Xaricdə işə başlayan azərbaycanlı məşqçi “Sportinfo”ya danışdı

29 Sentyabr 2022 19:40 Müsahibə 1 562
Xaricdə işə başlayan azərbaycanlı məşqçi “Sportinfo”ya danışdı

Uzun müddət işsiz qalan azərbaycanlı mütəxəssis Novruz Əzimov sükutu ölkə xaricində çalışacağı ilə bağlı xəbərlə pozdu.

Təxminən 20 gün əvvəl təcrübəli mütəxəssisin Moldova təmsilçisi “Dinamo Avto”ya baş məşqçi kimi təyinatı açıqlandı.

İnsafən, həmyerlimizin yeni klubunda startı da əla alındı. 6 turdan sonra aktivində qələbəsi olmayan klub ilk 3 xal sevincinə məhz Novruz bəyin başçılığı altında çıxdığı ilk oyunda sevindi.

Onun ikinci matçda kifayət qədər güclü “Milsami”dən xal alması da (1:1) diqqəti daha çox çəkmiş oldu.

Novruz Əzimovla yeni klubundakı bu günündən və gələcək planları barədə söhbətləşdik:

- Necəsiz, Novruz müəllim?

- Şükür Allaha, hər şey yaxşıdır.

- Təyinatınızdan az sonra söhbətləşmək istəsək də, bu, mümkün olmamışdı. Deyəsən, görüləsi işlər çox idi...

- Bəli, başım çox qarışıq idi. Komandanı yaxından tanımağa çalışırdım.

- Arxada qalan müddətdə tanıya bildizmi?

- Komandanın oyununda anarxiya vardı. Oyunun idarə olunması normal deyildi. Əksəriyyəti cavan oyunçulardı. Yalnız iki mövqedə - mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi 20 yaşdan yuxarıdır. Komanda oyunu təbii olaraq daha çox müdafiədən qurur. Belədə ələ düşən fürsətləri maksimum qola çevirmək lazımıdır. Şansları çox qaçırırq. Düşüncə bir qədər aşağıdır. Bu da təcrübəsizlikdən irəli gəlir. Onu da nəzərə alaq ki, komanda cəmi iki aydı bir yerə yığılıb. Yüksək liqa təcrübələri yoxdur.

- Amma bu qədər problemə rəğmən startdakı iki oyunda da uğurlu olmağı bacardınız...

- Bəli, ilk oyunda qələbə qazandıq. Son oyunda “Milsami”dən üstün oynasaq da, qol epizodlarını yaxşı dəyərləndirə bilmədiyimiz üçün sonda 1 xala sevindik. Bu səhvlərin üzərində daha çox çalışırq. Uşaqlar çox tələsik oynayırlar. Bütün oyunu sürətli oynamaq mümkün deyil. Oyunun ritmin tuta bilmirlər. Güclərin 90 dəqiqə üçün bölə bilmirlər. Bu kimi nüanslarda uşaqların yanaşmasın dəyişmək istəyirik.

- Yaxşı oyuna rəğmən, 1 xal qazanmaq fasilə öncəsi ab-havanı korlamadı?

- Açığı, “Milsami” ilə oyundan sonra komanda pis vəziyyətdə idi. Uşaqlar başını aşağı salmışdı. Amma buna ehtiyac yoxdur. Artıq oyun gedib. Unutmaq lazımdır. Növbəti oyunları fikirləşmək lazımdır. “Milsami” sevindi ki, bizimlə bərabərə qaldı. Düzdü, bu baxımdan mən də dilxor idim. Amma neyləmək olar? Bu gün bu qədəri mümkün oldu. Futbolçularıma irad bildirə bilmərəm ki, çalışmırlar. Hamısı üzərində işləyir. Amma effektli olma ayrı söhbətdir.

- Sizə qədər komandanın aktivində nəinki qələbə, heç qol da yox idi. İki oyundakı müsbət nəticə hədəflərə də müsbət təsir edibmi?

- Əsas məqsəd odur ki, ilk altılığa düşək. Nəzəri cəhətdən belə şansımız var. Lakin praktiki cəhətdən bu çox çətindir. Çünki bizə daha yaxın olan 5-6-cı pillələrdə olan rəqiblər bir oyun qələbə qazansa, biz 5 oyunda qələbə qazanmalıyıq. Belə çətinliyə rəğmən bütün oyunlarda deyilən kimi oynasaq ümid yenə var.

- Maliyyə baxımından şərtlər münasibdir?

- Bəli, ola bilər ki, burada azırbaycanlı futbolçuların qazancı az olacaq. Lakin inkişafları daha tez olacaq. Son iki oyunda qol vuran oyunçumuza artıq bir neçə təklif var. Təklif göndərən klublar arasında Rusiya təmsilçisi də var. Yəni menecerlərin buradakı cavan oyunçulara diqqəti böyükdür.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti