“Bəzən gülüb-danışır, bəzən əsəbləşir” - “Neftçi”nin “ağsaqqal”ı görün nələr dedi!

19 Sentyabr 2022 20:00 Müsahibə 1 920
“Bəzən gülüb-danışır, bəzən əsəbləşir” - “Neftçi”nin “ağsaqqal”ı görün nələr dedi!

Yayda avrokuboklardakı uğursuzluqdan sonra “Neftçi”nin ölkə çempionatında necə təsir bağışlayacağı maraqla gözlənilirdi.

Yeni baş məşqçi ilə yola çıxan yenilənmiş “ağ-qaralar” psixoloji gərginliyi üzərindən atıb Premyer Liqaya uğurlu start verməliydi ki, cari mövsümdə “Qarabağ”la bakılılar arasında maraqlı mübarizəyə şahidlik edək.

Laurentsiu Regekampfın yetirmələrinin hələ ki, ümidləri doğrultduğunu deyə bilərik. “Neftçi” 7 turdan sonra “Qarabağ”la eyni – 18 xal toplamaqla turnir cədvəlinin liderlər sırasında yer alıb (ağdamlılar 1 oyun az keçirib – H.).

Çempionatda fasilə yaranmışkən yaydan bu yana olan dönəmə və bundan sonrakı mümkün yaşananlara göz gəzdirmək üçün komandanın ən təcrübəli yerli qapıçısı Aqil Məmmədovla danışmağı lazım bildik.

- Yəqin ki, “Səbail” üzərindəki inamlı qələbədən sonra düşərgədə ab-hava qaydasındadır.

- Bu dəqiqə futboldan danışmaq, futbola köklənmək olduqca çətindir. Son günlər döyüş bölgəsində yaşananlar, bu qədər şəhid verməyimiz, yaralıların olması hər birimiz üçün ağır xəbərdir. Allar ordumuza, zabit və əsgərlərimizə kömək olsun! Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Futbola gəlincə, son oyunlarda əldə etdiyimiz qələbələr komandada özünəinamı artırıb, ruh yüksəkliyi yaradıb. Ümumi vəziyyət yaxşıdır. Əsl mübarizə irəlidədir, bu tempi qoruyub-saxlamalıyıq.

- Görünən odur ki, Avropa Konfrans Liqasındakı uğursuzluğu unutmağı bacarmısınız. Çempionatın əvvəlində sanki komandada gərginlik var idi.

- Düz qeyd edirsiniz. “Rapid”lə Bakıdakı oyunda layiqli qələbə qazandığımız halda, səfərdə məğlub olub mübarizəni dayandırmaq hər birimizə pis təsir etmişdi. Açığı, bir müddət həmin görüşün şokunu yaşadıq. Amma tədricən anladıq ki, keçmişlə yaşamaqla, təsir altında qalmaqla heç nə düzəlməyəcək. Bu mənada məşçilər heyəti bizə çox kömək etdi. Toparlandıq, 1-2 qələbə qazandıq, indi də davamını gətirməyə çalışırıq.

- Oktyabrın ilk günündə çempionatın bəzəyi olan “Qarabağ” – “Neftçi” qarşılaşmasına şahidlik edəcəyik. Ağdamlılar çempionatda rəqib tanımır, avrokuboklarda “böyük beşlik” komandalarına “meydan oxuyur”. Həyəcan var?

- “Qarabağ”ın hansı gücə, hansı heyətə sahib olduğunu bütün Azərbaycan bilir. Bu cür komandaya qarşı oynamaq asan deyil. Ancaq “Neftçi”də peşəkar futbolçuların cəmləndiyini unutmamalıyıq. Rəqibin adından çəkinməyə, yaxud həyəcanlanmağa gərək yoxdur. Hər oyuna qələbə üçün çıxırıq. İnşallah, “Qarabağ”la görüşdə də məqsədimiz 3 xal qazanmaq olacaq.

- “Neftçi” güclü rəqibini nəyin hesabına üstələyə bilər?

- Bunu indidən demək çətindir. Meydana çıxıb futbolumuzu oynayacaq, baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Öz oyunumuzu oynamalı, əzmkarlıq göstərməli, güclü olduğumuzu sübut etməliyik. İnanıram ki, məqsədimizə çatacağıq.

- “Neftçi”nin cari mövsümdə də sona qədər çempionluğa iddia edəcəyini demək istəyirsən?

- Mütləq və mütləq. Başqa yolumuz yoxdur. “Neftçi”ni tanıdığım gündən bu komanda hər zaman çempionluq üçün oynayıb. Ənənəni davam etdirmək borcumuzdur. İnşallah, zaman keçdikcə indikindən də yaxşı nəticələr qazanacağımıza inanıram. Sadəcə yeni futbolçuların tam uyğunlaşması üçün vaxt lazımdır.

- 1 illik ağır zədədən sonra yaşıl meydanlara qayıtmısan. Bəzən İvan Brkiçi də “çərçivə”də görürük. Sanki məşqçilər heyəti qapıçılara növbəli sistemlə şans verir.

- Qayıdanda ilk vaxtlar çətinlik çəkirdim. Bu da normaldır. Vaxt keçdikcə şükürlər olsun, özümə gəldim, toparlandım. Brkiç bacarıqlı qapıçıdır, bunu mütləq qeyd etməliyəm. Məşqçilər heyəti hər ikimizin formada qalmağımız üçün növbəli sistemlə şans verir. Məncə, bu, hər ikimizin xeyrinədir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti