“Bu gün buradayamsa, deməli...” – MARAQLI MÜSAHİB

27 Sentyabr 2022 17:40 Müsahibə 947
“Bu gün buradayamsa, deməli...” – MARAQLI MÜSAHİB

Yeni mövsümə iki aydan az vaxt qalmış bir araya gələn "Turan Tovuz" 9 ildən sonra qayıtdığı Premyer Liqaya kifayət qədər yaxşı start götürməyi bacardı.

Ayxan Abbasovun yetirmələri arxada qalan 7 turda aktivinə 10 xal yazmaqla hazırda turnir cədvəlində ilk beşlikdə qərar tutur.

Bölgə klubu bu nəticəni 6 oyunda əldə edib. Ki, "Qarabağ"la üçüncü turda oynanmalı oyun təxirə salınıb.

Milli komandanın Slovakiya və Qazaxıstanla oyunlarına görə Premyer Liqada yaranmış fasiləni fürsət bilib, təcrübəli mütəxəssislə müsahibədə arxada qalan dönəm, fasilə dövrü və gələcək planlardan danışdıq.

- Ehtiyatda bir oyunu qalan "Turan Tovuz" 7 turdan sonra 5-ci pillədə qərarlaşır. Yaranmış mənzərəni necə şərh edərdiniz?

- Çempionat maraqlı başladı və gərgin keçir. Hər xal qızıla bərabərdir. Xal ehtiyatımızı artırmağa çalışırıq. Mövsümə hazırlaşanda bütün tədbirlərimiz tez bir zamanda başa vurmağa çalışdıq. Çünki mövsümə yaxşı başlamaq üçün bu önəmliydi. Uzun marafondu. Hər bir xal bizə vacibdir, amma daha önəmli olan komandanın inkişafıdır. Ümid edirik ki, bundan da yaxşı ola bilərik.

- Mövsümdə məğlubiyyət yaşadığınız hər iki oyunda da komanda azlıqda qalıb. Qırmızı vərəqələr olmasaydı, nəticələr də fərqli ola bilərdimi?

- VAR sistemi olduğu üçün bütün epizodlar incələnir. Buna görə də futbolçuların diqqətli olması önəmlidir. Biz də bunun üzərində işləyirik. Çünki azlıqda qalmaq çətindir. Həm də növbəti oyunlarda həmin futbolçulardan istifadə edə bilmirik. 11 nəfərlə qalsaq necə olacağını demək çətindir. Amma istənilən halda nəticə qazanmaq üçün sona qədər 11 nəfərlə mübarizə aparmaq önəmlidir.

- VAR-dan söz düşmüşkən bu sistemə münasibətiniz necədir?

- Düzdü, VAR-ın olması böyük zaman alır. Nə qədər xoşumuza gəlməsə də görürük ki, VAR olmasa səhvlər çox ola bilər.

- Futbol ictimaiyyətinin yekdil rəyi odur ki, "Turan Tovuz" mövsümə gözləniləndən də yaxşı start götürdü. Bunun xüsusi sirri varmı? Və ya belə başlanğıcda hansı detallar önəmli rol oynadı?

- Belə fikrin olması normaldı. Çünki komanda 9 ildən sonra Premyer Liqaya yüksəlirdi. Sıfırdan yığılan komandanın necə qurulması önəmliydi. Müəyyən zamanla çempionata uyğunlaşmaq lazım idi. Digər komandalar neçə illərdi Premyer Liqada iştirak edir. Bəlli heyətləri, sistemləri var. Onlarla mübarizə aparmaq çox çətindir. İlk öncə seleksiyanı düzgün apardıq. Çünki 9 ildən sonra yüksək liqaya qayıdan komandaya oyunçu cəlb etmək çox çətin idi.

- Bəs bu çətinlik necə aradan qaldırıldı?

- Klubun köklü olması, güclü azarkeş ordusunun varlığı, rəhbərliyin işə düzgün yanaşması onların buranı seçməsində rol oynadı. Bu gün də görürük ki, yaxşı start götürüblər. Halbuki sabiq klublarında eniş yaşayırdılar. Bir çox futbolçuları icarəyə götürdük. Klublar sağ olsun ki, bu imkanı bizə yaratdı. Bütün kollektiv olaraq əl-ələ verib çalışırıq. Təməli yaxşı qurmaq istəyirik. Gənc futbolçularımızın milli komandalara dəvət almasın istəyirik. Çətinlik var və olacaq. Amma ümid edirik ki, sonda istədiyimiz nəticələri əldə edə biləcəyik.

- Yeni yaranmış komanda üçün indiki fasilənin yerində olduğunu bilərik, yoxsa bu, komandanı yaxaladığı müəyyən ritmdən sala bilər?

- Qarşıda bizi ağır qrafik gözləyir. Bir ayda 5 oyunumuz olacaq. Son oyunda zədəli meydana çıxanlarımız, zədəyə görə ümumiyyətlə kənarda qalan oyunçularımız vardı. Ümid edirəm ki, bu baxımdan fasilə işimizə yarayacaq. Futbolçuların bir-birini daha yaxşı başa düşməsi üçün indiki məşqlərə ehtiyac vardı. Əvəzedici komanda ilə yoxlama oyunumuz oldu. Gənclərə də yaxından baxdıq. Futbolçularımız da bilir ki, qarşıda ağır oyunlar var. Ümid edirik ki, həmin oyunlarda da əzmkarlıq göstərə biləcəyik.

- "Zirə" və "Sumqayıt"ardınca, indi də "Turan Tovuz"da yeni və uğurlu komanda formalaşdırırsınız. Yorulmamısız?

- Yorulmaq desəm, düzgün çıxmaz. Bu, bizim işimizdir. Özüm seçdiyim peşədir. Çətinliklər olsa da, bəhrəsin görəndə insan sevinir. Bu gün də sevinirəm ki, həm “Zirə”də, həm də “Sumqayıt”da işimin bəhrəsin gördüm. Klub ilklərə imza atdı və ilklər heç vaxt unudulmur. İnşallah, bu gün də “Turan Tovuz”a əlimdən gələn köməyi yorulmadan etməyə hazıram. Yalnız özüm yox, bütün rəhbərlik, məşqçilər heyəti, akademiya üzvləri, futbolçularda bu həvəsi görürəm. Belə olanda özüm də daha çox həvəslənirəm. Hər bir işdə xeyir var. Bu gün buradayamsa, deməli, xeyirlisi budur. Allahdan hər zaman istəyirəm ki,I xeyirlisi nədirsə, onu da qarşımıza çıxartsın.

- Amma ortaya qoyduğunuz işlərlə hazır və daha iddialı komandalarda çalışmağı da haqq edirsiniz...

- İnşallah, Allah qismət edər. Bunun da ləzzəti başqadır.

- Deyəsən, indiki şərtlərdə buna ümidiniz azdır...

- Yox, əlbəttə, elə deməzdim. Ümid edirəm ki, klubların sayı artar. Büdcələri, iddiaları çoxalar. Uzunmüddətli planları olan rəhbərlər çox olar. Belədə məşqçilərə də asan olar. Məşqçilərin üzərinə düşəni də daim inkişaf eləməkdir. Hər gün bizə praktikadır və bundan faydalanmaq, təcrübə yığmaq lazımdır.

XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti