“Kim “Qəbələ”yə gəlirsə…” – Ağayevdən maraqlı etiraflar

17 Sentyabr 2022 16:20 Müsahibə 1 137
“Kim “Qəbələ”yə gəlirsə…” – Ağayevdən maraqlı etiraflar

Yayda heyətini gücləndirərək yeni mövsümün startında iddiasını ortaya qoyan “Qəbələ”nin işləri hələ ki, qaydasında getmir.

Bölgə təmsilçisi Premyer Liqaya ardıcıl 3 qələbə ilə başlasa da, yolun davamında əsas rəqibləri ilə matçlarda aldığı 3 məğlubiyyət komandanın turnir cədvəlindəki mövqeyinə öz təsirini göstərdi.

İndiki məqamda sual doğuran məqam “Qəbələ”də nələrin baş verməsi və “qırmızı-qaralar”ın bu vəziyyətdən necə çıxacağıdıq.

Komandanın qapıçısı Səlahət Ağayevlə söhbətdə bu və digər suallara aydınlıq gətirməyə çalışdıq.

- Komandada ümumi ab-hava, ümumi vəziyyət necədir?

- Şükür, hər şey yaxşıdır. “Sumqayıt”la oyuna hazırlaşırıq,

- Ardıcıl məğlubiyyətlərin stresini üzərinizdən ata bilmisiniz?

- Dəhşətli bir şey baş verməyib ki, stresə düşək, pis vəziyyətdə olaq. Çempionat uzun marafondur, həmişə qalib gəlmək olmur. Uduzduğumuz oyunlarda futbol oynamışıq. Rəqibdən çəkinsəydik, qol vura bilməsəydik, ya da top saxlamağı bacarmasaydıq, siz deyən olardı. Əsas odur komandada oyun var.

- Elə sual da budur. Niyə məzmunlu oynayıb uduzursunuz? Hücum xəttində yer alanlar qol vura bilmir deyə, yoxsa müdafiə və qapı xəttində problemlər var?

- Məğlubiyyəti mövqelərə bölməyi doğru hesab etmirəm. Uduzuruqsa, deməli, burada hücumçudan qapıçıya qədər hamının səhvi, diqqətsizliyi var. Futbol komanda oyunudur. Qələbədə hamımız qəhrəman olduğumuz kimi, uduzanda da hamımız günahkar oluruq. Son 3 oyunda məğlub olmuşuq, eybi yox, qarşıdakı matçlarda qələbələri sıralamağa çalışacağıq.

- Maraqlıdır ki, komandanın işi pis getmirdi. Məhz iddialı rəqiblərlə görüşlərdə yenilgilər yaşandı. İşiniz çətin olacaq bu gedişlə.

- Sizə deyim ki, bu çempionatda zəif rəqib anlayışı yoxdur. Bu dəqiqə bütün komandalar bir-birindən xal ala biləcək gücdədir. Ona görə də rəqibləri iddialı və ya iddiasız adlandırmaq istəmirəm. Sadəcə, son 3 oyunda imkanlardan yararlana bilmədik, bəzən bəxtsizlik özünü göstərdi. Bu, sırf dönəmlə bağlıdır, rəqiblərin adı ilə bağlı yox.

- Yeni gələn legionerlər sanki komandaya tam uyğunlaşa bilməyib.

- Yeni gələnlər təkcə legionerlər deyil, mən və İlkin Qırtımov da komandaya yayda qoşulmuşuq. Gəldiyimiz ilk günlərdən istər yerli, istərsə də legionerlərlə daim söhbət edirik, ünsiyyətdə oluruq. “Qəbələ” elə bir komandadır ki, burada mühitə uyğunlaşmamaq, çətin çəkmək mümkün deyil. Kim gəlirsə, dərhal komandaya uyğunlaşır. Bu da klub rəhbərliyi ilə məşqçilər heyətinin kollektivə olan xoş münasibəti, mehriban davranışına görədir.

- 7-ci turdakı rəqibiniz cari mövsümdə qələbə üzünə həsrət qalan, heyətində 10-a yaxın legionerin yer aldığı “Sumqayıt”dır. Rəqibiniz Qəbələyə yaralı aslan qismində gəlir.

- Bayaq dediyim kimi, bu çempionatda zəif rəqib yoxdur. Hansısa komanda qələbə qazanmaya bilər, yaxud ardıcıl 3-4 tur uduzar. Bu, o demək deyil ki, kimsə kimdənsə zəifdir. Ona görə də tək “Sumqayıt”la yox, digər komandalarla da oyunlarımız çətin olacaq. Görərsiniz, son illərin ən maraqlı çempionatına şahidlik edəcəyik.

- Deyirsən, komanda sayının artması gərginliyə, mübarizəyə təsir edəcək?

- Əvvəlki çempionatlarda komandaların gücü arasında fərq aşkar hiss olunurdu. 5-10 turdan sonra sonluğu təsəvvür etmək mümkün olurdu. Bu çempionatda elə bir şey təsəvvür edirsiniz? Məncə, yox. Çünki “Qarabağ”ı çıxsaq, qalan 9 komandanın gücü demək olar eynidir. Həm də bölgə komandalarının sayının artması da Premyer Liqaya rəng qatıb. Hansısa komanda məğlub olsa belə, əzmkarlıq göstərir, sona qədər dirəşir.

- Yəqin ki, “Sumqayıt”la oyunda ikiqat əzmlə oynayacaqsan.

- Nə mənada?

- Ötən mösvüm sən “Sabah”ın qapısını qoruyanda, məhz bu komandaya məğlubiyyət sizi avrokuboklara vəsiqədən etmişdi.

- Yaşananlar ötən mövsümdə qaldı. “Sabah”da oynasaydım, bəlkə də prinsipiallıq qalardı. Amma indi “Qəbələ”dəyəm və komandamın uğurlarını düşünürəm. Motivasiyaya gəlincə, onsuz da hər oyunda meydana əzmlə, həvəslə çıxıram.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti