Uğurları ilə gündəmdə olan federasiya prezidenti “Sportinfo”ya danışdı

20 Avqust 2022 19:00 Müsahibə 807
Uğurları ilə gündəmdə olan federasiya prezidenti “Sportinfo”ya danışdı

Dünən minifutbol üzrə milli komandamızın Avropa çempionluğuna həsr olunan “Doqquzuncu an” filminin təqdimat mərasimi keçirildi.

Qonaqlar arasında yer alan Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Taleh Nəsibov tədbirin sonunda Sportinfo.az-ın sualların cavablandırıb.

Taleh bəy öncə filmlə bağlı təəssuratlarını bölüşüb.

- Çox möhtəşəm film alındığını düşünürəm. Ərsəyə gəlməsində başda Sərxan İbrahimoğlu olmaq şərti ilə bütün komandanın rolu böyükdür. Fikir ondan gəldi, biz də dəstəklədik. Gözəl alınıb və gələcəkdə bütün idmançılarımıza bir motivasiya rolunu oynayacaq. Əlbəttə ki, bu bir tarixdir. 10 il, 50 il keçsə də gələcək nəsillərimizə bir örnək olaraq qalacaq. Gələcək nəsillər də baxıb fəxr edəcək ki, belə qəhrəmanlar olub.

- Tarixi uğur olduğunu dilə gətirdiniz. Qarşıdan Dünya Çempionatı gəlir. Növbəti tarixi yazmaq üçün hazırlıq necə gedir?

- Hazırlıq artıq başlayıb. Alfa Fair liqası bitən kimi komandalara istirahət verildi. Çünki bütün komandalarda bizim oyunçular vardı. Fasilədən dərhal sonra baş məşqçimiz məşqlərə start verdi. Biz Dünya Çempionatına daha diqqətli hazırlaşmalıyıq. Burada bütün qitələrdən ölkələr iştirak edəcək. Aralarında Meksika, Braziliya kimi güclü kollektivlər var. Onu da nəzərə almalıyıq ki, sonuncu Avropa Çempionu kimi rəqiblər indi bizə qarşı daha ciddi hazırlaşacaqlar. Komandanın bütün üzvləri buna uyğun hazırlaşmalıdır. 2 üzvümüz "Berbaşa" komandası ilə Çempionlar Liqasına gedəcək. Digər milli üzvlərinin yer aldığı "Zəfər" komandası isə MDB ölkələrinin iştirak etdiyi turnir üçün Qazaxıstana yollanacaq. Bunda məqsəd Elşad müəllimin oyunçuları yenidən gözdən keçirməsidir. Dünya Çempionatına gedəcək heyət məhz orada formalaşacaq. Başqa turnirlərin olması da gözlənilir. Belə yarışlara qatılmaq bizim komandamız üçün çox vacibdir.

- Bu işlərin görülməsinə az maliyyə tələb olunmur. Avropa Çempionu olan komandaya maraq kifayət qədər artıb. Bəs yeni sponsorlar necə, varmı?

- Bəli, var. "Azercell" şirkəti ilə müqavilə bağlanacaq. Sağ olsunlar dərhal bizə dəstək olmaq istədiklərini bildirdilər. Məmuniyyətlə təklifi qəbul etdik. Əlbəttə, əsas sponsor olaraq "Azfarqroup" şirkəti qalır. Biz bu günə qədər öz gücümüz hesabına ayaqda qalmışıq. Amma istənilən şirkətin, təşkilatın dəstəyi bizə vacibdir. Ümumiyyətlə, hər bir klubun, federasiyanın maddi dəstəyə ehtiyacı var. Bu baxımdan hər biri üçün qapılarımız açıqdır. Cənab prezident də bizi mükafatlandırmışdı. Həmin mükafatın da hamısın minifutbolun inkişafı üçün istifadə edirik. Gənclər və İdman nazirliyindən daim dəstək göstərirlər. Düşünürəm ki, bu dəfə daha çox dəstək göstəriləcək. Fərid müəllim də bu barədə danışıb.

- Qazanılan uğurdan sonra komandadan gözləntilər də çoxalıb. Dünya Çempionatı öncəsi bu üzərinizdə əlavə təzyiq yaradırmı?

- Təzyiq olduğunu deməzdim. Amma əlavə məsuliyyətdir. Futbolsevərlər bizdən daha yaxşısını gözləyir. Uşaqların əhvalı yaxşıdır. Gözəl baş məşqçimiz var. Uşaqları necə motiviyası etmək lazım olduğunu bilir.

- Bu gün tədbir iştirakçıları arasında AFFA-nın baş katib Sərxan Hacıyev də vardı. Gələcəkdə iki federasiya arasında hər hansı əməkdaşlıq gözlənilirmi?

- Əlbəttə. Mənim şəxsi münasibətlərim də Sərxan müəllimlə gözəldir. Düşünürəm ki, hər hansı təklifimiz olsa, Sərxan müəllim geri çəkilməz. İstərdim ki, əməkdaşlığımız olsun. Bunu zaman göstərəcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti