"Atam 10 ildir məni tək qoymur, onu tribunada görəndə..."

26 Noyabr 2022 23:00 Müsahibə 1 061
"Atam 10 ildir məni tək qoymur, onu tribunada görəndə..."

Azərbaycan Premyer Liqasında 14 tur arxada qalıb.

Bu turlar ərzində özünü yaxşı tərəfdən göstərən yeni adlar olması ilə diqqət çəkir.

Parlayan simalar arasında "Şamaxı"nın cinah müdafiəçisi Fuad Bayramovu xüsusi qeyd etməmək mümkün deyil.

Hazırda onun aktivində 1 qol və 6 asisti var. Fuad asist etmək baxımından yalnız "Qarabağ"ın legioneri Leandro Andradedən 1 asist geri qalır. Kifayət qədər yüksək göstəricidir.

Bayramov Sportinfo.az-a müsahibəsində bu və digər maraqlı məqamlardan danışıb.

- Premyer Liqada ardıcıl iki oyundu "Şamaxı" qələbə qazanır. Bir anda nə dəyişdi ki, belə uğurlu seriya yaxalaya bildiniz?

- Son turlara baxsaq, qələbə qazanmaq bizim haqqımız idi. Çox ciddi yanaşdıq, məşqçinin verdiyi tapşırıqları daha yaxşı etməyə çalışdıq və əlimizə düşən fürsətləri dəyərləndirib qələbələr qazandıq. Bu seriyanı qarşıdakı turlar da davam etdirməyə çalışacağıq.

- Səncə, arxada qalan 12 turda qələbə qazanmaq niyə mümkün olmurdu?

- Oyunlara diqqət etdikdə görsənir ki, çox qarşılaşmada son dəqiqələrdə diqqətsizlikdən qollar buraxmışıq. Şükürlər olsun ki, yavaş-yavaş həmin diqqətsizliyi aradan qaldırırıq və ustalığımızı artıraraq ələ düşən imkanlardan istifadə edirik.

- Qələbə seriyasının davamını "Kəpəz"lə oyunda gətirmək mümkün olacaqmı?

- İnşallah, biz də bunun üçün çalışacağıq.

- Komandanın qazandığı qələbələrdə etdiyin asistlərlə xüsusi töhfə verməyi bacarırsan. Bəs, öz çıxışını necə qiymətləndirirsən?

- Əlbəttə, qələbələrimizdə yaxından iştirak etmək məni çox sevindirir və daha da ruhlandırır. Düşünürəm ki, buna qane olmamalıyam, üzərimdə daha çox çalışmalıyam.- Deməli, qarşıdakı turlar daha yaxşı Fuad görə bilərik?

- İnşallah. Təbii ki, daha yaxşı olmağa çalışacam. Hər qarşılaşma mənim üçün önəmlidir.

- Bu yolda məşqçilər sənə nə kimi məsləhətlər verir?

- Çox sağ olsunlar, mənə böyük dəstək olurlar. Üzərimdə daha çox işləməli olduğumu bildirirlər. Çatışmazlıqlarımı irad bildirirlər və mən də aradan qaldırmağa çalışıram.

- Müasir futbolda cinah futbolçularının rolu böyükdür. Maraqlıdır, mövqe seçimi özünündü, yoxsa məşqçilərin məsləhəti?

- Uşaq futbolunda bir neçə mövqedə oynamışam. Sonradan məşqçilərim mənim cinah müdafiəçisi olmağımı daha məqsədə uyğun hesab etdilər.

- Mövqeyində özün üçün kumir seçdiyin futbolçu olmamış olmaz…

- Hansısa futbolçunu kumir seçməmişəm, amma öz mövqeyimdə olan bir çox futbolçuların oyunlarına baxıb, nələrsə götürməyə çalışıram

- Məsələn, kimlər?

- Dünya ulduzları hesab olunan Marselo və Jordi Alba. İspaniyalını daha çox deyərdim. Albanın möhtəşəm hücuma qoşulmaları, mövqe seçimləri var.

- Fuad, məşqlərdən, oyunlardan sonra futbolçuların yetəri qədər boş zamanı olur. Həmin vaxtı necə keçirməyi xoşlayırsan?

- Boş zamanımı daha çox ailəmlə keçirirəm.

- Bəs film izləmək, kitab oxumaq, səyahət etməklə aran necədir?

- Yaxşıdır. Daha çox öyrənməli olduğumu bildiyim üçün asudə vaxtlarında mövqeyimdə olan dünya səviyyəli oyunçuları izləməyə daha çox vaxt ayırıram .

- Gələcək karyeranla bağlı hədəflərin, arzuların nələrdi?

- Əsas hədəflərimdən biri milli komandada çıxış etməkdir. Bilirəm ki, bunun üçün üzərimdə çox işləməliyəm.

- Premyer Liqa çox sayda əcnəbi və təcrübəli yerli futbolçular olsa da asist sayında ilk sıralardasan. Mövqeyini qorumaq sənə çətin olmayacaq?

- Bu, mənə əlavə stimul verir. Və rəqabətin olacağı sirr deyil. Ancaq çalışacam ki, qarşıdakı turlarda da ön sıralarda olmağa davam edim.

- Atan hər oyun stadionda sənə aktiv azarkeşlik edir. Artıq tək sən yox, o da hamı tərəfindən tanınır. Sənə belə dəstək olması öz ideyasıdır, yoxsa oğul istəyi?

- Atam 30 ildi futbol azarkeşidir. Bu, onun içindən gəlir və 10 ildir məni tək qoymur. Demək olar ki, oyunlarımın hamısına gəlib, məni və komandamı dəstəkləyib. Oyunlarda atamı tribunada görəndə, bu, məni daha da ruhlandırır.

- Artıq bir neçə komanda yoldaşın kimi sənə də təkliflər olduğu mətbuatda yazılır. Bu, nə qədər həqiqətdir?

- Açığı, bundan xəbərim yoxdur. Hələki mənə hər hansı təklif olmayıb.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı