"Bizim yaxşı komandamız var və buna nail ola bilərik" - İspaniyalı ilə MÜSAHİBƏ

7 Oktyabr 2022 17:00 Müsahibə 897
"Bizim yaxşı komandamız var və buna nail ola bilərik" - İspaniyalı ilə MÜSAHİBƏ

"Sabah" Premyer Liqanın 8-ci turunda növbəti qələbəsini qazana bildi.

Masazır klubu asan görünən Şamaxı səfərindən çətin qələbə ilə qayıtdı - 1:0.

Komandanın ispaniyalı mərkəz müdafiəçisi Con İrasabal Sportinfo.az-a müsahibəsində məhz "Şamaxı" ilə oyundan danışıb.

- Asan qələbə qazancağınız gözlənilsə də böyük çətinlik yaşadınız. Səncə, buna səbəb nə oldu?

- Oyun bizim üçün çətin keçdi. “Şamaxı” öz oyununu oynadı. Biz isə bunun qarşılığında öz oyunumuzu sərgiləməkdə çətinlik çəkdik. Lakin komanda son dəqiqəyə kimi qalib gələcəyinə inanırdı. Bu inam olmadan qalib gəlmək mümkün deyildi. Əsas odur ki, sonda bizə lazım olan qolu vurub qələbə qazana bildik.

- Ümumiyyətlə, sanki iddialı klublara qarşı daha yaxşı oynayan "Sabah" autsayderlərlə oyunda əziyyət çəkir. Bunu arxayınçılıq, yoxsa motivasiya azlığı ilə əlaqələndirə bilərik?

- Düşünmürəm ki, bu motivasiya ilə bağlıdı. Sadəcə, son matçda rəqibin sərgilədiyi oyun bizə çətinlik yaratdı. Rəqib qapalı oyun sərgiləyirdi ki, vaxt irəlilədikcə bizim üçün daha da çətin olurdu.

- 8 Turda sonra komanda ikinci pillədə qərarlaşıb. Sona qədər ən azı bu yerdə qalmaq mümkün görünürmü?

- Əlbəttə, mümkündür. Düzdü, çempionatda rəqabət var və turlar keçdikcə bir az çətin olacaq. Lakin fikrimcə, bizim yaxşı komandamız var və buna nail ola bilərik

- Arxada qalan matçlarda yəqin ki, Premyer Liqamızı yaxından kəşf etmək imkanın oldu. Fikirlərin necədir?

- Son oyun da sübut etdi ki, liqada heç bir oyun asan keçmir. Fikrimcə, vaxt keçdikcə, liqada keyfiyyət daha da artacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti