AFFA-nın baş katibi: "Yaxın zamanda böyük futbolda..."

22 Avqust 2022 10:40 Müsahibə 2 104
AFFA-nın baş katibi: "Yaxın zamanda böyük futbolda..."

Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı ilə minifutbol üzrə milli komandamızın Avropa çempionluğuna həsr olunan “Doqquzuncu an” filminin təqdimat mərasimi keçirildi.

Tədbirə gələn qonaqlar arasında AFFA-nın baş katibi Sərxan Hacıyev də vardı. Filmi AMF-nin prezidenti Taleh Nəsibovla bərabər izləyən Sərxan bəy sonda Sportinfo.az-ın suallarını cavablandırıb.

O, öncə filmlə bağlı təəssuratlarını bölüşüb.

- Doğurdan da film çox xoş təəsuratlar bağışladı. Fürsətdən istifadə edib bir daha Minifutbol Federasiyasın, Avropa Çempionu olan futbolçu və məşqçi heyətin təbrik edirəm. Bir müddət əvvəl əldə etdikləri nəticə çox böyük nəticə idi. Və o cür nəticədən sonda belə filmin çəkilməsi birmənalı şəkildə təqdirəlayiqdir. Belə filmin ərsəyə gəlməsi yeni idmana başlamaq istəyənlər üçün də böyük motivasiyadır. O baxımdan da bunda əziyyəti olan hər kəsə əhsən düşür.

- Bu gün burada olmağınızı gələcəkdə AMF-nə AFFA-nın dəstək mesajı kimi qəbul edə bilərikmi?

- Əlbəttə ki, biz AMF ilə işbirliyi qurmağa hər zaman hazırıq. Bu tədbirə AMF-nin rəhbəri Taleh bəy dəvət etdi, biz də məmuniyyətlə gəldik. Gələcəkdə də hər hansı işbirliyi təklifi olarsa, bunu da müzakirə etməyə hazırıq.

- Filmi bərabər izlədiniz. Tədbirdən əvvəl və sonra da təklikdə söhbətiniz gözdən qaçmadı. Bu, hər hansı işbirliyinin müzakirəsi idi, yoxsa...

- Hazırda bütün fikir filmə yönəlmişdi. Ona görə də hər hansı detallı müzakirə apara bilmədik. Amma gələcəkdə müəyyən məsələlər müzakirə oluna bilər.

- Minifutbol millimizin Avropa Çempionu olmasından sonra əksəriyyətdə belə bir fikir formalaşdı ki, qısa müddətdə niyə minifutbolda uğur qazanmaq olur, amma böyük futbolda yox? Bu yöndə sizin fikriniz necədir?

- Desək ki, yaxın zamanda böyük futbolda da bunu görə bilərik, bu, qeyri-real olar. Çünki arada fərqlər çox böyükdür. Amma bu günə qədər olandan daha yaxşı nəticələri yaxın zamanda böyük futbolda göstərə biləcəyimizi düşünürəm. Digər tərəfdən futbol deyəndə biz bunun digar sahələri barədə də danışa bilərik. Və o sahələrdə də yaxşı nəticələr göstərmək bizim əsas istiqamətimizdir. Məsələn, ola bilər ki, böyük futbolda yox, məhz çimərlik futbolunda belə nəticə göstərək. Sadəcə, hər bir sahənin öz reallıqları var.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti