Kamran Quliyev “Sportinfo”nun suallarını cavablandırdı, dedi ki...

9 Noyabr 2022 21:00 Müsahibə 1 190
Kamran Quliyev “Sportinfo”nun suallarını cavablandırdı, dedi ki...

"Şamaxı" mövsümdə ilk qələbəsini 13-cü tur "Turan Tovuz"la səfər matçında qazandı. 3:1

hesablı qələbədə daha çox payı olanlardan biri ilk qolun müəllifi Kamran Quliyev oldu.

Bu, 22 yaşlı forvardın son 4 matçda vurduğu 2-ci qol oldu.

Amil Yunanovun yoxluğunda tədricən komandanın hücum xəttindəki yükünü üzərinə götürməyə çalışan forvard Sportinfo.az-a müsahibə verib.

- Nəhayət, qələbə həsrətiniz Tovuz səfərində başa çatdı. Mövsümdəki ilk qələbə barədə təəssuratların necədir?

- Çox sevincliyik. Bu oyunda qələbə qazanmaq bizim üçün çox vacib idi. Allaha şükür istədiyimiz oldu. Artıq bu qələbəni yaddan çıxarıb, “Sumqayıt”la oyuna ciddi şəkildə hazırlaşmaq lazımdır.

- Çətin səfərdə nisbətən asan qələbə qazandınız. Səncə, qələbədə əsas nə rol oynadı?

- Asan qələbə olduğunu deməzdim. Rəqibin heyətində təcrübəli və ustalıq səviyyəsi yüksək olan futbolçular vardı. Sadəcə məşqçilərimiz rəqibi düzgün analiz edib, bizə lazım olan məlumatları vermişdi. Biz də həmin məlumatlar hesabına rəqibin yaratdığı boşluqlardan istifadə edib qollarımızı vurduq.

- Sirr deyilsə, ilk qələbədən sonra baş məşqçinin sizə dedikləri nə oldu?

- Təbii ki, təbrik etdi. Amma bu qələbə artıq keçmişdə qaldı. Yaddan çıxarıb, “Sumqayıt”la oyuna hazırlaşmalıyıq.

- "Sumqayıt"la oyunda bu qələbənin davamını gətirmək mümkün olacaqmı?

- Niyə də yox? Oyundan oyuna təcrübə qazanıb, inkişaf edirik. İnanıram ki, ”Sumqayıt”la oyunda da qələbə qazanıb azarkeşlərimzi sevindirəcəyik.

- Uzun müddət fərqlənə bilməsən də, son 4 turda iki qol vura bilmisən. Artıq bir forvard kimi "ayağın açıldı" deyə bilərikmi?

- Buna görə sevincli olduğumuz deyə bilərəm. Amma 2 qol bəs etmir. Allah qoysa, daha da yaxşı olacağına inanıram.

- Kamran, özünün şəxsi hədəflərin nədən ibarətdir?

- Şəxsi hədəfim yenidən Avropaya yollanmaq və bacardığım qədər orada daha çox qalmaqdır.

- Legionersiz və ən az təcrübəli futbolçuya sahib olan gənc komandasınız. Belədə digər klublarla ayaqlaşmaq çətin deyil?

- Təcrübəsizlik ilk başda bir az çətinlik yaradırdı. Təcrübə də oynadıqca gələn bir şeydir. Düşünürəm ki, yavaş-yavaş komandaya lazım olan təcrübə gəlir. Oyundan oyuna inkişaf etməyimizin səbəblərindən biri də budur. Bir də şəxsən öz adıma deyim ki, cavan 16-17 yaşında olur. Dünya futbolunda da bunu görürük. 21,22,23 yaş gənc deyil. Sadəcə təcrübəmiz azdır və oynadıqca gələcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti