Tovuza gələn ingiltərəli: “Bu dəqiqə məni gözəllik yox, futbol maraqlandırır”

16 Avqust 2022 21:20 Müsahibə 1 197
Tovuza gələn ingiltərəli: “Bu dəqiqə məni gözəllik yox, futbol maraqlandırır”

“Turan Tovuz” cari mövsümdə ilk qələbəsini qazandı.

Həm də Bakıda, güclənmiş “Səbail”lə qarşılaşmada.

Əldə olunan qalibiyyətdə Natan Oduva xüsusi pay sahibi oldu.

Oyunboyu fəal təsir bağışlayan, rəqib müdafiəçiləri təzyiq altında saxlayan ingiltərəli hücumçu vurduğu qolla “Turan Tovuz” azarkeşlərini sevindirdi.

Halbuki buna qədər “Şamaxı”da çıxış etməsinə baxmayaraq, qol istəyinə çata bilməmişdi.

Natanla söhbətdə yeni komandası, Tovuzda özünü necə hiss etməsi, yeni komandasından nələr gözləməsi haqda suallara cavab tapmağa çalışdıq.

- Yeni komanda, yeni mühit, yeni macəra... Özünü necə hiss edirsən?

- Hazırda dincəlirəm, yorğunluğu atmağa çalışıram. Təbii ki, özümü əla hiss edirəm. Burada gördüyüm istilik və münasibət çox xoşuma gəlir. İnsanlar qonaqpərvərdir, kömək etməyə çalışır.

- Tovuz London və Bakı qədər müasir, kifayət qədər inkişaf etmiş bölgə deyil. Darıxmırsan?

- Dediyim kimi, insanların mənə, bizə münasibəti elədir ki, darıxmaq nədir bilmirik. Məşq edirik, bazaya gəlirik, oyunlar-filan, darıxmağa vaxt olmur. Razıyam, bura Bakı və London deyil. Amma Tovuzun da özünəməxsus ab-havası, şirinliyi var. Bu dəqiqə məni gözəllik, müasirlik axtarışı yox, futbol oynamaq, nəticə vermək və azarkeşlərimizi sevindirmək maraqlandırır.

- Maraqlıdır, boş vaxtlarını necə keçirirsən? Hara gedirsiniz, harda dincəlirsiniz?

- Tovuza yeni gəlmişik. Gəzib-görmək üçün vaxtımız çox olacaq. Ona görə də çox yerə gedə bilməmişik. Eşitdiyim və gördüyüm etibarilə bura çox gözəldir, maraqlı yerlər var. Bazanı tərk edəndə əsasən yaxınlıqdakı marketə gedirik, çox uzaqlaşmırıq.

- Bazada qalırsan, hə?

- Hələ ki, bəli.

- Yəqin ev kirayələyəcəksən.

- Elədir, hazırda ev axtarışındayıq.

- Xanımın, övladların var?

- Hazırda xeyr.

- “Şamaxı”da meydana çıxdığın 11 oyunda qol vura bilməmişdin. Amma “Turan Tovuz”dakı debüt oyununda fərqlənməyi bacardın. Xüsusi səbəbi var?

- Əsas problem o idi ki, “Şamaxı”yla müqavilə bağlayanda 1 il idi futbol oynamırdım. Formaya düşmək, özümü meydanda göstərmək müəyyən zaman tələb edirdi. İkinci səbəb komandaya çempionatın ortasında - qış fasiləsində qoşulmağım idi. Komandadakı futbolçular xeyli müddətdir bir yerdə olsa da, mən yeni gəlmişdim. İstər-istəməz mühitə alışmalı, baş məşqçinin məndən nə istədiyini bilməliydim. Digər səbəb Azərbaycan çempionatında yeni olmağım, yerli futbolun incəliklərinə yaxından bələd olmağım idi. Bu da müəyyən zaman aparır. Yeni-yeni özümə gəlirdim ki, çempionat başa çatdı.

- “Səbail”ə qol vuran kimi azarkeşlərə tərəf qaçıb qolu onlarla qeyd etdin. Fanatlara söz vermişdin, öncədən hazırlanmış plan idi, yoxsa ani alındı?

- İnanın, heç kimə söz verməmişdim, nə də planımda elə bir şey vardı. Emosiyalardan doğan hiss idi. Qol vuran kimi onların səsini eşitdim və bir anlıq gözlərimin qarşısına “Qəbələ” ilə Tovuzdakı oyunda bizi dəstəkləyən 5 mindən artıq azarkeş, həmçinin 5-6 saat yol qət edib Bakıya gələn azarkeşlər canlandı. Özümü bir anlıq onların yerinə qoydum. Ona görə də qaçıb onları qucaqladım, bir növ təşəkkür etdim, qolu hədiyyə etdim. Tovuzlu fanatlar futbolu çox sevir. Bunu rayondakı məşqlər və səfər oyunlarımız zamanı görmək mümkündür. Biz də qələbələrlə onlara təşəkkür etməliyik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti