“Ona verdiyimiz pulu bilsəz...” – De Byazi həmkarını bu qərarı ilə təəccübləndirib

24 Sentyabr 2022 20:00 Müsahibə 1 289
“Ona verdiyimiz pulu bilsəz...” – De Byazi həmkarını bu qərarı ilə təəccübləndirib

Ötən mövsümün sürpriz komandası çempionatı 4-cü sırada başa vurmaqla avrokuboklara vəsiqəni təmin etmişdi.

Builki Premyer Liqa mövsümündə bölgə təmsilçisindən daha artığı gözlənilsə də, “qırmızı-qaralar” ardıcıl qələbələri sıraladığı vaxtda 3 oyunda məğlub olmaqla işini çətinə saldı.

“Sumqayıt”la sonuncu qarşılaşmada əldə olunan qələbə komandanı “Səbail” və “Qarabağ” oyunları öncəsi komandanı toparlamalıdır.

Lakin kollektivin fasilə dönəmindəki hazırlığı itkilərlə keçirməsi ortada şübhələr yaradır.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevlə söhbətdə komandası ilə bağlı ortaya çıxan bir çox suallara cavab tapmaq istədik.

- Fasilə yerinə düşdü?

- Bizdən asılı olan məsələ deyil. Bütün komandalar kimi biz də bu dönəmdən səmərəli istifadə etməyə çalışırıq. Belə deyim, bu cür toplanışlar komandalara fayda verir.

- Amma komandada itkilər də az deyil.

- Bəli, itkilərimiz var. Zədə səbəbindən Ürfan Abbasov, Rüfət Əhmədov və Yaovi Akakpo komandaya kömək edə bilmir. Onlardan əlavə Omar Hani, Səlahət Ağayev və Emil Səfərov millilərin düşərgəsindədir. Qalan futbolçular bizimlədir, hazırlığı davam etdiririk.

- Rafael Utziqlə Ramon Maçado istirahət üçün Dubaya getmişdi. Gəliblər?

- Onlardan başqa İsnik Alimi də yaxınlarına baş çəkmək üçün Şimali Makedoniyaya getmişdi. 3 günlük fasilədən maksimum yararlanmağa çalışdılar. Məşqlər bərpa olunan gün – sentyabrın 21-i hamısı düşərgədə idi.

- Yaovi ilə Rüfətin zədəsi sağalana oxşamır. Düzəlmişdilər, yenidən sıradan çıxdılar...

- Heç bir futbolçu zədədən sığortalanmayıb. Rüfət ikinci ayağından da əməliyyat keçirdi. Müalicəsi və bərpası 3-4 ay çəkəcək. Yaovidə vəziyyət bir az başqadır. Çarpaz bağlardan əməliyyat olunmuşdu, həmin zədəni sağaldıb, yaxşıdır. Dizindəki qığırdaqlar narahatlıq verir ona. Yaxın günlərdə onu növbəti müayinə üçün Türkiyəyə göndərmək istəyirik. Ondan sonra durumunun nə yerdə olduğunu dəqiq biləcəyik.

- Birdəfəlik göndərmək fikriniz yoxdur?

- Nə mənada?

- Ortaq məxrəcə gəlib yola sala bilərsiniz. Onsuz da 1 ildən çoxdur komandaya fayda vermir. Qayıdandan sonra da hansı vəziyyətdə olacağı bilinmir.

- O, küçədə gəzəndə zədə almayıb ki, dediyiniz kimi edək. Komandaya kömək etmək üçün oynayanda meydanda zədələnib. Belə olduğu halda insanın haqqına girmək olmaz.

- Ortaq məxrəcə verib yola sala, ona verdiyiniz maaşa başqa futbolçu gətirə bilərsiniz.

- Ona verdiyimiz pulu bilsəniz, bəlkə də bu sualı verməzdiniz.

- Çox azdır?

- Əlbəttə. Həm aldığı pulun məbləği çox deyil, həm də çətin dönəmlərdə komandamıza kömək etmək istəyəndə zədələnib.

- 7 oyundan sonra 12 xal və 4-cü pillə. İstədiyiniz “Qəbələ”ni görə bilirsiniz?

- Düzgün inkişaf yolundayıq və bundan da yaxşı ola biləcəyimizi düşünürəm. Çünki komandada daha yaxşı oynamaq və daha çox qələbə qazanmaq üçün lazım olan potensial var. Komandama inanıram.

- “Qəbələ” ardıcıl 3 oyunda məğlub oldu. Komandada nə baş verirdi?

- Heç nə baş vermirdi. Sadəcə futbolda olan şeydir. Bəzən hər şey heç də istədiyin kimi getmir. Bəziləri eniş deyir, mən bununla razılaşmıram. Eniş komandanın oyun planında “axsaması”, meydanda heç nə edə bilməməsidir. Şükür, bizdə elə şey yox idi. Hətta uduzduğumuz matçlarda belə, rəqiblərlə başa-baş oynayır, qol imkanları yaradırdıq. Açıq deyim, məğlub olduğumuz görüşlərdə belə, komanda meydanda istədiyimi göstərə bilirdi. Bəzi anlarla diqqətsizlik olurdu, bəzən konsentrasiya çatmırdı.

- Vaxtilə millidə çiyin-çiyinə oynadığınız Mahmud Qurbanovla Premyer Liqada ilk dəfə məşqçi kimi üz-üzə gələcəksiniz. “Səbail”lə oyun sizə nə deyir?

- Düzdür, indiyə qədər məşqçi kimi heç vaxt rəqib olmamışıq. İnşallah, ayın 30-da qarşılaşarıq.

- Səfər matçında “Qəbələ”dən nə gözləyirsiniz?

- Çempionatımızda asan rəqib yoxdur. Oyuna rahat yanaşacaqsansa, rəqib səni hər tərəfdən cəzalandıracaq. Bizi ağır səfər matçının gözlədiyinin fərqindəyik. Komanda olaraq “Səbail”lə qarşılaşmaya köklənməyə çalışacağıq.

- “ASCO Arena”ya səfər öncəsi sizi qorxudan nəsə var?

- Futbol qorxunu sevmir. Yeganə ehtiyat etdiyimiz məqam meydanın süni örtüklü olmasıdır. Bu, təkcə bizi yox, bütün komandaları narahat edir. Amma reqlament nəyi tələb edirsə, ona uyğun addım atmalıyıq.

- “Qəbələ”dən Azərbaycan millisinə cəmi bir nəfərin – Səlahət Ağayevin dəvət olunmasına münasibətiniz necə oldu? Halbuki Ağayevin yanında Rövlan Muradov, Məqsəd İsayev, Murad Musayev, İlkin Qırtımov da ola bilərdi.

- Baş məşqçinin qərarına qarışmaq istəmirəm. Baxır, nəticə çıxarır və qərarını verir. Mənim qərara münasibət bildirməyim düzgün olmaz.

- Məlum məsələdir, məşqçinin həmkarı haqda fikir bildirməsi normal qarşılanmır və buna görə də şablon cavablara üstünlük verirsiniz. Bir şeyi bilmək istəyirəm, komandanızdan yalnız Səlahətin dəvət olunmasına təəccübləndiniz, yoxsa yox?

- Açığı, daha bir nəfərin də çağrılacağını düşünürdüm.

- Kimin?

- Xeyr, ad çəkməyəcəyəm. Yenə deyirəm, qərar baş məşqçinindir. Futbolçularıma həvəsdən düşməyib daha çox çalışıb növbəti toplanışlarda dəvət gözləməyi tövsiyə edirəm.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti