Köməkçisi istefaya gedənin adın eşidib “od püskürdü”: “Ona vaxtında demişdim ki...”

31 Avqust 2022 20:00 Müsahibə 3 522
Köməkçisi istefaya gedənin adın eşidib “od püskürdü”: “Ona vaxtında demişdim ki...”

“Kəpəz”də baş məşqçi postundan istefaya göndərilən Yaşar Vahabzadə gizlənmək yolunu seçib.

Artıq bir neçə gündür evində dincələn təcrübəli mütəxəssis zənglərə cavab vermir.

Vahabzadənin komandanı saldığı çıxılmaz vəziyyətlə bağlı deyəcəkləri çoxları üçün maraq doğurur. İşlədiyi dönəmdə gecə-gündüz mətbuata açıqlama verən adam indi üzə çıxmağa cəsarət tapmır.

Əvəzində illərdir onunla çiyin-çiyinə işləmiş Vidadi Rzayev ilk zəngimizdəcə dəstəyi qaldırıb suallarımızı məmnuniyyətlə cavablandırdı.

Həm də elə-belə yox. Onu və digər məşqçilərin çörəksiz qalmasına səbəb olan Vahabzadənin ünvanına açıq fikirlər səsləndirməklə.

- Necəsiniz? Neynirsiniz?

- Yaxşı olasınız. Bu günümüzə şükür olsun. Evdəyəm, oturmuşam.

- İstirahət edirsiniz?

- İstirahət etmirəm, istirahətə göndərdilər (gülür).

- Yerinə düşdü yəqin. Yayda doyunca istirahət edə bilməmişdiniz.

- İstirahət edə bilməmişdik deyəndə ki... Nə bilim, danışmağa o qədər şey var ki.

- Vəziyyətin bu cür olacağını hiss edirdiniz, gözləyirdiniz yəqin.

- Düzünü deyim ki, belə olacağını mən indi yox, əvvəldən bilirdim.

- Hansı vaxtdan?

- Komanda Gəncədə, sonra da Bakıda təlim-məşq toplanışı keçəndə bilirdim ki, belə olacaq. Onda heç çempionat başlamamışdı, təqvim bilinmirdi.

- Nədən hiss etmişdiniz? Rəhbərliyin kluba münasibətindən, yoxsa komandanın içində baş verən proseslərdən?

- İllərdir futbolun içindəyik. Görürsən də vəziyyəti. Əvvəldə yaşananları görəndə sonluğun necə olacağını hiss edirsən axı. Görülən işlər indiki sonluğa doğru gedirdi.

- Büdcənin təsdiqlənməməsi, maliyyənin yubanması də müəyyən mənada rol oynadı?

- Guya “Şamaxı” ilə “Turan Tovuz”un büdcəsi təsdiqlənmişdi ki? Onlarla eyni büdcədə, eyni vəziyyətdə idik. Necə oldu onlar xal topladı, biz sıfırda qaldıq?

- Baş məşqçi Yaşar Vahabzadə yox, başqası olsaydı da, eyni durum olacaqdı?

- İnanmıram eyni durum olardı. Yəqin ki, başqa cür olardı, bundan daha yaxşı.

- Baş məşqçinin əsas köməkçisi idiniz. Məsləhətləşirdiniz? Fikirlərinizi dinləyirdi?

- Gəl bunları hələlik kənara qoyaq.

- Uğursuzluqda Vidadi bəyin rolu var?

- Mənim nə rolum olacaq ki?

- Məşqçilər heyətində yer almışdınız da?

- Mən fikirlərimi, gördüklərimi baş məşqçiyə demişəmsə, o, öz bildiyini edibsə, mənim nə günahım ola bilər? Mən ona vaxtında lazım olan sözləri demişdim.

- Bundan sonra nə etmək fikriniz var?

- Camaat pis yerdə oturub cənnətə düşür, mən özümünkünün yanında cəhənnəmə getdim. Biri var, insanın günahı olur, deyirsən ki, uğursuzluqda mənim də payım var. Biri də var, günahsız ola-ola kənarda qalırsan.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti