Bakıda tanışlarını tapdı, xəbərsiz olduğunu dedi: “Bura gəlməkdən imtina etmişdim”

2 Sentyabr 2022 19:40 Müsahibə 2 049
Bakıda tanışlarını tapdı, xəbərsiz olduğunu dedi: “Bura gəlməkdən imtina etmişdim”

Bu yay Azərbaycana gəlmiş legionerlərin arasında baxımlı karyeraya sahib olanlar çoxluq təşkil edir.

Onlardan biri də vaxtilə Portuqaliyanın yüksək dəstəsində “Riu Ave”nin şərəfini qorumuş, BATE ilə Belarus çempionu olmuş, Rumıniyada “Politexnika Yaşi”, Qazaxıstanda “Şaxtyor Karaqanda”nın formasını geyinmiş, son 3 ili İsrail elitasında keçirmiş Kizito Luvaqadır.

28 yaşlı uqandalı hücumçu "Səbail”də hələ ki, istədiyi futbolu sərgiləyə bilmir. Lakin meydandakı hərəkətləri ilə təcrübəsini əməlli-başlı hiss etdirir.

Kizito Sportinfo.az-a müsahibəsində bir sıra suallara aydınlıq gətirib.

- Bakıda özünü necə hiss edirsən?

- Hər şey yüksək səviyyədədir. Bakı fantastik şəhərdir, şəxsən buranı çox bəyənirəm. Şəhəri tam gəzmək imkanım olmasa da, gördüklərim məni valeh edib. Ən vacibi odur ki, indiyə qədər heç bir problemlə üzləşməmişəm.

- Eyni sözləri “Səbail” haqda da deyə bilərsən?

- Əlbəttə. Xoşuma gələn keyfiyyət burada ailə atmosferinin olmasıdır. Komandada möhtəşəm ab-hava var. Hamı bir-birinə dəstək olur, hər imkanda yardım əlini uzatmağa çalışır. Futbolçular üçün yaradılan şəraitin də yaxşı olduğunu deməliyəm. Fikrimcə, doğru seçim etmişəm və buna görə qətiyyən peşman deyiləm.

- Karyeranda 10-a yaxın klub adı görmək mümkündür. “Səbail” onlardan nə ilə fərqlənir? Yeni klubunun özəlliyi nədir?

- Özəllik? Burada gördüyüm birliyi qeyd edə bilərəm. Mövsümə necə başlamağınız yadınızdadır. Ardıcıl 2 oyunda məğlub olduq, 3-cüdə heç-heçə etdik. 3 oyundan sonra cəmi 1 xalımız vardı. Başqa klublarda bu cür hallarda qeyri-müəyyənlik yaranır, rəhbərlik komandadan incik düşür, uzaqlaşır, bir sözlə, parçalanma olur. Amma “Səbail”də əksini gördüm. Rəhbərlik yanımızda oldu, məşqçilər ürək-dirək verdi, yekunda toparlanıb böyük hesabla qələbə qazandıq. Halbuki həmin dönəmdə problemlərin baş qaldıracağını təxmin edirdim.

- Azərbaycan klubundan təklif alanda münasibətin necə olmuşdu?

- Nə gizlədim, Azərbaycan və Azərbaycan futbolu haqda məlumatsız idim. Təklif alanda dərhal vaxtilə bu ölkədə çıxış etmiş futbolçularla əlaqə saxladım. Biri ötən mövsüm “Səbail”də çıxış etmiş Domantas Şimkus idi, digəri 3-4 il əvvəl “Səbail”də oynamış Miya Faruk. Şimkusla 2 il əvvəl “Hapoel Kfar Saba”da komanda yoldaşı olmuşuq, Farukla yığmada çiyin-çiyinə oynamışıq.

- Nə dedilər?

- Hər ikisindən yalnız xoş sözlər eşitdim. Onlarla söhbətdən pozitiv enerji alaraq karyeramı “Səbail”də davam etdirməyə qərar verdim.

- Azərbaycan çempionatının səviyyəsi haqda nə deyə bilərsən?

- Ümumi səviyyə haqda danışmaq tezdir. Cəmi 4 tur arxada qalıb. Amma indiyə qədər gördüklərimə əsasən onu deyə bilərəm ki, komandadan komandaya fərq var. Məsələn, yoldaşlıq görüşündə qarşılaşdığımız “Sabah”la “Qarabağ”ın səviyyəsi açıq-aşkar hiss olunur. Amma digər komandaların gücü təxminən eynidir. Ümumi götürsək, çempionatdakı mübarizə maraqlı keçir.

- Bildiyimə görə, bundan əvvəl də sənə Azərbaycan klubundan təklif olub.

- Bəli, xatırlayıram.

- Hansı klubdan idi?

- Ad çəkməyim doğru olmaz. Sövdələşmə baş tutmayıbsa, nəsə danışmağım etik cəhətdən düzgün deyil.

- Niyə baş tutmamışdı?

- Açığı, mən imtina etmişdim.

- “Qarabağ”la oyunda epizodların birində Julio Romao ilə dialoqun olmuşdu. Tanışsınız?

- Uzun illər Portuqaliyada top qovmuşam, Romao da “Qarabağ”a Portuqaliyadan gəlib. Amma tək o deyil. “Qarabağ”dakı solaxay yarımmüdafiəçini də tanıyıram.

- Marko Yankoviçi?

- Hə-hə. Ötən mövsüm İsrail çempionatında bir-birimizə rəqib idik. Başqa komandalarda da üzdən tanıdığım bir neçə futbolçu var.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti