“Çempionatda daha çox komanda iştirak etmək istəyirdi, qərara gəldik ki…”

14 Noyabr 2022 17:20 Müsahibə 1 315
“Çempionatda daha çox komanda iştirak etmək istəyirdi, qərara gəldik ki…”

Sportinfo.az xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının fəxri-prezidenti Orxan Məmmədov milli çempionatın püşkatma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Əvvəlcə çempionat və yeni tikiləcək stadionla bağlı məlumat verərdiniz...

- Azərbaycan çempionatında 17 komanda iştirak edəcək. Mövsüm təqribən 7 ay davam edəcək. Gördüyünüz kimi, yeni klublar və simalar var. Çempionat minifutbol həvəskarları tərəfindən maraqla qarşılanacaq. Daha çox komanda iştirak etmək istəyirdi. Amma biz qərara gəldik, 17 komanda ilə başlayaq. Gələcək mövsümlərdə komanda sayının artırılması istiqamətində müəyyən işlər görülə bilər. Stadionlara gəlincə, Azfar şirkəti ilə müqavilə imzalanıb. Bu mövsümün oyunları onların stadionlarında keçiriləcək. Ümumiyyətlə, bu arenalar Avropa və dünya standartlarından cüzi fərqlənir. Bu standartlara tam cavab verən stadionların tikintisi ilə bağlı hazırlıqlar başlanıb. İnanıram ki, gələn ilin sonunadək belə bir arena azarkeşlərin üzünə açıq olacaq. Bundan sonra hansısa böyük turnirin ölkəmizdə təşkili məsələsinə baxıla bilər.

- Gənclər və İdman Nazirliyi sizin federasiyanın akkreditasiyasını təsdiqlədi. Bunun gələcək fəaliyyətinizə təsiri nə dərəcədə olacaq?

- Bu, ilk növbədə federasiyanın hüquqi cəhətdən peşəkar statusda fəaliyyət göstərməsinə imkan verəcək. Öz bayrağı altında müxtəlif turnirlər təşkil edə, futbolçuları rəsmi olaraq, qeydiyyatdan keçirə biləcək.

- Azərbaycan Minifutbol Federasiyası olaraq AFFA-ya üzv olmaq planı var?

- Dünya Minifutbol Federasiyası ilə Avropa Minifutbol Federasiyası FIFA və UEFA-ya daxil deyil. Ona görə də AFFA-ya üzvlük məsələsini nəzərdən keçirmirik. FIFA və UEFA-ya böyük futbolla yanaşı, futzal və çimərlik futbolu daxildir. Minifutbol federasiyaları isə müstəqil fəaliyyət göstərir. Ona görə də bu məsələ gündəmdə deyil. Dünya Minifutbol Federasiyası və Avropa Minifutbol Federasiyası ali futbol qurumlarına üzv olduqdan sonra bu məsələyə baxa bilərik.

- Ölkə çempionatında iştirak üçün reqalament necədir?

- Hüquqi baxımdan kriteriyalara cavab verən klubları seçdik. Əvvəldən plan 17-18 komanda idi. Elə də oldu. Klublar müəyyən etdiyimiz qaydalara uyğun seçilib.

Digər Xəbərlər
Xəbər Lenti