“Neftçi”nin baş məşqçisi: “Əlimdəki “material”a görə addım atıram”

3 Noyabr 2022 20:40 Müsahibə 796
“Neftçi”nin baş məşqçisi: “Əlimdəki “material”a görə addım atıram”

“Neftçi”nin əvəzedici komandası Birinci Divizionda yaxşı mənada təəccübləndirməkdə davam edir.

Çempionatın ən gənc komandası cari mövsümdə meydana çıxdığı 9 oyunun 7 də qələbə qazanıb, 1-də heç-heçə edib və yalnız 1 görüşdə - ilk turda səfərdə “Mingəçevir”ə uduzub.

“Neftçi-2”nin oyunlarını yaxından izləyən mütəxəssislər komandanın parlaq və sürətli futbol oynadığını deməklə baş məşqçi Rəşad Abdullayevin işini xüsusi şəkildə qeyd edir.

Bu həmin Abdullayevdir ki, illərdir sərəncamındakı gənclərlə çalışır, indiki futbolçularla aşağı yaş qruplarından tanışdır.

Maraqlı olacağını nəzərə alıb A kateqoriyalı çalışdırıcı ilə söhbətdə komandası ilə bağlı suallara cavab tapmağa çalışdıq.

- Yayda “Neftçi-2”də Mahmud Qurbanovu əvəzləyəndən sonra baş məşqçi kimi debüt etdiyiniz Birinci Divizionda bu cür başlanğıc gözləyirdiniz?

- Gənc komanda ilə hazırkı nəticələri qənaətbəxş hesab edə bilərik. Tam olmasa da, 60-70 faiz razı qaldığımı deməliyəm. Mövsümün əvvəlində əsas məqsədim əzmkar, mübariz komanda formalaşdırmaq idi. Bu gün məni sevindirən başlıca məqam kollektivdə istədiyim əzmkarlığı görməyimdir. Bununla yanaşı, “Neftçi-2”də oyun şəkli görmək istəyirəm. Kənardan baxan dərhal bilsin ki, meydandakı komanda “Neftçi-2”dir.

- Əzmkarlıq və baxımlı futbol arzulayırsınız. Amma komandanız həm də uğurlu nəticələr qazanmaqdadır.

- Səmimi sözümdür, turnir cədvəlinə ciddi önəm vermirəm və bunu futbolçulara da tövsiyə edirəm. Komandada əzmkarlıq və oyun üslubu olanda nəticə özü səni tapır. Bu prinsiplə gedirəm. O gün “Sabah”ın baş məşqçisi Murad Musayev də buna bənzər açıqlama vermişdi.

- Apardığım araşdırma nəticəsində “Neftçi-2”nin “divizion” təmsilçiləri arasında ən gənc komanda olması üzə çıxdı. Bu, təcrübəli rəqiblərlə oyunlarda işinizi nə dərəcədə çətinləşdirir?

- Müəyyən mənada xeyrimizə olduğunu deməliyəm. Sərəncamımdakı futbolçuların böyük əksəriyyəti 17-20 yaş aralığındadır. Bu yaşda futbolçuların özlərindən 2-3 yaş böyüklərə qarşı oynamasının özü böyük təcrübədir. Çünki aşağı yaş komandalarından 1 yaş belə, ciddi önəm daşıyır. Mənə görə əvəzedici komandalarda əsasən gənclərə şans verilməlidir ki, onlar əsas komanda üçün yetişsin. Amma “divizion”un əvəzedici statusu daşımayan digər komandalarının qarşısına gənclərin yetişməsi ilə bağlı tələb qoyulmaması normaldır. Çünki onların hədəfi qalib adını qazanıb Premyer Liqaya yüksəlmək olur.

- Heyətinizdə kifayət qədər istedadlı futbolçular olsa da, əsas komandanın baş məşqçisi Laurentsiu Regekampf çempionatda əsasən 2-3 nəfərə güvənir. O da hər imkanda yox.

- Premyer Liqada vəziyyət elədir ki, hər dəfə risk etmək olmur. Baxırsan, gərgin oyunlarda son dəqiqəyə kimi nə olacağı bilinmir. Orada da baş məşqçinin qarşısına konkret tələblər qoyulub. Buna baxmayaraq, əsas komandada gənclərə şans verilir. Məsələn, İsmayılla Fərid mütəmadi meydana çıxır. “Zirə” ilə oyunda Vüsal özünü göstərmək imkanı qazandı. “Şamaxı” ilə səfər matçında adlarını çəkdiklərimlə yanaşı, Rüfət də əsas heyətdə yer almışdı. Bu uşaqların hər biri “Neftçi”də yetişmiş, aşağı yaş qruplarından gəlmiş futbolçulardır. Ümid edirəm ki, irəliləyən turlarda, xüsusən də qışdan sonra gənclər daha çox şans qazanacaq.

- Regekampfla əlaqədə olursunuz?

- Əlbəttə. Özü və köməkçiləri ilə mütəmadi danışırıq, məsləhətləşirik. Hər bir futbolçunun durumu haqda məlumat veririk, lazım olanları deyirik. Adlarını çəkdiyim oyunçular “Neftçi-2”də oynamaqla yanaşı, əsas komanda ilə məşq edir, adları “23-lüy”ə salınır. Bu gün məni sevindirən məqam əsas komandanın məşqçilər heyətinin gənclərdən razı qalmasıdır. Həm davranış, həm də idmançı keyfiyyətləri baxımından.

- “Neftçi-2”nin əsas özəlliyi futbolçuların ayaqda top saxlamaması, sürətli hücumlar qurması, cinahları tez-tez dəyişməsidir. Hansı komandanın, yaxud da hansı məşqçinin oyun fəlsəfəsindən yararlanırsınız?

- Əlimdəki “material”a görə addım atıram. Bayaq dediyiniz kimi, çempionatın ən gənc komandasıyıq. Bu gün 18-20 yaşlı futbolçuların əsas üstünlüyü sürət və çeviklikdir. Mən də bu üstünlükdən yararlanıram. Müasir futbol top ayaqda olanda düşünməyi sevmir. Top ayağına gəlməmiş nə edəcəyinə dair qərar verməlisən. Düşüncə tezliyi və sürət mənim üçün vacib amildir. Və bunu futbolçulara aşılamağa çalışıram. Bəzən qarşında təcrübəli rəqib olur ki, taktika və ya hücum qurmaq baxımından çətinlik çəkirsən. Belə məqamda pressinq, sürət, ani qərar vermə kimi keyfiyyətlər işinə yarayır.

- Gənclərlə işləmək çətindir, xüsusən də nizam-intizam baxımından. Bacarırsınız?

- İntizam mənim üçün futboldan əvvəldə dayanan prinsipdir. Bunu komandada hər kəs bilir. Həm davranış, həm də oyun intizamı. Məsələn, hesabda irəlidəyiksə, müdafiəyə çəkilib nəticəni qorumaq anlaşıyı mənə yaddır. Uduruqsa, lap yaxşı, oyunu həmin məcrada sona qədər davam etdirməliyik. Gənclər bu düşüncə ilə yetişməli, böyüməlidir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!