“Əvvəl yersiz danışırdım, yersiz hərəkət edirdim, indi isə…” - SƏMİMİ ETİRAFLAR

30 Sentyabr 2022 21:20 Müsahibə 1 433
“Əvvəl yersiz danışırdım, yersiz hərəkət edirdim, indi isə…” - SƏMİMİ ETİRAFLAR

Yayda demək olar sıfırdan yığlaraq Premyer Liqada mübarizəyə qoşulan “Turan Tovuz” hələ ki, yerli azarkeşlərin ümidlərini doğrultmaqdadır.

Çempionatda rəqiblərindən 1 oyun az – 6 matç keçirən bölgə təmsilçisi 10 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb ki, bu göstəricini debütant üçün kifayət qədər uğurlu hesab etmək olar.

Komandanın uğur qazanmasında meydandakı əsas səbəbkarlardan biri Şəhriyar Əliyevdir.

Bütün görüşlərə start heyətində çıxıb əvəzlənmədən mübarizə aparan 30 yaşlı müdafiəçini “Turan Tovuz”un “sütunu” da adlandıra bilərik.

Tovuz təmsilçisi ilə bağlı mövzuda danışmaq üçün kapitanı seçməyimiz də əbəs deyildi.

- Millilərin oyunları ilə bağlı yaranmış fasilənin komandanızın xeyrinə işlədiyini deyə bilərik?

- Yadınızdadırsa, bir müddət əvvəl “Qarabağ”la oyunumuzun təxirə salınmasına görə fasilə qazanmışdıq. Həmin fasilənin komandaya çox faydası dəydi. Yeni yaranmış kollektivik, istər-istəməz uyğunlaşma problemi var. Komandaya gec qoşulan futbolçularımız olmuşdu. Bu cür fasilələr bizə əlavə şans verir. Fikrimcə, bu fasilənin xeyrini görəcəyik.

- 6 oyundan sonra 10 xal. Yaxşı mənada təəccüblənmək olar?

- Hər dəfə meydana çıxanda baş məşqçi Ayxan Abbasov bizdən qələbə istəyir. Oynayırıq, uda biliriksə, şansımızı əldən verməməyə çalışırıq. Görəndə ki, oyun alınmır, yaxud çatdırmırıq, ən azından meydanı məğlub tərk etməmək üçün döyüşürük. Bu gün qarşımıza böyük məqsədlər qoyulmayıb. Məqsədimiz bacardıqca çox xal toplamaq, komandanı gələcək üçün formalaşdırmaqdır. Qarşıda bizi daha çətin rəqiblərlə qarşılaşmalar gözləyir. Ona görə də 6 matçdakı 10 xalda təəccüblü bir şeyin olduğunu düşünmürəm.

- “Qəbələ”ni nəzərə almıram, çempionatın açılış oyunu idi. Amma mübarizə qızışandan sonra ilk ciddi sınaqda “Sabah”a uduzdunuz. Səviyyə fərqi sözünü dedi?

- İnanırsınız, baş məşqçimiz rəqibi kifayət qədər yaxşı analiz edib bizə lazım olan tapşırıqları vermişdi. Sadəcə, ilk hissəyə yaxşı başlamadıq, müəyyən səhvlərimiz oldu, ardınca qırmızı vərəqə ilə azlıqda qaldıq. “Sabah” boşluqlardan istifadə edib fasiləyə qədər böyük üstünlük əldə etdi. İkinci yarıda yaxşı oynadıq, qol da vurduq, amma məğlubiyyətdən qaça bilmədik. Güclü rəqiblərlə bu cür yenilgilər komandadakı səhvləri görmək baxımından baş məşqçinin işinə yarayır.

- 6 oyunda vurulan 5 qol və toplanan 10 xal. Dünya futbolunda nadir rast gələ biləcəyimiz statistikadır.

- Çempionatda elə oyunlar olur ki, rəqiblər bir-birinə taydır, yaxud komandalar arasında taktiki savaş gedir. Belə qarşılaşmalarda 1 top vuran qalib gəlir. Konkret desəm, “Səbail” və “Şamaxı” ilə səfər matçları belələrindən idi. 1 qol vuran qalib gələcəkdi ki, bunu biz bacardıq. 5 qol vurub, 5 top buraxmışıqsa, buna komanda şəklində nail olmuşuq. Vacib olan oyun planında irəliləyişə nail olmaq, xal ehtiyatımızı artırmaqdır.

- Ağır təqvimlə üz –üzəsiniz. “Zirə”ylə “Səbail”i Tovuzda qəbul edib, “Qarabağ” və “Neftçi”ylə oyunlar üçün Bakıya yollanacaqsınız. Hazırsınız?

- Hazırda millilərin heyətində olan və zədədən əziyyət çəkən futbolçularımız var. Buna baxmayaraq, tam gücümüzlə hazırlaşırıq. Amma bu dəqiqə qarşıdakı 4-5 rəqibi yox, yalnız “Zirə”ni düşünürük. Bu oyunu başa vurandan sonra digər rəqibi göz önünə gətirəcəyik.

- 6 oyundan sonra passivində cəmi 1 sarı vərəqə var. Səndən çıxmayan iş...

- (gülür) İnanırsınız, bunu özüm də düşünürəm. Əvvəlki illər olsaydı, bəlkə də 6 oyuna 4 “sarı” alıb hansısa matçı buraxmışdım (gülür). Mən bunu baş məşqçi amili və yaşla əlaqələndirirəm. Gəldiyim gündən Ayxan müəllimlə çox söhbət edirəm. Mən səbrli davranmağı, hansı anda nə etməli olduğumu başa salır. Açığı, yaşa dolduqca özüm də sakitləşdiyimin fərqindəyəm. Əvvəl bəzən emosiyalarıma sahib ola bilmirdim, yersiz danışırdım, yersiz hərəkət edirdim. İndi elə deyil, özümü nəzarətdə saxlamağa çalışıram və bacarıram.

- Millinin Slovakiya və Qazaxıstanla oyunlar üçün açıqlanan siyahıda öz adını görməyəndə təəccübləndin?

- Milli elə bir yerdir ki, hər bir futbolçu orada olmaq istəyir. Əlbəttə, çox istərdim bu gün komandanın yanında olum, məşqlərdə iştirak edim, meydana çıxım. Çempionatdakı görüşlərdə də hər nə qədər komandamızın uğurunu düşünsək də, bir o qədər yığmaya dəvət almaq üçün can yandırırıq. Çünki komanda yaxşı çıxış edəndə həmin kollektivin üzvləri də baş məşqçinin diqqətində olur. Bu dəfə dəvət olunmadım, eybi yox. Həvəsdən düşmürəm, əksinə, elə oynamalıyam ki, baş məşqçinin diqqətini çəkə bilim. Noyabrda yoldaşlıq görüşləri olacaq. Həmin vaxta qədər indikindən də yaxşı görünmək üçün çalışmalıyam.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti