Onu Azərbaycana gəlməyə kim razı salıb? - AÇIQ SÖHBƏT

18 Oktyabr 2022 19:00 Müsahibə 2 034
Onu Azərbaycana gəlməyə kim razı salıb? - AÇIQ SÖHBƏT

Əksər legionerlər az maaş qarşılığında, üstəlik, Tovuz kimi paytaxtdan uzaq rayona getməkdən imtina etsə də, Ayxan Abbasov yayda əcnəbi futbolçuların “Turan Tovuz”a keçidinə nail oldu.

Bu mənada Xulu Siyanda təəccübləndirdi. Vaxtilə Rusiya Premyer Liqasında “Rostov”un şərəfini qoruyan, ötən mövsüm Təl-Əviv “Hapoel”in uğurları üçün tər tökən müdafiəçi eyni zamanda Cənubi Afrika Respublikası yığmasının üzvü və vitse-kapitanıdır.

Siyanda ilə müsahibəni çoxdan planlasam da, indiyə - “Turan Tovuz” – “Səbail” oyunu ilə bağlı yollandığım Tovuz səfərində baş tutdu.

30 yaşlı futbolçu saytımıza müsahibəsində keçmişdən, bu günündən və gələcək planlarından danışdı.

- Tovuzda, paytaxtdan uzaq, əyləncəsi olmayan, əksər vaxtlarda baza şəraitində qaldığın bölgədə yaşamaq çətin deyilmi?

- Asan deyil, bu, dəqiqdir. Xüsusən də mənim kimi təcrübəli futbolçular üçün. Rostovda, Təl-Əvivdə yaşamışam, bu gün isə Tovuzdayam. Amma bunu özümə dərd etmirəm. Çünki mən bura şəraiti, məni nələrin gözlədiyini bilib gəlmişəm. Yəni gördüklərim məni təəccübləndirmədi. Ona görə də bütün diqqətimi məşqlərə və oyunlara ayırıb “Turan Tovuz”un nəticələri haqda düşünürəm.

- Hardan bilirdin?

- Baş məşqçi ilə agentim vasitəsilə telefon danışığımız olmuşdu. Ayxan Abbasov ümumi vəziyyəti başa salaraq “futbol oynamaq, azarkeşlər tərəfindən sevilmək istəyirsənsə, gəl” demişdi. Ayxan müəllim nə var idisə, olduğu kimi söyləmişdi. Gələndən sonra gördüklərimə bir daha əmin oldum.

- CAR millisinin vitse-kapitanı, “Hapoel”in üzvünə başqa klublardan maraq yox idi?

- Söhbət maraqdan getmir. Sadəcə vəziyyətim fərqli idi. Mən “Hapoel”dən mövsümün gedişində - fevralda ayrılmışdım. Rəhbərliklə müəyyən fikir ayrılığımız olmuşdu və buna görə klubu tərk etmişdim. Millidə sonuncu oyuna isə martda Fransaya qarşı görüşdə çıxmışdım. O vaxtdan sonra 5 ay idi futbolsuz idim, fiziki baxımdan müəyyən axsamalar var idi. Əslində Azərbaycanın başqa klubundan da təklif almışdım. Sonra danışıqlar yarımçıq dayandı. Və belə vəziyyətdə “Turan Tovuz”dan təklif gəldi. Bilirdim ki, Premyer Liqada yenidir, Bakıdan uzaq bölgəni təmsil edir. Amma Ayxan müəllimlə danışıqdan sonra “olsun” dedim, razılıq verdim. Çünki mənə sevildiyim yerdə futbol oynamaq lazım idi, riskə getmək yox.

- Yəqin ki, bura gələnə qədər ölkəmiz və futbolumuz haqda məlumatın yox idi.

- Belə deyim, geniş bilgilərə sahib deyildim. Dino Ndlovu yaxın dostumdur. Onunla həm millidə, həm də “Mamelodi Sandauns”da komanda yoldaşı olmuşuq, bu gün də münasibətlərimiz əladır. Bilirdim ki, Dino ölkənizdə çıxış edib, Çempionlar Liqasının qrupunda oynayıb və burada kifayət qədər sevilir. Təklif alandan sonra Dino ilə danışdım, yeni nələrsə öyrənməyə çalışdım.

- Nə dedi?

- Gördüklərini və bildiklərini. Dedi, Azərbaycan Premyer Liqası maraqlı çempionatdır, amma “Tovuz Turan”ı tanımıram. Çünki Ndlovu Azərbaycanda oynayanda komandamız Premyer Liqada çıxış etmirdi. Dediklərindən başa düşdüm ki, Tovuza gəlməyimi istəyir, amma bölgəni tanımadığından dəqiq söz söyləməkdə çətinlik çəkir. Mən isə ürəyimin səsinə qulaq asıb təyyarəyə mindim. Və bu gün peşman deyiləm.

- 2 aydır Azərbaycandasan. Təəssüratların necədir?

- Bildiyiniz kimi, ötən ay milli komandanın düşərgəsində idim. Orada olduğum vaxt baş məşqçimiz məndən “Turan Tovuz” və Azərbaycan çempionatı haqda soruşdu. Dedim, çempionatda çox ciddi rəqabət var, hansısa oyundan əvvəl nəticəni təxmin etmək olmur, asan qələbə qazanmaq mümkün deyil. Bunları baş məşqimizə söyləmişdim, indi isə sizə təkrarlamalı oldum. Komanda yoldaşlarım Premyer Liqanın səviyyəsinin ildən-ilə artdığını, rəqabətin gücləndiyini bildirir.

- İsrail demişkən, yayda bu ölkənin çempionatından Azərbaycan klublarına xeyli sayda legioner dəvət olundu. Kimlərlə şəxsi tanışlığın var?

- Demək olar hamısını tanıyıram. “Qarabağ”dakı Marko Yankoviçlə “Hapoel”də komanda yoldaşı olmuşuq. Təəssüf ki, məsafə uzaqlığına və komandasının sıx qrafikdə oynamasına görə birlikdə çox vaxt keçirə bilmirik. “Neftçi”dəki Qodsvey Donyo ilə çox yaxın dostam. Azərbaycanda ən yaxın münasibətim onunladır. Bakıya gedəndə mütləq görüşürük. Bu gün “Səbail”lə oyundan əvvəl Luvaqqa Kizito ilə söhbət etdim. Demək olar hamısını tanıyıram.

- Ayxan Abbasovun komandada və bölgədə kifayət qədər sevildiyini müşahidə edirəm. Bunun sirri nədir?

- Sevilməsinin sirri çox yaxşı insan olmasıdır. Razılaşarsız ki, hər kəs üçün qarşısında dayanan adamın insanlığı vacibdir. Vəzifədən öncə insanlıq gəlir. Ayxan müəllimin insani keyfiyyətləri yüksəkdir. Mənim kimi təcrübəli futbolçular məşqçinin üzünə baxanda onun necə insan olduğunu müəyyən edə bilir. İlk dəfə Ayxan müəllimlə üzbəüz söhbət edəndə onun insani keyfiyyətlərini özüm üçün müəyyənləşdirdim və əmin oldum ki, doğru ünvandayam. Bu gün özümü Tovuzda rahat hiss etməyimin əsas səbəbkarı məhz baş məşqçimizdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti