"Neftçi"də elə futbolçular var ki...” – Samir Abasov sükutu pozdu

26 Sentyabr 2022 17:40 Müsahibə 1 847
"Neftçi"də elə futbolçular var ki...” – Samir Abasov sükutu pozdu

“Sumqayıt”ln yeni baş məşqçisi Samir Abasov komandanı ilk məşqə çıxarıb.

Sportinfo.az-ın əməkdaşının da olduğu məşqdən sonra təşkil edilən brifinqdə jurnalistlərin suallarını cavablandırıb. Abasov öncə təyinatı barədə danışıb:

- Doğma şəhərimin komandasına qayıtmaq çox xoş oldu. Baxmayaraq ki, burada futbolçuların əksəriyyətini tanıyıram, kluba bələdəm, yenə də çox həyəcanlıyam. Məndə heç vaxt belə həyəcan olmamışdı. Bəlkə, öz şəhərimizdir deyə, məsuliyyət həddən artıq çoxdur. Çox ümidliyəm. Hamımıza xeyirli olsun!

- Jurnalistlərlə görüş üçün darıxmamışdız?
- Darıxmışdım sizin üçün.

- Biz də mətbuat konfranslarınız üçün...
- Düzələcək...

- Aleksey Baqanın istefası ilə bağlı ilk ehtimallar yarananda sizin adınız çəkilirdi. Ancaq danışıqlar bir qədər uzandı. Bu nə ilə bağlı idi?
- Normal haldır. Tez düzələn şeyin axırı yaxşı olmur. Klubu razı salmalısan, klub baş məşqçini razı salmalıdır. Bütün detallara aydınlıq gəlməlidir. Hər iki tərəfə xeyirli olmasını diləyirəm.

- "Sumqayıt"da əsas çatışmazlıqlar kimi nələri görürsüz?
- Komandanın oyunlarına baxmışam. İndiyə qədər olan çatışmazlıqlar mənə aid deyil. Bundan sonra nə olacaqsa, onlara cavabdeh olacam.

- Zəif çıxışı nə ilə əlaqələndirmək olar?
- Komanda uğursuz çıxış edirsə, müxtəlif səbəblər ola bilər. Kimdəsə ruh düşkünlüyü yaşanması mümkündür, yeni legionerlərin uyğunlaşa bilməməsi və s. Mən komandanın içində olmadığım üçün bu suala cavab vermək çətindir.

- Meydanda görünən hansı problemləri qeyd edə bilərsiz? Oyun planında nə çatmırdı?
- Bütün oyunlara azarkeş kimi baxmışam. Ona görə məşqçi kimi fikir bildirə bilməyəcəm.

- Kənardan baxanda legionerlərin səviyyəsi necə görünürdü?
- Yaxşı potensialı olan legionerlərdir. Əsas onlarla məşqdən sonra məlum olacaq ki, bizə uyğundurlar, ya yox.

- Qarşıya hansı hədəf qoyulub?
- Hədəfimiz "Sumqayıt"ı futbola qaytarmaqdır. Bizə həddən artıq çətin olacaq. Amma bundan qorxmuruq. İstəyirik, bura gələn rəqiblər bilsinlər ki, hara gedirlər. Bunun üçün əlimizdən gələni edəcəyik.

- "Sumqayıt"da işlədiyiniz ilk dönəmdə legionersizlikdən narazılıq edirsiz. İndi əcnəbilər də var. Onlarla nəyə nail olmaq mümkündür?
- Dediyim kimi, əvvəlcə həmin futbolçuları tanımalıyam. Ondan sonra nəyə nail ola biləcəyimizi görəcəyik.

- "Sumqayıt"a çempion kimi qayıdırsız. İndi azarkeşlərin tələbləri də daha böyük olacaq. Bu, üzərinizdə əlavə təzyiq yaratmır?
- Yaradır. Məsuliyyətimiz artır. Bilirəm ki, azarkeşlər məndən çox şey gözləyirlər. İstədikləri adamam və bu, məni həyəcanlandırır. Oyuna çıxanda bir yük də onların fikri olacaq.

- İşlədiyiniz yerlərdə qapıçı məşqçisi Etibar Tarverdiyev də çalışıb. Bu gün o, korpusunuzda yoxdur...
- Etibar müəllimlə danışmışıq. Bizim aramızda və klubla mənim aramda olan detallardır. Gələcəkdə onunla bir yerdə işləsəm, təəccüblənməyin. Bu, işin gedişatıdır, normaldır.

- "Neftçi"dən ayrılandan sonra təklifləriniz olmuşdu?
- Mənə konkret təklif olmamışdı. Agentim variantları deyirdi. Amma konkret təklif olmayıb.

- Azarkeş kimi baxdığınız oyunlara əsasən, "Sumqayıt" indi neçənci olmalı idi?
- Azarkeş kimi düşünürəm ki, ilk "6-lıq"da olmalı idi.

- Ola bilərmi ki, komanda çempionatdansa kubok yarışına daha çox diqqət yetirsin?
- Məndə belə şey yoxdur. Hər matçda qələbə qazanmaq istəyəcəyik.

- "Neftçi"də rəhbərliyiniz altında oynayan hansısa futbolçuları komandanızda görmək istəyirsizmi?
- Çox çətin məsələdir. "Neftçi"dən gedənlər legionerlərdir, yerlilərdən kimisə xatırlamıram. Hərəsinin də bir klubu var. "Neftçi"də elə futbolçular var ki, gəlsələr, böyük məmnuniyyətlə qəbul edərik.

- "Neftçi"dən sonnra daha aşağı imkanlara malik “Sumqayıt”a qayıdırsız...
- Əsas odur ki, hara gəldiyimi bilirəm. Bu məsuliyyətin altına girmişiksə, nəyəsə ümid edirik. Həmişə elə yerlərdə işləmək alınmaya bilər.

- Qışda komandanı gücləndirmək üçün ediləcək transferlər barədə rəhbərliklə danışığınız olub?
- Transfer barədə heç nə danışmamışıq. Əsas bu oyunçuları yaxından tanımağımdır. Transfer məsələləri skaut şöbəsinin nəzarətindədir. Onlar axtarırlar və əllərində bəzi adlar var.

- Özünüzdən əvvəlki baş məşqçiyə hörmətsizlik etməmək üçün boşluqlardan danışmırsız. Bəs nələrin üzərində daha çox işləməlisiz ki, komanda bu durumdan çıxsın?
- İlk olaraq əhvali-ruhiyyəni qaldırmaq lazımdır. Komanda uduzduqca ab-hava pisləşir, bu da nəticələrə təsir edir. Bu istiqamətdə işləməliyik. Ondan sonra digər məsələlərə keçəcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti