Fantastik qol vurdu, sirrini "Sportinfo"ya açıqladı: "Hiss etmişdim ki..."

6 Noyabr 2022 11:40 Müsahibə 1 089
Fantastik qol vurdu, sirrini "Sportinfo"ya açıqladı: "Hiss etmişdim ki..."

"Qəbələ" 4 turluq qələbə həsrətinə "Zirə" il oyunda son qoydu - 1:0.

Matçda vurulan yeganə qol isə son dəqiqələrdə Ülvin İsgəndərovun mərkəz xəttindən vurduğu möhtəşəm zərbə ilə gəldi.

Oyunun qəhrəmanı Sportinfo.az-a müsahibə verib.

- "Zirə"yə möhtəşəm qol vurdun...

- Çox sağ olun. Oyunun gedişində hiss etmişdim ki, o qolu vuracam. Çünki qapıçının irəli çıxdığını görürdüm. Həmin epizodda zərbə vurmaq qərarına gəldim. Çox şükür, qol oldu.

- Karyeranda ilk belə qoludur?

- Bəli.

- Baş məşqçiniz Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında dedi ki, Ülvidən belə qeyri-adi qollar gözləməyə dəyər...

- Məşqlərdə özüm üçün topu qoyub bu cür zərbələr vururam. Düzdür, belə qeyri-adi qollar vurmağı xoşlayıram. O da bu gün alındı.

- Oyundan sonra baş məşqçi, klub prezidentindən xüsusi təbrik aldın?

- Bəli. Hər kəsdən, baş məşqçidən, komanda yoldaşlarımdan xüsusi təbriklər oldu. Bu, mənə çox xoşdur.

- Qollar vursan da, oyunlara start heyətdə başlamırsan. Səncə, bu, nə ilə əlaqədardır?

- Məşqçilərin verdiyi qərardır. Buna hörmət edirəm.

- Özünü 90 dəqiqə oynamağa hazır hesab edirsən?

- Hər bir futbolçu bunu istəyər. Daim oynadıqca inkişaf edirsən. Mən də bunu istəyərəm.

- Təcrübə göstərir ki, əvəzetmədən daxil olanda komandaya daha çox fayda verirsən. Özünü də psixoloji olaraq buna kökləmisən?

- Xeyr. O baxımdan düşünmürəm. Sadəcə, hər dəfə meydana qol vurmaq istəyi ilə çıxıram. Ona görə də bu, məndə yaxşı alınır.

- Qarşıdan "Neftçi" və "Sumqayıt"la səfər oyunlarınız gəlir...

- Hər matça ciddi hazırlaşırıq. Bu oyunlardan da xallar götürmək istəyirik.

- Azarkeşsiz oynamaq oyununuza nə dərəcədə təsir etdi?

- Çox təsir etdi. Belədə, oyun sönük keçir. Azarkeşlər futbolçuya əlavə motivasiya verir. Azarkeşsiz oynamaq çox çətindir, səs-küy də az olur.

- Rəqib qapısı qarşısında qol vəziyyəti yaratmaqda çətinlik çəkirdiz...

- Deyərdim ki, kifayət qədər şansımız oldu. Sadəcə, bunlardan yaxşı istifadə edə bilmədik. Rəqiblə müqayisədə daha çox qol imkanımız oldu.

- 4 oyunluq qələbəsizlik seriyası var idi. Bu, inamsızlıq yaratmamışdı?

- Xeyr. Həmişə meydana qələbə üçün çıxırıq. İnanırdıq ki, bu, bizdə yaxşı alınır. Ancaq istər-istəməz qollar vurmayanda, şanslardan yararlana bilməyəndə, qələbə olmayanda komandada sıxıntılar yaranır. Bütün komandalarda belə şeylər olur.

- Bu qol, qələbə ilə həmin sıxıntıları geridə qoyduğunuzu düşünmək olar?

- İnşallah, belə olar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti