COP29

Yeni klubun prezidenti: “Müharibə iştirakçısı və qazilərə imkan yaradacağıq ki...”

27 Sentyabr 2022 17:00 Müsahibə 1 145
Yeni klubun prezidenti: “Müharibə iştirakçısı və qazilərə imkan yaradacağıq ki...”

İkinci Vətən Müharibəsinin anım günü ərəfəsində aldığımız xəbər yerinə düşdü.

Bir neçə gün əvvəl mətbuatda Qarabağ müharibəsinin iştirakçı və qazilərindən ibarət komandanın yaradılmasını xəbərini oxuyan hər kəs mütləq ki, sevindi.

Vaxtilə döyüş meydanlarında əlində silah vətənin keşiyində dayanan mərd oğullarımız bundan sonra bacarığını futbol meydanlarında göstərəcək.

Ümid edirik ki, “Difai” (müdafiə) komandası ən qısa zamanda “böyük qardaşı” “Qarabağ”ın yolunu gedərək uğurlu nəticələri ilə ölkəyə, ardınca Avropaya səs salacaq.

“Difai” komandası 5 mart 2018-ci ildə - Bədən Tərbiyəsi və İdman Günündə yaradılmış eyniadlı klubun bazasında formalaşıb ki, böyük futbolda ilk addımlarını Region Liqasında atacaq.

İtaliya iki səfər qolu ilə əsas məqsədinə çatdı - VİDEO

Komanda artıq AFFA-dan qeydiyyatdan keçib və oktyabrda start götürəcək Region Liqasının hazırlığına başlayıb.

Nəcib addımın atılmasının səbəbkarı Asəf Məlikovdur. Klub prezidenti birinci Qarabağ müharibəsinin veteranı olmaqla yanaşı, Əlil Arabasında Qılıncoynatma Federasiyasının birinci vitse-prezidenti, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Leninqrad Ali Hərbi Məktəbinin, Azərbaycan İnşaat Mühəndisliyi İnstitutunun, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu, qılıncoynatma üzrə beynəlxalq dərəcəli məşqçidir.

Asəf bəylə müsahibənin məhz 27 sentyabra – Anım Gününə təsadüf etməsi təsadüfi deyildi. Komanda Qarabağ qəhrəmanlarından formalaşıbsa, başqa tarix ola bilməzdi.

İtaliya iki səfər qolu ilə əsas məqsədinə çatdı - VİDEO

- Gözəl ideyaya, verdiyiniz möhtəşəm qərara görə sizə təşəkkür edirik. Belə bir vaxtda həqiqətən futbolumuzun bu komandaya ehtiyacı vardı.

- Çox sağ olun! Göstərdiyiniz diqqətə görə mən də klub və komandamızın adından sizə təşəkkür edirəm.

- Hazırlığa başladığınızdan xəbərdarıq. Maraqlıdır, ilkin mərhələdə toplanışda neçə futbolçu iştirak edir?

- 21 futbolçu ilə başlamışdıq. Müxtəlif səbəblərdən 3 nəfərlə anlaşa bilmədik. Bu günə qədər 18 nəfərə görə AFFA-ya müraciət edib, razılıq almışıq.

- Heyətdəkilər sırf müharibə iştirakçıları və qazilər olacaq?

- Aralarında müharibə iştirakçıları, qazilər və onların ailə üzvlərindən olanlar var.

- Təfərrüata varsaq?

- Komandamızın heyətində vaxtilə böyük futbolla məşğul olmuş iki qazimiz var: Anar Orucovla İsmayıl Qəmbərli. Hər ikisi vətən müharibəsində iştirak edib, biri başından, digəri qarın nahiyəsindən yaralanaraq qayıdıb. Bəhlul adlı veteran da bizimlədir. Daha iki nəfər isə qazilərin ailə üzvlərindəndir. Tural adlı qazimiz də sıralarımızda olmaq istəyir. Onun da yolunu gözləyirik. Sağlamlığı futbol oynamağa imkan verən müharibə iştirakçılarını və qaziləri cəlb edirik.

İtaliya iki səfər qolu ilə əsas məqsədinə çatdı - VİDEO

- “Difai”də vaxtilə peşəkar futbolla məşğul olmuş adlara rast gələcəyik?

- Elə futbolçularımız da var. Aydın Qasımovun adını çəkə bilərəm.

- “Sumqayıt”da, AZAL-da oynamış, hazırda Diniyev Futbol Məktəbində məşqçi kimi çalışan Aydın?

- Bəli-bəli. Aydın Qasımov “Difai”də həm futbol oynayacaq, həm də məşqçilik edəcək.

- Aydın da müharibə iştirakçısı olub?

- Xeyr. Biz cəmiyyətdə ayrı-seçkilik yaratmaq istəmirik. Məqsədimiz gənclərin idmana marağını artırmaq, sağlam ruhda inkişaf etmələrinə vasiətçi olmaqdır. Bununla yanaşı müharibə iştirakçısı və qazi oğullarımızı da onların yanında görmək istəyirik. Belə deyim, məqsəd gəncləri birləşdirməkdir.

- Futbola marağı olan, futbol oynamağı bacaran şəxslər sizə müraciət edə bilər?

- 100 faiz. Bu ilin may ayında Əlil Arabasında Qılıncoynatma Federasiyası, Dövlət Təhlükəsizliyi Xidməti və “Alanyaspor” klubunun birgə əməkdaşlığı çərçivəsində 50 qazimizin Alanyaya səfərini təşkil etmişdik. Türkiyədə olduqları müddətdə onlara “Alanyaspor” – “Qaziantep” matçını canlı izləmək imkanı yaradıldı. Həmin səfərin iştirakçılarından olmuş İsmayıl Qəmbərli hazırda bizimlədir. Tural da bizə qoşulmalıdır. Futbola həvəsi olan istənilən müharibə iştirakçısı və qaziyə oynamaq imkanı yaradacağıq.

İtaliya iki səfər qolu ilə əsas məqsədinə çatdı - VİDEO

- Komanda harada məşq edir? Hansı stadionda oynayacaq?

- “ASK Arena”nın ərazisindəki 4-cü meydança xidmətimizdədir.

- Maaş veriləcək?

- Maaş deməzdim...

- Oyunbaşı dediyimiz formada yəqin ki.

- Bəli, indiki məqamda oyundan-oyuna müəyyən məbləğ ödəmək fikrindəyik. Bildiyiniz kimi, sıfırdan yaranmış komandayıq, maliyyə ilə bağlı müəyyən çətinliklərimiz var, büdcəmiz yoxdur.

- Forma, inventar, dərman, səfər xərcləri, stadionun icarə pulu, futbolçulara veriləcək pul – kifayət qədər xərc tələb edən işdir. Yola sponsorsuz çıxırsınız?

- Əlil Arabasında Qılıncoynatma Federasiyasının köməkliyi ilə bir dəst forma almışıq. Özümün və federasiyanın vitse-prezidenti Elşən Rəsulov dəstəyi sayəsində həm forma aldıq, həm də stadionun 1 aylıq icarə haqqını ödədik. Hazırda ortaya çıxan xərclər federasiya tərəfindən qarşılanır. Qurum ötən ilin noyabrında Ağdamda “Zəfər kuboku”nu təşkil etdi, bu il də ikinci “Zəfər kuboku”nu keçirməyi düşünürük. Oktyabr ayından əlil idmançılarımızın yarışları da başlayır. Paris-2024-də medal qazanmaq üçün idmançılarımız yarışlarda iştirak etməlidir. Federasiyanın xərcləri onsuz da çoxdur. Amma “Difai” üçün başlatdığımız işi da uğurla davam etdirməyə çalışırıq. Bir az maliyyədə “ilişmişik”.

- Belə başa düşdüm ki, qapılarınız sponsorların üzünə açıqdır.

- Tam açıqdır. Vətəni sevmək təkcə sosial şəbəkədə paylaşım etməkdən ibarət deyil. İmkanı olan şəxslər, şirkətlər işğal altında olan torpaqlarımızı bizə qaytaran, xalqı sevindirən vətən oğullarına şərait yarada, nümunə ola bilər. Federasiya olaraq Bakı şəhər Gənclər İdarəsinin əməkdaşları ilə birlikdə indiyə qədər 500-ə yaxın qazinin evinin qapısını döymüşük. Özüm birinci Qarabağ müharibəsində zabit kimi iştirak etmişəm, Füzuli, Cəbrayıl uğrunda döyüşmüşəm, 1994-cu ildə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlının işğaldan azad olunmasında iştirak etmişəm. Həmişə demişəm və deyirəm ki, qazinin evinə əlində ərzaq qutusu ilə getməyə gərək yoxdur. Ehtiyac olan onun qapısını döymək, açmaq, üzünü güldürməyə şərait yaratmaqdır.

- Maraqlı yanaşmadır...

- Bu yaxınlarda bizə bir qazi müraciət etdi ki, bəs, may ayında qazi dostumuzu Alanyaya aparmışdınız, nömrənizi ondan almışam. Dedi, başqa bir qazi dostumuz var, atıcılıqla məşğul olmaq istəyir, ona görə sizə zəng etmişəm. Dərhal Milli Paralimpiya Komitəsi ilə əlaqə saxlayıb atıcılıq komandasının baş məşqçisi ilə danışdım və həmin qazimizi istiqamətləndirdim. Şərt qazilərin hamısını idmana yönəltmək deyil ki. Gəlin, birini balıq tutmağa həvəsləndirək, digərinə nəyisə öyrədək, vahid amal uğrunda birləşmələrinə yardımçı olaq, düzgün istiqamətləndirək.

- Sponsorluq demişkən, bu mövzuda AFFA və ya AGİN-lə söhbətiniz olub?

... (davamı olacaq)

HƏBİB ASLANOV / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!