ölkələrin klublarının U-15, U-17, U-19 liqalarında oynayacaqdı.

- “Atletiko”nun tələb etdiyi maliyyə nə qədər idi? Səhv etmirəmsə, klublar məhz yüksək məbləğə görə geri çəkilmişdi.

- Orada böyük pullardan söhbət getmirdi. Çünki uşaqlar akademiyada qalacaqdı.

- Nə qədər tələb olunurdu?

- 5 illik layihə çərçivəsində tək “Bakı”dan yox, digər klublardan da ümumilikdə 20 futbolçu “Atletiko”da məskunlaşacaq, məşq edəcək və gələcəkdə bu ölkənin aşağı yaş qruplarından ibarət komandalarında oynayacaqdı. 20 futbolçuya 5 il üçün 5 milyon avro maliyyə tələb olunurdu. O vaxtkı kursla təxminən 5 milyon manat edirdi. Bu məbləğdən həm “Atletiko”ya ödəniş olunacaqdı, həm də 5 il ərzində viza, təyyarə bileti və digər məsələlər həllini tapacaqdı.

- Axı, ilk seçimlərdə 40 nəfər gedib 1 il orada qalmalıydı. Bəs, onların pulu?

- Həmin məbləğə daxil idi. Ümumi layihənin qiyməti o qədər idi.

- Göndərdiyiniz 5 futbolçu üçün “Atletiko”ya pul vermişdiz?

- Əlbəttə.

- Nə qədər?

- Bayaq sözüm yarımçıq qaldı, onu deyim, davam edərik. Deməli, həmin vaxt AFFA bütün klublara bu planla bağlı müraciət ünvanlamışdı. Bildirilmişdi ki, siz pul ödəmirsiniz, maliyyəni tam olaraq “Bakı” klubu qarşılayır. Amma gələcəkdə həmin oyunçular peşəkar müqavilə bağlayanda məbləğin 20 faizi “Atletiko”ya çatacaq. Yerdə qalan vəsait klub və futbolçular arasında bölünəcək. Hətta buna da razı olmadılar.

- Təklif top-klublara idi, yoxsa hamısına?

- Hamısına. “Neftçi”yə, “Xəzər Lənkəran”a, hamısına... Heç kim yaxın durmadı deyə, məcbur olub 5 nəfər göndərdik.

- 6 ay qalıb qayıtdılar.

- Bəli, qayıtdılar. Əslində fasilə ilə bağlı gəlmişdilər, geri qayıtmalıydılar. Amma növbəti dəfə göndərməyə “Bakı”nın imkanı çatmadı. Yaşananlar yəqin ki, yadınızdadır.

- 6 aya görə nə qədər ödəniş etmişdiniz?

- Təxminən 200 min avro.

- İşə başlamışdınızsa, davam etmək olardı axı.

- Nə mənada?

- Ölkə daxilində sponsor tapmaq. Yekunda sponsor da pul qazanacaqdı.

- Məktubların hamısı məndə qalır. Sizi inandırım, Azərbaycanda elə şirkət qalmadı ki, qapısını döyməyim. İmkanlı iş adamlarına müraciət etdim, şirkətlərə məktub göndərdim. Bildirdim ki, bu, “Bakı” üçün deyil, Azərbaycan futbolunun gələcəyi üçündür. Sərmayə yatırırsan və bir neçə ildən sonra vəsaiti artıqlaması ilə götürürsən.

- Sinəsini qabağa verən olmadı?

- Olmadı, bir nəfər də olmadı.

- “Bakı” müflis olandan sonra nə qədər pul lazım idi?

- 1 uşağın 1 il orda qalması üçün 20 min avro istəyirdilər. 5 uşağın 5 illik xərci 500 min avro edirdi. Çox çalışdım, amma bu pulu tapa bilmədim.

- “Atletiko”nun mövzuya münasibəti necə idi? Hər halda layihəyə start verilmişdi.

- “Atletiko” rəsmiləri ilə indiyə qədər danışıram. Bildirirlər ki, bu gün də Azərbaycan futboluna dəstək verməyə hazırıq.

- 5 futbolçu getmişdi. Hanı indi o uşaqlar?

- “Bakı” klubu dağılandan sonra həmin oyunçulara azad agent statusu verdik ki, karyeralarını davam etdirsinlər. Onları “Bakı” yetişdirmişdi, amma kənarda qalmasınnlar deyə, çəkdiyimiz xərcləri halal edib təzminat almadan buraxdıq. O vaxtdan sonra heç birini görməmişəm, açığı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?