“Ayıbdır, ağlasığmaz bir şeydir” – Tanınmış sima Gəncədən “od püskürdü”

10 Avqust 2022 16:40 Müsahibə 1 422
“Ayıbdır, ağlasığmaz bir şeydir” – Tanınmış sima Gəncədən “od püskürdü”

4 illik fasilədən sonra Premyer Liqaya qayıdan “Kəpəz” hələ ki, acınacaqlı durumdadır.

Büdcə sıxıntısına görə heyəti lazımınca gücləndirə bilməyən Gəncə təmsilçisi ev oyunlarını doğma meydanda keçirməkdən də məhrum olub.

Vəziyyət bu cür davam edəcəyi halda, “sarı-göylər”in çempionatın ən zəif komandalarından birinə çevriləcəyi gün uzaqda deyil.

Komandanın bu günü, gələcəyi, ümumiyyətlə, “Kəpəz”də yaşananlarla bağlı kollektivin ən adlı-sanlı və təcrübəli futbolçusu Əfran İsmayılovla danışmaq qərarına gəldik.

- Uyğunlaşma prosesi necə keçir? “Kəpəz”də özünü necə hiss edirsən?

- Bir az çətinliklər var, amma ümumi götürəndə vəziyyət qənaətbəxşdir. Rəhbərlik rahat yaşamağımız, sıxıntı çəkməməyimiz üçün hər cür şərait yaratmağa çalışır. Bizim üzərimizə düşən iş futbolumuzu oynayıb, azarkeşlərimizi layiqli nəticələrlə sevindirməkdir.

- Mənzil kirayələmisən?

- Hələ ki, ev axtarışındayam. Ona görə də müvəqqəti oteldə qalıram. Ailəm yanıma gələni kimi mənzil məsələsini həll etməliyəm.

- Gəncədə yaşamaq çətin deyil?

- Yox-yox, heç bir çətinlik yoxdur. Bildiyiniz Bakıdır. Orada necədirsə, burada da elə. Bir gün vaxt edib gəlin, gəzin, görün, Gəncə necə dəyişib, nə qədər gözəlləşib. Hər şey yüksək səviyyədədir.

- Bəs, klubun vəziyyəti niyə bu gündədir?

- Mən bunu komandanın Premyer Liqada iştirakına icazənin qəfil verilməsi ilə əlaqələndirərdim. Bir anın içində baş verdi deyə, bir az çaşqınlıq oldu. Klubun icraçı direktoru İlqar Nadiri vəziyyətin yaxşı olması üçün cibindən nə qədər xərcləyir. Büdcə ayrılmayıb deyə, hələ ki, şəxsi vəsaitini sərf edir. Komandaya çox kömək edir, Allah canını sağ eləsin. Özü idmançı olub deyə, idmançıları yaxşı başa düşür.

- Gəncə kimi şəhərin təmsilçisinin ev oyununu 350-400 kilometr qət edib Bakıda keçirməsi şəhərin və klubun adına ayıb deyildi?

- Əlbəttə, ayıbdır. Mən bunu həmişə demişəm, yenə deyirəm, “Kəpəz” Gəncədə oynamalıdır, Bakıda yox! Açığı, verilən qərar bizi təəccübləndirdi. Üst tribunalar qəzalı vəziyyətdəydi deyə, düşünürdük ki, azarkeşlərin alt tribunalarda oturmasına icazə verilər. Bu da olmayınca, matçın boş tribunalar qarşısında keçiriləcəyinə ümid edirdik. Ən pis halda rəqibi Tovuzda qəbul edə bilərdik. Buna da icazə verilmədi. Çıxış yolları çox idi, ən ağırını seçdilər. Guya rəqibi “ev”də qəbul edirik, durub Gəncədən 350-400 kilometr yol qət edib Bakıya gedirik.

- Nəticədə meydan sahibi “Kəpəz” yox, “Zirə” oldu. Bakıda onlara qarşı əla oynadıq. Sizi inandırım, Gəncədə oynasaydıq, nəticə fərqli də ola bilərdi. Həm meydan bizə doğmadır, həm də onlar yol gəlib, hava dəyişəcəkdilər. Belə şey olmaz!

- Gəncədə ev tut, yaşa, məşqləri burada et, amma ev və səfər oyunları üçün daim ora-bura get. Bilirsiz, qəribə olan nədir?

-Nə?

- “Zirə” ilə oyundan sonra qayıtdıq Gəncəyə. “Neftçi” ilə matça burada hazırlaşıb Bakıya gedəcəyik. Sonra yenə Gəncəyə qayıdıb “Qəbələ” ilə oyuna hazırlaşıb növbəti ev görüşünü Allah bilir harada keçirəcəyik. Azarkeşlər Gəncədə Gəncənin komandasını dəstəkləyə bilmir. Ağlasığmaz bir şeydir. Halbuki tribunalar xaric, Gəncə şəhər stadionu ev oyunlarında rəqiblərini qəbul etməyə hazırdır. İlqar müəllim sağ olsun, hər cür şəraitin yaradılmasına nail olub. Paltardəyişmə otaqlarını bir neçə il əvvəl görmüşdüm, nə gündəydi. İndi baxırsan, dolablar, duş otaqları, oturacaqlar, kondisioner – hər şey yüksək səviyyədədir. Azarkeş buraxılmır, başa düşdük. Heç olmasa ev oyunlarımızın azarkeşsiz keçirilməsinə icazə versinlər, rəqiblər bura gəlsin. Biz niyə durub burdan “Dalğa Arena”ya getməliyik?

- Fiziki durumun necədir? “Zirə” ilə qarşılaşmanı əvvəldən sona qədər ehtiyat oyunçular skamyasında izlədin.

- Şükür, gündən-günə yaxşıya doğru gedir. 4-5 kiloqram artıq çəkidən qurtulmuşam. Mənim “evimi yıxan” süni örtük idi. Burada təbii qazonda məşq edirəm, çox rahatdır. Görünür hələ tam hazır deyiləm deyə, baş məşqçi şans vermədi. Düzdür, özümə bir az qaranlıq qaldı, buna baxmayaraq qərara hörmətlə yanaşıram. Rəqibin azlıqda qalmasından sonra 20-30 dəqiqə mübarizə apara bilərdim. Fikrimcə, 1-2 həftəyə tam formaya düşəcəyəm.

- Əsas heyətdə möhkəmlənmək çətin olmayacaq?

- Hər şey özümdən asılıdır. Əsas heyətdə heç kimə yer zəmanəti verilməyib. Kim hazırdırsa, o da oynayacaq. Mən də bura oynamaq, komandaya fayda vermək üçün gəlmişəm.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"