"Məğlubiyyətlər bizi də narahat edir, amma..." - "Şamaxı"lı ilə MÜSAHİBƏ

25 Sentyabr 2022 21:40 Müsahibə 710
"Məğlubiyyətlər bizi də narahat edir, amma..." -

Azərbaycan millisinin Millətlər Liqasındakı Slovakiya və Qazaxıstan yığmalarına qarşı oyunlarına görə Premyer Liqada iki həftəlik fasilə yaranıb.

Elə "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli ilə müsahibəmiz də "Şamaxı"nın fasiləyə qədərki çıxışı və fasilə müddətindəki hazırlığı ilə bağlı oldu.

- Yeni mövsüm öz axarı ilə davam edir. Artıq 7 tur arxada qalıb. Komandanı bu turlara görə necə dəyərləndirirsiz?

- Bildiyiniz kimi komandamız ölkə çempionatının geridə qalan 7 turunda iki bərabərlik əldə etməklə iki xal qazanıb. Son turda "Kəpəz" klubu ilə səfərdə keçirilən autsayderlərin görüşündə ilk hissədə öndə olsaq da sonda məğlub olduq. Düzdü, hazırda sonuncu pillədəyik, amma ümid və inam var ki, yuxarı sıralara qalxa bilərik.

- İki bərabərliklə bərabər, 5 oyunda da məğlubiyyət qeydə alınıb. Bu, sizi nə dərəcədə narahat edir?

- Təbii ki, məğlubiyyətlər bir məşqçi kimi bizi də narahat edir, amma çempionatın əvvəlindən belə bir problemləri gözə almışdıq.

- Yəni hazırkı gedişat surpriz deyil?

- Bizi kluba dəvət edəndə rəhbərliyin istəyi ilə maraqlı strategiya və uzun müddətli plan hazırlandı. Bu strategiya önümüzdəki çempionat dövrünün komandamızın daha çox gənclərdən təşkil olunmuş yalnız yerlilərdən ibarət futbolçularla davam etdirilməsi idi. İstəyimiz daha çox gənclərdən təşkil olunmuş dinamik, hücumda və müdafiədə sürətli komanda təşkil etməkdir.

- 7 oyuna görə bunu nə dərəcədə bacardığınızı düşünürsüz?

- Geridə qalan 7 turda desəm ki, bu, alınmayıb, yalan olar. Heyətimizin çox üzvü indiyə qədər Premyer Liqada 90 dəqiqə oyun keçirməmişdi. "Şamaxı" klubu bu futbolçlara şans yaradır ki, özlərini göstərə bilsinlər. Müxtəlif səbəblərdən qollar buraxsaq da ümumi fikrimizcə komanda maraqlı oyun sərgiləyir. Hiss edirik ki, düzgün yoldayıq.

- Amma etiraf edək ki, futbolda qələbə önəmli faktordu. Bəzən bir qələbə bütün problemləri unutdurur. Məğlubiyyətlərdə isə əksi ola bilər. Sizdə bu baxımdan vəziyyət necədir?

- Hər dəfə məşqçi kimi nəticə baxımından narahatçılıq keçirəndə Rəhbərliklə strategiyamız haqqında görüşlər keçirilir. Rəhbərlikdə olan insanların Azərbaycan futboluna olan sevgisi məni heyran edir. İnşallah, önümüzdəki müddətdə strategiyamız və planımız üzrə davam edəcək və daha yaxşı "Şamaxı" görəcəyimizə əminəm.

- Premyer Liqada legionersiz oynayan yeganə komanda "Şamaxı"dır. Oyunlarda bu boşluq özünü nələrdə daha çox büruzə verir?

- Uzunmüddətli planımızda daha çox gənclərdən ibarət yerli futbolçularla işləmək olsa da ,necə gəldi və kimi gəldi gəncdir deyə komandaya dəvət edə bilmərik. Ən çox çətinlik çəkdiyimiz keyfiyyət məsələsidi. Bu da başa düşüləndir. Futbolçuların çoxu əvvələr öz komandalarında oyun dəqiqəsi az əldə edirdilər. Əsas məqsəd uzunmüddətli işlə potensialını daha da artıra biləcək, gələcəyi perspektiv vəd edən futbolçuları komandaya dəvət etməkdir. Belə futbolçular çoxdur və nəzərimizdədir. Hamısının öz komandalarında müqavilələri var, amma çox az müddət oynayırlar. Biz onlara perespektiv vəd edirik, şans veririk. İlk ilimizdi deyə bəziləri kluba inamsızlıq, bəzilər daha yaxşı maaşla öz klublarında ehtiyyatda oturmağı seçdi. Amma ilk yeddi turda oynadığımız oyun və strategiyamız bir çox gənc üçün yenidən bizə olan marağı artırıb. Qış transfer dövründə inanıram ki, göz altı etdiyimiz perespektiv vəd edən oyuncuları komandaya cəlb edə biləcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu