"Dilini dinc saxlamayan" baş məşqçi: "Yalan danışmıram, haqq tapdalamıram"

20 Sentyabr 2022 11:40 Müsahibə 1 367
"Dilini dinc saxlamayan" baş məşqçi: "Yalan danışmıram, haqq tapdalamıram"

Bu mövsümdən I Divizionda çıxış etməyə başlayan «Araz-Naxçıvan»ın baş məşqçisi Azər Bağırov Sportinfo.az-ın suallarını cavablanıdırıb.

- Rəhbərliyin komandaya ayırdığı diqqət heç bəzi Premyer Liqa klublarında yoxdur…

- Doğrudan da bu gün «Araz Naxçıvan»da struktur yüksək səviyyədə qurulub. 1-ci Divizion təmsilçiləri arasında ən yaxşı şərait Naxçıvanda yaradılıb. Hətta əksər Premyer Liqa təmsilçilərindən idarəetmə, maliyyə və digər kriteriyalarda geri qalmırıq.

- Komandaya gəldikdən sonra istər Region Liqasında, istərsə də 1-ci Divizionda maksimum nəticə göstərmisiniz. Bunu gözləyirdiniz?

- İşlədiyim komandalarda həmişə nəticə verməyə çalışmışam və sevindirici haldır ki, hələ üzüqara olmamışam. Bura gələndə də birinci məqsədim yaxşı kollektiv formalaşdırmaq idi və məncə bunu bacardıq. Yaxşı kollektiv olan yerdə nəticə də olacaq.

- Komandanın qarşısına qoyulan məqsədlər… Nə qədər xal itkisi rəhbərliyi və azarkeşləri narazı sala bilməz? İlk dövrədən sonra maksimum xal hədəfi nə qədərdir?

- Məqsədimiz çempion olmaqdır. Bundan əlavə, mehriban, döyüşkən, intizamlı komanda formalaşdırmaqdır. Bu, vacib amildir. Hələki bu yöndə nəsə problem görmürəm. Əgər komanda Premyer Liqaya çıxmağı hədəfləyibsə, indidən o səviyyədə kollektiv qurmaq lazımdı. Futbolçunun meydandakı keyfiyyətlərindən tutmuş insani keyfiyyətlərinə kimi hər şey yüksək səviyyədə olmalıdı. O ki qaldı ilk dövrədən sonrakı maksimum hədəfə, hər oyuna qələbə üçün çıxırıq. Belədə təbii ki, hədəf maksimum nəticədir. Amma bu, futboldur, büdrəmələr ola bilər. Top komandalar belə heç vaxt çempionatı 100 faiz nəticə ilə başa vura bilmirlər.

- Bəziləri Azər Bağırovu «dilini dinc saxlamayan» məşqçi kimi qələmə verirlər. Bu xasiyyət klub rəhbərliyi ilə problem yaratmır ki?

- Bunu mən də eşitmişim. Qoy mənə çox danışan desinlər. Amma inanın ki, heç vaxt yalan danışmamışam. Bəli, emosional insanam. Ola bilər, bəzən fikirlərimi emosional şəkildə ifadə etmişəm. Əsas odur ki, yalan danışmıram, haqq tapdalamıram. «Çox danışan» Azər Bağırovun bu gün klub rəhbərliyi ilə münasibətləri əladır. Sağ olsunlar, normal işləmək üçün bütün şərait yaradılıb, rəhbərliyi həmişə komandanın yanında görürəm. Sevinirəm ki, mən də, komandam da, onların gözləntilərini doğrulda bilirik.

- Qış fasiləsində komandada dəyişiklik gzlənilir?

- Əlbəttə, dəyişikliklər olacaq. Hətta mövsümün gedişində də mümkündür. Məqsədim komandanın onurğa sütununu saxlamaq və möhkəmləndirməkdir. Bunun üçün isə dəyişikliklər vacibdir.

- Komandanın ən böyük problemi sanki yol problemidir. Oyunlara gedib-gəlmək çoxmu çətinlik yaradır?

- Düzü, əvvəl-əvvəl çətinliklərin olacağını düşünürdük. Zaman göstərdi ki, yanılmışıq. İnanın ki, bu günə kimi komandanın oyunlara gedib-gəlməsində heç bir problem olmayıb. Bütün işlər peşəkarlıqla qurulduğundan hər hansı çətinliklə üzləşmirik. Bura bilet almaqdan tutmuş, oteldə yerləşməyə qədər hər şey daxildir.

- Yeni yaradılan akademiyada işlər necə gedir?

- İntensiv şəkildə böyük işlər görülür. Bir neçə ildən sonra akademiyamızın bəhrəsini dadacağıq. Əminliklə deyirəm, akademiyamız ölkədə ən yaxşılardan olacaq. Bundan təkcə «Araz Naxçıvan» deyil, Azərbaycan futbolu faydalanacaq.

- Komanda Premyer Liqanı hədəfləyib. Artıq bu yöndə işlərə start verilib, yoxsa mövsümün başa çatmasını gözləyirsiz?

- Hər günün öz hökmü var. Əvvəldən qurulmuş plan üzrə fəaliyyət göstəririk. Bu gün üzərimizə düşən işi bu gün görməyə çalışırıq. Premyer Liqaya yüksəlmək üçün təkcə nəticə önəmli deyil. Başqa vacib kriteriyalar var. Premyer Liqada oynamaq üçün klubun üzərinə düşən bütün vəzifələrin həllini indidən planlaşdırırıq və fikrimcə, növbəti mövsüm azarkeşlər daha böyük «Araz Naxçıvan» görəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti