"Dedim ki, lazım deyiləmsə, müalicəyə göndərmirsizsə, buraxın gedim"

3 Noyabr 2022 22:20 Müsahibə 808
"Dedim ki, lazım deyiləmsə, müalicəyə göndərmirsizsə, buraxın gedim"

Ötən mövsüm “Keşlə”nin (indiki “Şamaxı”) heyətində parlaq çıxışı ilə seçilən Pərviz Azadov “Qarabağ” başda olmaqla bir neçə klubun maraq dairəsinə düşməyi bacarmışdı.

Amma son anda yenidən “Şamaxı” ilə müavilə imzalayan futbolçunun yeni mövsüm kollektivin aparıcı simalarından olacağı ehtimal edilirdi.

Ancaq arxada qalan aylar gözdən itən yarımmüdafiəçinin bir neçə gün əvvəl isə bölgə klubundan ayrılması xəbəri yayıldı. Elə onunla müsahibəyə də ayrılması ilə bağlı sualla başladıq.

- Pərviz, “Şamaxı”dan ayrılmağın gözlənilməz oldu...

- Amma mənim üçün gözlənilən idi.

- Niyə?

- Çünki 3-4 ay əvvəldən ayrılmaq istəyimi kluba bildirmişdim.

- Müqavilə bağlayandan bir neçə ay sonra niyə ayrılmaq qərarına gəlmişdin?

- Ötən ilin yanvarında məni yeni müqavilə bağlamağa dəvət etdilər. O vaxt şərtlər tam başqa idi. Klub Bakıda məskunlaşırdı. Klubun Prezidenti Zaur Axundov idi. İki illik müqavilə imzaladım. Və sonra anidən “Keşlə” “Şamaxı”ya çevrildi və eyni adlı rayonu təmsil edəcəyi açıqlandı. Əksər futbolçular komandadan ayrıldı. Şərtlər tam dəyişdi. Maliyyə azaldı.

- İlk müraciətində klub sənə nə deyib, yola salmadı?

- Müqaviləm olduğun üçün yayda klub məni buraxmadı. Zədə alandan sonra komandanın maddi vəziyyəti yaxşı olmadığı üçün zədəmi müalicə etdirmək mümkün olmadı. Yenə təklif etdim ki, lazım deyiləmsə, müalicəyə göndərmirsizsə buraxın gedim. Bildirdilər ki, sən bizə lazımsan və komandada saxladılar. Nəhayət, sonuncu müraciətimdən sonra qarşılıqlı razılıq əsasında müqaviləmə xitam verildi.

- Müalicə üçün pul tapılmadı, bəs maaşlarını vaxtında ala bilirdinmi?

- Arxada qalan ayların maaşın ala bildim. Növbəti ayların maaşı barədə də razılaşma oldu və qarşılıqlı razılıqla ayrıldıq.

- Razılaşma nələrdən ibarətdir?

- Bu barədə ətraflı nəsə deyə bilmərəm. Çünki razılaşmanın detalları klub və mənim aramda qalacaq.

- Zədən indi necədir?

- Zədəm olduğu kimi qalır. Amma düzələn bir şeydir.

- Hələ də müalicəsi aparılmayıb?

- Bəli?

- Pula görə müalicə elətdirə bilməmisən?

- Bəli, indiyə kimi ona görə qalıb. Bundan sonra etdirəcəm. Yaxın 1-2 gündə Türkiyəyə getməliyəm.

- Bundan sonrakı karyeranla bağlı hansı addımları atmağı düşünürsən? Təkliflərin varmı?

- Hələ dəqiq nəsə deyə bilmirəm. Amma olar bilər ki, yaxın zamanda nəsə olsun.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti