COP29

“Heç rəhbərliyin də “Neftçi”dən xəbəri yoxdur, yad adamlardır - Evin bir kişisi olur”

29 Avqust 2022 20:40 Müsahibə 2 054
“Heç rəhbərliyin də “Neftçi”dən xəbəri yoxdur, yad adamlardır - Evin bir kişisi olur”

“Neftçi”də işləməyi haqq etdiyi halda bu gün kənarda qalanlardan biri də Kamal Quliyevdir.

Vaxtilə futbolçu kimi uzun illər ağ-qara formanı geyən, sonradan məşqçi kimi “Neftçi”nin “qızıl” dönəmində komandada köməkçi-məşqçi kimi çalışsan Quliyev indi illərini verdiyi kluba lazım deyil.

Hazırda işsiz olan mütəxəssislə əlaqə saxlayıb müxtəlif mövzular ətrafında söhbətləşdik.

-Neynirsiniz? Nə işlə məşğulsunuz?

- Oğlumu futbola gətirmişəm, məşq edir, mən də baxıram.

- İşləmirsiniz?

- Hələ ki, işsizəm. “Şamaxı”dakı məlum dəyişikliklərdən sonra müqavilə imzalamadım. Gərək hər şey ürəyincə ola, sevə-sevə işləyəsən. Peşəkarlıq başqa şeydir.

- İşsiz çətin deyil?

- Əlbəttə, çətindir. Bir müddət gözləyək, bəlkə kiməsə lazım olarıq, xidmətimizə ehtiyac duyular.

- Müvəqqəti Bakı-Ağsu yolundasınız, yoxsa...?

- Mən vaxtımı uşağa, məşqlərinə ayıraram. Görək, yetişdirib hara çıxara bilirik. Hələ ki, maşınla sürücü işləyir.

- Maaşsız, pulsuz çətindir.

- Qurban olum Allaha, ruzimizi yetirir. Hardan olsa yetirir. Özümün canım sağ olsun, atamın canı sağ olsun.

- “Sumqayıt”la “Turan Tovuz” oynayır. Nə əcəb stadionda deyilsiniz?

- Uşağı məşqə gətirmişəm. Bu dəqiqə mənə uşağın gələcəyindən başqa heç nə yoxdur. Allahın verdiyi paydır, bəlkə gələcəkdə uşaqla üzüm gülər.

- Ölkə çempionatını izləyirsiniz?

- İmkan olduqca baxıram. O gün “Sabah”la “Neftçi”nin oyununa baxdım. Ondan əvvəl “Kəpəz”lə “Zirə”ni izləmişdim. Çempionat başlayandan 3-4 oyuna baxmışam.

- “Neftçi”ni xüsusi diqqətlə izləyirsiniz yəqin.

- Baxıram, təəssüf edirəm.

- Niyə?

- Bu heyətlə nə etmək istəyirlər, anlamıram. Açıq-aşkar yerli futbolçu qıtlığı müşahidə olunur. Legionerlərin səviyyəsi də həmişəki kimidir. Gətirdikləri xaricilərin səviyyəsi “Neftçi”nin adına görə deyil. 1-2 nəfəri çıxmaq olar, onlar da əvvəldən komandada olan futbolçulardır. “5 nömrə” var, solaxay. O nə deyib gətiriblər, bilmirəm.

- Kenni Sayef...

- Hə, ay sağ ol. Onun oyunu mənə çatmır. Bəlkə də yanılıram, səhv deyirəm, amma ondan heç nə anlamıram. “Rapid” və “Sabah”la oyunlarda 3-4 real qol şansını əldən verdi. Legioner 100 faizlik topu vura bilmirsə, neynirəm onu? Texnikası var, onun hesabına topu sağa-sola çəkməklə nəsə etməyə çalışır. Son vuruşları yox dərəcəsindədir.

- “Neftçi”nin dərdi böyükdür.

- Dərd həmişə yuxarıdan qaynaqlanır.

- “Sumqayıt” niyə güvənmir sizə? Hər halda bu şəhərin yetirməsi hesab olunursunuz.

- Mən “Sumqayıt”a müraciət etməmişəm axı iş versinlər. Kimlərinsə qapısında yatan, qarşısında əyilən adam deyiləm. Futbolçu kimi nəyə qadir olduğumu göstərmişəm, məşqçi kimi də özümü təsdiq etmişəm. “Neftçi”nin ən yaxşı vaxtlarında klubda işləmişəm, “Neftçala”nı iki dəfə Birinci Divizionun çempionu etmişəm. Durub gedib kiməsə deyim ki, mənə iş verin. Mənlik deyil. “Neftçi”dən “Neftçala”ya getməyim yadınızdadır?

- Nə mənada?

- O vaxt “Neftçi”də köməkçi-məşqçi işləyirdim, işim də kifayət qədər rahat idi. “Neftçala”dan baş məşqçi təklifi gəldi, aylıq 4-5 min manat az maaş fərqi ilə getdim ki, təcrübəmi artırım, özümü sübut edim. Sadı Sadıqova Allah can sağlığı versin, dedim, özümü baş məşqçi kimi sınamaq istəyirəm, icazə verin gedim. Ömrüm boyu Sadıq müəllimə borcluyam. Məni “Neftçi”yə dəvət edib, “bura sənin evindir, bu klubda sən işləməlisən, haqqın var” deyən o kişi olmuşdu. “Neftçala”ya gedəndə də həmin sözləri dedi. Dedi, “nə vaxt gəlsən, qapılar üzünə açıqdır”.

- İndi “Neftçi”nin baş məşqçisi də, köməkçiləri də rumınlardır.

- “Neftçi”dən xəbəri olmayanlar. Heç rəhbərliyin də “Neftçi”dən xəbəri yoxdur, yad adamlardır. “Neftçi” Sadıq Sadıqovun gedişi ilə bitdi. Kollektivi, ailəni, şəraiti yaradan rəhbər olur. Necə deyərlər, evin bir kişisi olur. O kişi Sadıq Sadıqov idi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!