“İçkili idim, sözümüz çəp gəldi, anlaşa bilmədik, yumruqlaşdıq” – SƏMİMİ ETİRAFLAR

7 Avqust 2022 20:00 Müsahibə 1 586
“İçkili idim, sözümüz çəp gəldi, anlaşa bilmədik, yumruqlaşdıq” – SƏMİMİ ETİRAFLAR

Stajlı futbol azarkeşləri Qoça Trapaidzeni mütləq ki, xatırlayır.

Azərbaycan Premyer Liqasının ən qaynar vaxtında – 2004-2007-ci illər aralığında “Karvan”ın uğurları üçün tər tökən, ölkənin ən yaxşı sol cinah yarımmüdafiəçilərindən olan, hətta Azərbaycan millisinə namizəd göstərilən “7 nömrə”.

Qoça Azərbaycanı 15 il əvvəl tərk etsə də, bir ayağı Bakıdadır. Tez-tez gəlib-gedir. Və ən maraqlısı futboldan uzaqlaşıb bu gün başqa idman sahəsində fəaliyyət göstərməsidir.

Trapaidzenin paytaxtımıza növbəti dəfə səfər etdiyindən duyuq düşüncə, onunla söhbətləşməyi qərara aldım.

- İşlərin necə gedir?

- İşə bir müddətlik fasilə vermişəm, dincəlirəm. Yaydır, hamı orada-burada, istirahətdə. Sentyabrdan başlayacağam.

- İşin nədən ibarətdir?

- İdman zalında məşqçiyəm.

- Fitnes məşqçisi?

- Fitnes, boks, kikboks, bir sözlə, əlbəyaxa döyüş növlərini tədris edirəm. Futbolçular, həndbolçular, basketbolçular da gəlir yanıma. Fiziki hazırlığa ehtiyac duyanlar müraciət edə bilir.

- Nə əcəb futboldan uzaqlaşdın?

- Burada futbolun vəziyyəti yaxşı deyil. Mənə görə futbolda işləməyin mənası yoxdur. Boş vaxt itirməkdənsə, sevdiyim işlə məşğul olmağım daha yaxşıdır. Burada özümü kifayət qədər yaxşı hiss edirəm.

- Futboldakı haqsızlıqlara görə deyirsən, yoxsa pul azdır?

- Haqsızlıq var, ya yox – mənim işim deyil, qarışmıram. Sadəcə dolanışıq üçün verilən pul azdır. Azərbaycana baxmayın, şərait yaxşıdır, maliyyə var, işıqlı gələcək görünür. Burada yaxşı heç nə görünmür. Qazanc olmayandan sonra ac qarına vaxt keçirməyin mənası yoxdur.

-Boks və ya kikboksla peşəkar səviyyədə məşğul olmusan?

- Yox-yox. Hələ futbol oynayan vaxtlarda paralel olaraq hobbi kimi məşğul olurdum, zallara gedirdim. Futbolu qurtarandan sonra daha çox vaxt ayırdım, incəliklərlə tanış oldum, kökləndim.

- Yevlaxda da məşğul olurdun?

- Əlbəttə. Tək Yevlaxda yox, Ukraynada da, Çexiyada da. Yevlaxda zal var idi, imkan tapan kimi ora qaçırdım. Məşqsiz qalmamağa çalışırdım. O vaxt futbol əsl sənətim idi, boks hobbim. İndi əksinə olub (gülür).

- İndiki tələbələrinin arasında beynəlxalq yarışlara qatılanlar, nəticə qazananlar var? Yoxsa onlar da sırf həvəs üçün məşğul olur?

- Yanıma gələnlərin çoxu peşəkar idmançılardır. Ancaq onların mənim tələbəm, yetirməm saymaz doğru olmaz. Mən onlara sadəcə fiziki baxımdan formada qalmağa yardım edirəm, məşq keçirəm. Həvəskar, peşəkar, fərqi yoxdur, hamı bilir.

- Maraqlıdır, futbol oynayan dönəmdə əllərini işə salıb kimisə yumruqlamısan heç?

- Yox, elə adam deyiləm. Əksinə davadan qaçıram. Nəyə lazımdır? Başqa çıxış yolu olmasa, başqa məsələ. Amma dil və ağır varsa, dava nəyə lazımdır?

- Sonuncu dəfə nə vaxt dava etdiyin yadındadır?

- (gülür) Yadımdadır.

- Nə vaxt?

- 3-4 il əvvəl olub. İçkili idim, sözümüz çəp gəldi, dillə heç cür yol tapa bilmədik, yumruqlaşdıq.

- Əvvəl ayaqların işləyirdi, indi əllərini, qollarını işlədirsən?

- (gülür) Yox. Əvvəl ayaqlarım işləyirdi, indi həm ayaqlarım, həm də əllərim. Kikboksla da məşğulam axı.

- Bakıya tez-tez gəlib-gedirsən. Bildiyimə görə burada evin var.

- Elədir. Oynayan vaxtdan var idi, hələ də qalır. Arada gəlib baş çəkib qayıdıram.

- Kimlərlə əlaqən qalır?

- Hamı ilə. Yakuba Bamba ilə yazışırıq, heyf uzaqda yaşayır, yoxsa görüşərdik. Qalan dostlarla sosial şəbəkələrdə yazışırıq, imkan olduqca Bakıya gələndə görüşürük.

- Keçmiş gürcü futbolçuların çoxu menecerliklə məşğul olur. Sən nə vaxtsa Azərbaycan klublarına futbolçu təklif etmisən?

- Olanda olur. Maraqlı, bacarıqlı oyunçu görəndə Azərbaycandakı dostlarıma deyirəm. Amma bunu agent olaraq yox, dost kimi edirəm. Açığı, futbolu qurtaranda belə bir fikrim var idi. Gördüm ki, alınmayacaq, mənlik deyil.

- “Karvan” o vaxt yaxşı büdcəyə malik klublarda idi. Siz futbolçulara da yaxşı maaş təklif olunurdu. Azərbaycanda əldə etdiyin pullarla özünə şərait qura bilmisən?

- Evlərim var, dolanışığım yaxşıdır. Biznez-miznes mənlik deyil.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti