“Mən də bunu nəzərə alıb, “Sabah”ın təklifinə isti yanaşdım" - La Liqada oynamış legioner

22 Sentyabr 2022 20:40 Müsahibə 2 957
“Mən də bunu nəzərə alıb, “Sabah”ın təklifinə isti yanaşdım" - La Liqada oynamış legioner

Abdulaye Ba karyerasındakı klub adlarına görə Azərbaycana gəlib-getmiş ən gözəgəlimli legionerlərdən biridir.

Yayda “Sabah”ın Portuqaliya “Aruka”sından heyətinə cəlb etdiyi ucabəy mərkəz müdafiəçisi ölkəmizə gələnə qədər La Liqada “Rayo Vallekano”, Portuqaliya elitasında “Portu”, “Vitoriya”, “Moreyrense”, Super Liqada “Fənərbağça” və “Alanyaspor” kimi komandaların şərəfini qoruyub.

Premyer Liqamızda çıxış etdiyi gündən səviyyəsini ortaya qoyan 31 yaşlı futbolçu hazırda həm komandasının, həm də çempionatın seçilən müdafiəçilərindən hesab olunur.

Ölkə çempionatda yaranmış fasilədən istifadə edib Ba ilə müsahibədə karyerası ilə bağlı çoxlarının marağına səbəb olan suallara cavab tapmağa çalışdıq.

- 3 aya yaxındır Azərbaycandasan. Bakını indiyə qədər yaşadığın hansı şəhərlərə bənzədirsən?

- Azərbaycanı və Bakını elə də çox gəzmək imkanım olmayıb. Yeganə tanıdığım yer Masazırdır. Çünki günün çox hissəsini burada keçirirəm. Bir də Qəbələni görmüşəm, əla yerdir. Açığı, daha çox gəzib-görmək istəyirəm. Ümid edirəm ki, qarşıdakı zamanda bu mənə nəsib olacaq. Azərbaycandakı insanlar çox qonaqpərvər və mehribandır. Ona görə də hər yeri gəzmək istəyirəm.

- Hər ölkənin, şəhərin özünəməxsus cəhətləri var. Azərbaycanda səni təəccübləndirən nə oldu?

- Gəldiyim gündən heç nəyə təəccüblənməmişəm. İnsanlar haqda fikrimi dedim. Açığı, ən çox bəyəndiyim də budur. Kənardan gələnlərin rənginə baxmırlar, adam qaradır, ağ, yaxud da yaşıl. Tam səmimiyyətimlə deyirəm, bu gün Azərbaycanda olduğuma görə xoşbəxtəm.

- Hər bir şəhərin mənfi və müsbət cəhətləri var. Bakıda sənə çətinlik yaradan nədir?

- Bəlkə də başqa dinə qulluq etsəydim, hansısa mənada çətinlik çəkdiyimi düşünərdim. Amma İslam ölkəsi olan Azərbaycanda mənə çox rahatdır. Hər gün, hər yerdə müsəlman qardaşlarımı görürəm və bu mənə xoş gəlir.

- Ötən mövsüm Portuqaliya Premyer Liqasında “Aruka”nın şərəfini qoruyurdun və komandanın əsas heyət üzvlərindən idin. “Portu”, “Benfika”, “Sportinq” kimi komandalara qarşı oyunları qoyub “Kəpəz”, “Şamaxı”, “Sumqayıt”a qarşı mübarizə aparmaqda əsas rolu maliyyə oynadı?

- Avrokuboklarda iştirak etmək hər futbolçunun arzusudur. Mən də “Sabah”ın avrokuboklarda çıxış etmək şanslarını nəzərə alıb təklifə isti yanaşdım (Abdulaye Ba 12 illik futbolçu karyerasında avrokuboklarda 13 oyun keçirib, 1 qol vurub – H.).

- Vild-Donald Gerye – bu ad sənə nə deyir və onu necə xatırlayırsan?

- Çox yaxşı xatırlayıram, “Alanyaspor”da komanda yoldaşı olmuşuq.

- Münasibətiniz qalırmı?

- Əlbəttə, qalır. Gerye mənə qardaş qədər yaxın olan dostdur. Düzünü desəm, Azərbaycandan təklif alanda Donaldla da məsləhətləşdim. O, bu mövzuda mənə çox kömək etdi.

- Nə dedi?

- Yalnız və yalnız xoş sözlər söylədi. Azərbaycan çempionatı və ümumi ölkə haqda ağızdolusu danışdı.

- Nani, Bruno Alveş, Robi Van Persi, Rikardo Kuaresma, Fernando, Raul de Tomas kimi tanınmış futbolçularla komanda yoldaşı olmusan. Kimlərlə indiyə qədər əlaqən qalır?

- Demək olar adlarını sadaladığınız futbolçuların hamısı ilə. Bu cür oyunçularla eyni sırada olmaq, onlarla eyni paltardəyişmə otağını bölüşmək mənim üçün böyük fəxr və unudulmaz hadisədir.

- La Liqa, Bundesliqa, Portuqaliya Premyer Liqasında oynamış futbolçu Seneqal millisində cəmi 6 oyuna çıxıb. Sənə etimad göstərilməməsinin kökündə nə dayanıb?

- 2012-2013-cü illərdə Seneqal Futbol Federasiyasında ciddi qalmaqallar baş qaldırmışdı. Davalar, çəkişmələr oldu, stadionlara sanksiyalar tətbiq edildi. O vaxt rəhbərliklə danışdım və başa saldım ki, bundan sonra diqqəti ailəmə və klubuma ayırmaq istəyirəm. Ondan sonra millidə oynamadım.

- Karyeranda 10-cu qırmızı vərəqəni “Qarabağ”la oyunda aldın. Hakim hər iki sarı vərəqədə haqlı idi?

- Həyatda baş verən pis şeyləri dərs kimi qəbul etməliyik. Yaxşı şeyləri isə silah kimi qəbul edib gələcəkdə yaşananlar üçün hazır dayanmalıyıq. “Qarabağ”la oyun keçmişdə qaldı. Olanlar orada qaldı və biz həmin matçda uduzduq. Bundan artıq nəsə demək istəmirəm.

- Azərbaycan çempionatında indiyə qədər gördüyün mərkəz müdafiəçilərindən kim diqqətini çəkib?

- Bəhlul Mustafazadədə adından söz etdirən mərkəz müdafiəçisi üçün lazım olan hər şey var.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti