“Frayburq” 3:1 hesabı ilə qalib gələcək” – Tanış sima Almaniyadan “Sportinfo”ya danışdı

8 Sentyabr 2022 13:00 Müsahibə 1 642
“Frayburq” 3:1 hesabı ilə qalib gələcək” – Tanış sima Almaniyadan “Sportinfo”ya danışdı

Cümə axşamı azərbaycanlı futbolsevərlərin gözləri mavi ekrana dikiləcək.

Bu gün ölkəmizin Avropadakı qüruru “Qarabağ” Avropa Liqasının qrup mərhələsindəki ən güclü rəqibi “Frayburq”un qonağı olacaq.

Hazırda Bundesliqada liderlik edən Kristian Ştrayxın yetirmələrinə qarşı oyunun Azərbyacan təmsilçisi üçün çətin keçəcəyi sirr deyil.

Belə vəziyyətdə hər iki ölkənin futbolu ilə yaxından tanış olan, “Frayburq”la “Qarabağ”ın oyun üslubuna bələd olan futbol mütəxəssisi ilə danışmağa gərək vardı.

Vaxtilə Azərbaycanın U-17 və U-19 millilərini çalışdırmış, hazırda “Ayntraxt”ın (Frankfurt) Beynəlxalq Əlaqələr və Skautinq Departamentinin rəhbəri vəzifəsini icra edən Nikolay Adam Sportinfo.az-a verdiyi müsahibədə qarşılaşma ilə bağlı sualları cavablandırıb.

- Bu gün “Frayburq” Avropa Liqasında mübarizəyə start verəcək.

- Bilirəm, bilirəm.

- Rəqibin kimliyindən də mütləq ki, xəbərdarsınız.

- (gülür) Rəqibin kimliyini çoxdan bilirəm – “Qarabağ”la oynayacaqlar. Buradakı işimiz hər nə qədər çox olsa da, ümumi vəziyyətdən xəbər tuta bilirəm.

- Gözləntiləriniz nədir bu oyundan?

- Çox maraqlı, gərgin və hər iki komanda üçün çətin matç olacaq. “Qarabağ” Almaniya Bundesliqasının bugünkü liderinə qarşı mübarizə aparacaq. Bunun nə demək olduğunu hamımız anlayırıq. Eyni zamanda, bu, “Frayburq”un avrokuboklar tarixində Azərbaycan təmsilçisi ilə ilk dueli olacaq.

- Frayburqa gedəcəksiniz?

- Yox-yox, inanmıram. Burada işlərim həddən artıq çoxdur.

- Az öncə Bundesliqanın hazırkı lideri ifadəsini işlətməklə “Qarabağ”ın işinin çətin olacağına işarə vurdunuz sanki.

- “Frayburq” ildən-ilə özü haqda xoş fikirlər formalaşdırmaqdadır. Hər il “artırırlar”. Burada baş məşqçi amilinin xüsusi rolu var. Ştrayx uzun müddətdir komandanın başındadır. Bu gün Almaniyada savadına görə sevilən və tanınan məşqçilərdən hesab olunur. “Frayburq” büdcəsinə görə “Bavariya”, “Borussiya” (Dortmund), “Bayer Leverkuzen”, “Leypziq” kimi klublardan geri qalır. Buna baxmayaraq, sərgilədikləri futbol və qazandıqları nəticələr hesabına pulun önəmli olmadığını sübut etməkdədirlər.

- Favorit meydan sahibləridir, sözsüz.

- Daxili yarışmalarda beynəlxalq təcrübə bəlkə də xüsusi rol oynamır. Çünki rəqiblər bir-birini kifayət qədər tanıyır. Amma avrokuboklarda beynəlxalq təcrübə olduqca vacib amildir ki, bu mənada “Qarabağ” bir addım öndədir.

- “Qarabağ”ın müdafiə futbolu sərgiləməsi, yəqin ki, rəqibin xeyrinə olar. Görməyə alışdığımız futbolu sərgiləməlidir, deyilmi?

- “Frayburq”u Bundesliqadan çox yaxşı tanıyıram. Onu deyə bilərəm ki, hücum etməyi sevən, bunu bacaran və rəqib qapısına yol tapa bilən komandadır. “Qarabağ” müdafiə xəttində yaxşı təşkilatlanmalıdır, çox-çox diqqətli olmalıdır. “Frayburq”un bütün Almaniyaya məlum olan üstün cəhəti var ki, “Qarabağ”ın məşqçilər heyəti mütləq bundan xəbərdardır.

- Hansı cəhəti?

- Standart vəziyyətlərdə olduqca təhlükəlidirlər. “Duran toplar”ı məharətlə yerinə yetirirlər. Künc və cərimə zərbələri zamanı qarşısıalınmaz görünürlər. Statistikaya görə, standart vəziyyətlərin uğurla yerinə yetirilməsində Bundesliqanın ən yaxşı komandalarından biridir.

- Bəxtimizdən “Qarabağ” bu cəhətdə “axsayır”.

- Ona görə də üstün cəhətlərini qeyd etdim. Vinçenzo Qrifo “açar ötürmələr”in verilməsində, standart vəziyyətlərin yerinə yetirilməsində kifayət qədər bacarıqlıdır.

- Üstün tərəfləri kimi, mütləq ki, mənfi cəhətləri də var.

- Bu barədə nəsə demək çətindir. Bundesliqanın liderində, bu gün turnir cədvəlində “Bavariya”nı qabaqlaran komandada nöqsan tapmaq... (gülür və fikirləşmək üçün vaxt istəyir) Mənə görə “Qarabağ” önündə mənfi saya biləcəyimiz cəhətləri avrokubok təcrübəsinin az olmasıdır. Oyun planında problem tapmaq çətindir. Hə, bir də Bakıya 5-6 saatlıq səfər və iqlim dəyişikliyi “Frayburq”un ziyanına ola bilər.

- “Qarabağ”ın oyun üslubunu bilirsiniz. Topa nəzarəti sevən, texnikalı futbolçuların bacarığına güvənən, nisbətən ehtiyatlı oynayan komandadır. Bu, xeyrimizə ola bilər?

- Sizə deyim ki, “Frayburq”da topa nəzarət edir, qısa ötürmələrdən yararlanır, bir sözlə, kombinasiyalı futbol sərgiləyir. Demək ki, iki səviyyəli komandanın ifasında maraqlı oyuna baxacağıq.

- Azarkeşləri Almaniyada adından söz etdirib?

- Yeni tikilmiş, müasir standartlara cavab verən stadionları var. Azarkeşləri möhtəşəmdir. Yəqin ki, “Qarabağ”la görüşdə stadionu tam dolduracaqlar. Amm uzaq Bakıya böyük kütlə ilə səfər edəcəklərinə inanmıram.

- Proqnozunuz nədir?

- Məncə, “Frayburq” 3:1 hesabı ilə qalib gələcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti