"Bəzi şərtlər var, onları yerinə yetirməyə söz versələr, işləmək olar"

1 Sentyabr 2022 16:40 Müsahibə 1 381
"Bəzi şərtlər var, onları yerinə yetirməyə söz versələr, işləmək olar"

“Kəpəz”in baş məşqçi postuna hansı mütəxəssisin gətiriləcəyi gündəmin əsas sualıdır.

Şahin Diniyevin növbəti dəfə Gəncədə işləməkdən imtina etməsindən sonra gözəl Yunis Hüseynova dikilib.

Əslən Gəncədən olan təcrübəli mütəxəssis 4 il əvvəl vaxtilə futbolçu kimi yetişdiyi komandanın “sükanı” arxasında olub.

Üstəlik, şəhərdə kifayət qədər nüfuz sahibidir, sevildiyini deyə bilərik.

Namizədlər arasında digər məşqçilərin də adı hallanır. Belə vəziyyətdə Yunis bəylə əlaqə saxlayıb fikirlərini dinləmək maraqlı olardı ki, onunla əlaqə saxladıq.

- “Kəpəz”in baş məşqçi postu boş qalıb...

- Doldurarlar, inşallah.

- Sizinlə?

- Onu mən deyə bilmərəm. Kluba cavabdeh şəxslərə ünvanlanmalı olan sualdır.

- Gəncəli futbol azarkeşləri, mütəxəssislər “Kəpəz”də yerli məşqçinin çalışmasının vacibliyini qeyd edir.

- “Kəpəz”in azarkeşlərinə böyük hörmətim var. Onların Azərbaycan futbolunda öz yeri olub həmişə. Gəncəli futbolsevərlər futbolsuz qalmamalıdır. Onlar doğma komandalarını gözlərinin qarşısında görməlidir. “Kəpəz” rəqiblərini öz stadionunda qəbul etməlidir. Bu yaxınlarda efirdəki çıxışımda da bildirmişdim ki, tribunaların bəzi hissələri qəzalı vəziyyətdə olsa da, müəyyən qismində azarkeşlərin əyləşməsinə icazə vermək olar.

- Bugünkü vəziyyət məlumdur, Fövqəladə Hallar Nazirliyi icazə vermir. Gedib dava edəsi deyilik ki.

- Orası elədir. Mən fikrimi bildirirəm ki, “Kəpəz” ev oyunlarını Gəncədə keçirsə, nəticələr fərqli ola bilər.

- Nəticələri yaxşıya doğru dəyişmək olar?

- İndiki vəziyyətdə çox çətin görünür, amma düzəltmək üçün çalışmaq olar.

- Psixoloji durum yaxşı deyil, yoxsa heyət yetərsizdir?

- Hər iki amil özünü göstərir. Üstəlik, az öncə dediyim fakt – komandanın ev oyunlarını Gəncədə keçirməməsi. Komanda “evdə” oynasa, düzəltmək olar.

- Adınız namizəd qismində hallanır. Əlaqə saxlayan olub sizinlə?

- Xeyr.

- Olsa..
- Baxarıq də. Olmayan şey haqqında danışmağı sevmirəm.

- Bu qədər problemin fonunda işləməyə razılıq verərsiniz? Məsələn, Şahin Diniyev təklifdən imtina etdiyini deyib.

- Nə bilim, vallah. Bəzi şərtlər var, həmin şərtləri yerinə yetirməyə söz versələr, işləmək olar.

- “Kəpəz”in builki oyunlarını izləmisiniz?

- Əlbəttə.

- Komanda çox zəifdir?

- Sizə deyim ki, “Zirə” ilə birinci oyundan xalla ayrılmaq olardı. Komandanın sərgilədiyi oyun 1 xala layiq idi, hətta qələbə də qazana bilərdilər. İlk matçda uduzmasaydılar, hadisələrin axarı fərqli cür olacaqdı. Sonrakı rəqiblər – “Neftçi”ylə “Qəbələ”nin gücü hamımıza məlumdur. Avrokuboklarda oynayıblar, oturuşmuş heyətləri var, belə deyim, bu gün hər ikisi “Kəpəz”dən güclüdür.

- Bəs, “Səbail”lə sonuncu qarşılaşma?

- İlk hissədə “Kəpəz” “Səbail”dən daha yaxşı oynayıb hesabda önə keçmişdi. Sadəcə, fasilədə “Səbail”dəki əvəzetmələr komandanın oyununu xeyli gücləndirdi. Gürcü futbolçu (Mate Kvirkviya – H.) ilk hissədə qol şansından yararlana bilsəydi, yekun nəticə fərqli ola bilərdi. Fasilədən sonra “Kəpəz”in azlıqda qalması, üstəgəl, “Səbail”in heyətindəki əvəzetmələr oyunda sözünü dedi. Açıq danışsaq, “Zirə” və “Səbail”lə qarşılaşmalardan xal(lar)la ayrılmaq mümkün idi.

- Bu gün də “Qarabağ”la oynayırlar.

- Bu dəfə lap çətin olacaq. Həm rəqib çox güclüdür, həm də komandada çox sayda itki var. Yenə də ümid edək ki, “Kəpəz” əzmkarlıq göstərəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti