“Bu mövzuda danışmaq istəmirəm, səhvim olmayıb” – “Qarabağ”ın KAPİTANI

13 Noyabr 2022 16:40 Müsahibə 1 367
“Bu mövzuda danışmaq istəmirəm, səhvim olmayıb” – “Qarabağ”ın KAPİTANI

Çərşənbə günü Tovuzda “Turan Tovuz”la “Qarabağ” arasında baş tutan və qonaqların 2:0 hesabı ilə qalib gəldiyi oyundan sonra ağdamlı futbolçular avtobusa tələsirdi.

Qısa müddətdə avtobusla Tovuzdan Gəncəyə getməli, oradan təyyarə ilə Bakıya uçmaq gərəkirdi.

Tələskənlik başadüşülən idi. Belə vəziyyətdə komandanı meydana kapitan sarğısında çıxaran Qara Qarayevə yaxınlaşıb bəzi suallara cavab tapmaq yerinə düşdü.

Axı, 10 illik fasilədən sonra Tovuza yenə “Qarabağ”ın futbolçusu kimi səfər etmişdi. Axı, qarşıdan başında Canni de Byazinin dayandığı Azərbaycan millisinin toplanışı gəlir.

- Oyunla bağlı fikirlərini eşitmək maraqlıdır.

- Bu oyun mənə illər öncə Tovuzdakı sonuncu görüşümüzü xatırlatdı. Təxminən 8-9 il əvvəl idi, yadımdadır, yağışlı hava idi, burada 1:0 hesabı ilə qalib gəlmişdik. Qolu da sonuncu dəqiqələrdə misirli futbolçumuz vumuşdu. (2012/13 mövsümünün ilk dövrəsində, 2012-ci ilin sentyabrın 23-də baş tutan “Turan” – “Qarabağ” görüşü komandalar arasında sonuncu Premyer Liqa qarşılaşması olub və ağdamlılar Mustafa Afrotonun qolu sayəsində 1:0 hesabı ilə qələbə qazanıb – H.).Böyük futbolun Tovuza qayıtması hər bir azərbaycanlı kimi bizim arzumuz idi. Burada yetişən futbolçuların adını, həmin oyunçuların ölkə futboluna nə dərəcədə fayda verdiyini hər kəs bilir. Bu gün bu möhtəşəm azarkeşlərin qarşısında oynamaq xoş idi. “Turan Tovuz” yeni yaranıb. Buna baxmayaraq, əlindən gələni etməyə çalışır. Bu komandaya və azarkeşlərə indikindən də yaxşı günlər arzulayıram.

- Matçdan öncə azarkeşlər bir neçə futbolçu ilə yanaşı sənin adını da səslədi. Gözləmirdiniz deyəsən.

- Düzünü deyim ki, belə bir dəstəyi oyundan əvvəl gözləmirdim. Bəli, gözlənilməz və fərqli hislər oldu. Avrokuboklarda bizi dəstəkləyirlər. Bu, bir daha göstərir ki, ümummilli məsələlərdə birləşməyi bacarırıq. Tovuzlulardan belə dəstək və sevgi görmək avrokuboklardakı məsuliyyətimizi daha da artırır. Bu gün futbol adına hər şey möhtəşəm idi. Həm “Turan Tovuz”un, həm də “Qarabağ”ın azarkeşlərinə təşəkkür edirəm.

- Süni örtükdə mübarizə aparmaqdan ehtiyatlanırdınız sanki.

- Süni örtüyə münasibətim çox pisdir. Çünki bu, birbaşa oyunumuza təsir edir, matçın tempinin aşağı düşməsinə səbəb olur. Bu gün məhz süni örtük amilinə görə “Turan Tovuz”un çox sayda futbolçusu bizə qarşı mübarizə apara bilmədi. Gün çıxanda meydan quruyur və işimiz daha da çətinləşir.

- Yorğunluq var?

- İndi, yoxsa ümumiyyətlə?

- Sıx qrafikə əsasən soruşuram.

- Ağır qrafikin hələlik başa çatdığını deyə bilərik. Əlbəttə, 3 gündənbir oynamaq çətindir. Fevrala qədər avrokubok matçlarımız olmayacaq. Qarşıdan isə millilərin görüşləri ilə bağlı boşluq gəlir. Həmin fasilədən yararlanıb çempionat matçlarına hazırlaşmalıyıq. Ümumi götürsək, təbii ki, müəyyən mənada fiziki və psixoloji yorğunluq var. Bu gündən etibarən yorğunluqdan qurtulmağa çalışacağıq.

- Boşluq gəlir dedin. Məgər sən millinin düşərgəsində tər tökməyəcəksən?

- Düzü, milli mövzusunda danışmaq istəmirəm. Kim olursa olsun, həmişə çalışmışam özümü ən yaxşı tərəfdən göstərim. Bəli, zəif oynadığıma görə tənqid və ittihamlar olub. Düşünmüşəm ki, idmançı karyerasıdır, normaldır. Amma...

- Canni de Byazidən bu ay baş tutacaq yoldaşlıq görüşləri üçün təklif gözləyirsən?

- Mən heç nə gözləmirəm. Açığı, nəsə demək üçün fikrim də yoxdur. Çünki məndə “çağıracaq, ya yox” sualına cavab vermək üçün fikir yarada bilməyib. Heç nəyə fikir vermədən işimi görürəm. Çağırsa da sağ olsun, çağırmasa da. İndiyə qədər millidə hansısa səhvim olmayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!