“Açığı, legionerlər xoşuma gəlmədi” – Samir Abasovun ehtiyac duymadığı köməkçi

5 Oktyabr 2022 16:40 Müsahibə 1 620
“Açığı, legionerlər xoşuma gəlmədi” – Samir Abasovun ehtiyac duymadığı köməkçi

“Açığı, legionerlər xoşuma gəlmədi” – Samir Abasovun ehtiyac duymadığı Baqanın köməkçisi

Samir Abasovun “Sumqayıt”a növbəti dəfə baş məşqçi təyin olunması ilə Aleksey Baqanın dönəmində belaruslu mütəxəssisin “sağ əli” olmuş Mehman Yunusovla Rail Məlikov köməkçi-məşqçi postundan ayrıldı.

Halbuki Samir Abasovla Mehman Yunusov şimal zonasından olduğuna və hər ikisinin Sumqayıt futbol mətkəbinin yetirməsi sayıldığına görə birlikdə çalışacaqları ehtimal olunurdu.

Yunusov əsas komandanı tərk etsə də, “Sumqayıt”dakı fəaliyyətini davam etdirir. Ötənlərin tanınmış müdafiəçisi ilə söhbətə də hazırkı işindən başladıq.

- Hardasınız? Nə işlə məşğulsunuz?

- Həmişəki yerdə - “Sumqayıt”da. Əvəzedici komandada Vüqar Quliyevin köməkçisiyəm.

- Nə əcəb əsas komandada qalmadınız?

- Samir Abasovun illərdir birlikdə işlədiyi köməkçilər var, onlarla gəlib. Hər yerdə belədir, baş məşqçi yaxından tanıdığı köməkçilərlə işləyir.

- Mehman Yunusov həmin briqadada ola bilməzdi?

- Nə bilim, vallah. Bu, baş məşqçidən və rəhbərlikdən asılı olan məsələdir. Aleksey Baqa ilə çalışırdım, o gedəndən sonra ayrıldım. Uğurlar arzulayıram.

- Samir Abasovla eyni zonadansınız...

- Demək olar. O, Yalamadandır, mən Qusardan.

- Amma futbolda eyni zonadan deyilsiniz.

- Niyə ki? Salam-sağolumuz var, görüşəndə əl sıxıb salamlaşırıq, danışırıq. Sadəcə, illərdir bir yerdə işlədiyi köməkçiləri var, onlarla çalışmaqda maraqlıdır.

- Samir Abasov yeni gələndə sizinlə danışdı? Hansısa mövzu ətrafında söhbətiniz oldu?

- Xeyr. Mən gələcək taleyimə aydınlıq gətirmək üçün rəhbərliklə danışdım. Bir neçə iş təklif edib seçimi öhdəmə buraxdılar. Mən də seçimimi əvəzedici komandanın üzərində etdim.

- Baqa niyə “Sumqayıt”da uğurlu ola bilmədi?

- Alınmadı nəsə. Futbolda bu cür hallar baş verir. Həmişə uğurlu ola bilmərsən ki. Bəzən uğursuzluq da yaşanır. Nəticə olmayanda isə məsuliyyət baş məşqçinin üzərinə düşür. Əbəs yerə “baş məşqçinin çemodanı yanında olur” deməyiblər ki.

- Belə olacağını gözləyirdiniz?

- Gözləyirdim. 8 ay nəticə olmayanda sonluğu təsəvvür edə bilirsən.

- Yay toplanışı zamanı, komandaya legionerlər cəlb olunanda, komanda çempionata hazırlaşanda da hiss edirdiniz?

- Açığı, legionerlər xoşuma gəlmədi. Vəziyyəti görürsünüz, 10 komanda arasında 9-cu yerdəyik. Deməli, komandaya lazım olan köməyi edə bilməyiblər. Düzdür, aralarında kömək edənlər oldu. Amma ümumi vəziyyətdən danışsaq, legionerlər...

- Saçlarınızı futbolda tökmüsünüz. Problemin kökünü mütləq ki, bilirsiniz. Niyə belə oldu?

- Dediyim kimi, futbolda hər cür nəticələr olur. Adətən heyət dəyişəndə, yenilənəndə zamana ehtiyac olur. Xüsusən də legionerlərin uyğunlaşması üçün.

- Sizə elə gəlmir ki, Baqanın özü də mühitə, çempionata, “Sumqayıt”a uyğunlaşa bilmədi.

- Bu suala özü cavab verə bilər. Mən nə deyim axı?

- Şəxsi söhbətləriniz olurdu?

- Əlbəttə.

- Nə deyirdi?

- Açığı, məşqdən-məşqə görüşürdük. Görüşəndə də danışırdıq, dərdləşirdik. İşlər istədiyi kimi getmirdi deyə qayğılı olurdu. Çıxış yolları axtarırdı, düşünürdü, mənim fikirlərimi soruşurdu. Əsasən komandanın vəziyyətindən, niyə bu cür olmasından söhbət edirdik.

- “Sumqayıt”da təxminən 3 il Ayxan Abbasovun köməkçisi işləmisiniz. Sabah zəng edib “Turan Tovuz”a çağırsa...

- Bu barədə nəsə demək çətindir. Əvvəla ona görə ki, zəng edən olmayıb. İkincisi, “Sumqayıt”la müqaviləm var, burada işləyirəm. Amma gələcəkdə nə olacağını bilmək olmaz.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti