“Maraqlı heç nə yoxdur, darıxdırıcıdır” – Tovuzun Runisindən ŞOK AÇIQLAMALAR

11 Sentyabr 2022 20:40 Müsahibə 1 797
“Maraqlı heç nə yoxdur, darıxdırıcıdır” – Tovuzun Runisindən ŞOK AÇIQLAMALAR

Onun ölkəmizə gəlişi ilə bağlı xəbər marağa səbəb olmuşdu.

Dünyaca ünlü Ueyn Runinin soyadını daşıyan Runi Evanın “Turan Tovuz”da peyda olması insanlarda məşhur futbolçunun qohumunun Azərbaycana gəlişi ehtimalı yaratmışdı.

25 yaşlı kamerunlu forvard bölgə təmsilçisinə qoşulandan sonra qol vurmaq bacarığını nümayiş etdirməkdədir. “Səbail“lə matçda debütünü rəsmiləşdirdi, Natan Oduvanın vurduğu qələbə qolunun pasını verdi.

“Şamaxı” ilə qarşılaşmanın son dəqiqələrində qalibiyyət topuna imzasını yazdırdı. Qərb derbisində isə biz onun ifasında dubl izlədik.

Futbolçu karyerası əsasən Yunanıstan klubları ilə bağlı olan, ömrünün bir neçə ilini Avropanın gəzməli-görməli ölkəsində keçirən Runi indi Tovuzda yaşamağı seçib.

Müsahibəyə də elə Tovuzda vaxtını necə keçirməsindən başladıq.

- Bakıdan fərqli Tovuzda artıq payız fəsli özünü göstərir. Vaxtınızı necə keçirirsiniz?

- Bütün günü bazadayıq. Məşqə gedib-gəlirik, bazada oluruq. Maraqlı heç nə yoxdur.

- Xoş vaxt keçirməyə yer yoxdur?

- Xeyr, darıxdırıcıdır. Amma bura futbol oynamaq üçün gəlmişik, fikrimizi əsasən məşqlərə, oyunlara yönəldirik.

- Belə deyim, peşəkarlıq nümayiş etdirirsiniz.

- Təbii ki. Şəhər darıxdırıcıdır demək istəyirəm. Bunun futbola aidiyyatı yoxdur.

- “Turan Tovuz”dan təklif alanda bu məqamı nəzərə almamışdın?

- Təklif alanda şəhər haqqında heç nə bilmirdim. Soruşanda, maraqlananda bildim ki, klub rəhbərliyi və baş məşqçi yaxşı insanlardır. Ona görə də təklifi qəbul edib gəldim.

- O vaxta kimi ölkəmiz və ya futbolumuz haqda heç nə bilmirdin? Yəqin ki, Tovuzun da adını eşitməmişdin.

- Tovuz haqda ümumiyyətlə heç nə bilmirdim. Yalnız Azərbaycanın adını eşitmişdim. Buna baxmayaraq, geniş məlumatlara sahib deyildim.

- Karyeranı tanımadığın, bilmədiyin ölkədə davam etdirmək barədə qərar vermək çətin olmadı?

- Yaxın bildiyim adamla danışdım, lazım olan bilgiləri aldım. O, mənə Azərbaycan haqqında xoş sözlər söylədi.

- Burada oynamış sabiq futbolçulardan idi, yoxsa agent?

- Menecer.

- Müxtəlif mövqelərdə oynamaq bacarığın var. Sənə hansı mövqe daha rahatdır?

- Hücumameylli futbolçuyam. Baş məşqçinin oyun üslubundan asılı olaraq hücum xəttinin istənilən yerində oynaya bilirəm. Şəxsi fikrimi bilmək istəyirsinizsə, “9 nömrə” kimi daha rahat oluram.

- Azərbaycana gəlişin marağa səbəb olmuşdu.

- Niyə?

- Adına görə. Runi adını daşımağın meydanda sənə əlavə motivasiya verir? Dostların hansısa futbolçu bacarığına görə səni onunla müqayisə edir?

- Mən Runiyəm, amma Ueyn Runi deyiləm. Ueyn Runi fərqli çempionatda, fərqli futbolçularla, fərqli məbləğ qarşılığında oynayıb. Ona görə də bizi oxşatmaq, müqayisə aparmaq mümkünsüzdür.

- Oyun üslubunuza görə oxşarlıq və ya fərqlilik görən olmayıb?

- Fikrimcə, biz fərqli oyun üslubunda futbolçularıq. O, daha çox “10 nömrə” kimi yadda qalıb. Mən isə hücumun sivri ucunda yer alıram. Adlarımız eyni ola bilər, futbolçu keyfiyyətləri və mövqe baxımından fərqliyik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti