Klub prezidenti: “Guya nə iş görəcəyik ki? 75 min manat...”

2 Avqust 2022 17:40 Müsahibə 1 866
Klub prezidenti: “Guya nə iş görəcəyik ki? 75 min manat...”

“Turan Tovuz”un Premyer Liqaya qayıdışı ilə Tovuzda kluba sahiblənmək istəyənlərin sayı günbəgün artır.

AFFA-nın hələ də maliyyə ayırmamasına görə, “Turan Tovuz”un xərclərini icra başçısı Məmməd Məmmədov qarşılayır ki, belədə rayondakı vəzifə sahibləri kluba yaxınlaşmağa çalışır.

“Sportinfo”da Gənclər və İdman Nazirliyinin Tovuz rayon idarəsinin rəisi Sahib Ələsgərovun klubun möhür və ştampını idman direktoru Nadir Nəbiyevin əlindən almasına dair yazı dərc olunmuşdu.

Yazıda kifayət qədər detallı məlumatlar yer aldığından və xəbər geniş rezonans doğurduğundan, “Turan Tovuz”un prezidenti Oqtay Abdullayevlə danışmağı qərara aldıq.

- Saytımızdakı yazı ilə tanışsınız yəqin...

- Xəbərim var. Hər şey yaxşıdır, hər şey qaydasındadır. Arada müəyyən anlaşılmazlıq olmuşdu, yoluna qoyuldu. Heç bir problem yoxdur. İcra başçısı Məmməd Məmmədov sağ olsun, məsələni həll etdi.

- Kimin xeyrinə?

- Nə mənada?

- Klubun möhürü indi kimdədir?

- Stadionda, bazada. Açığı, əvvəl də stadiondaydı. Sadəcə, Sahib müəllimdə olurdu. Bir də ki, möhür kimə lazımdır axı? Sənədləşmə işlərində lazım olur, onda da probem yoxdur.

- Belə başa düşürəm ki, Sahib Ələsgərov kluba maliyyə ayıran icra başçısına arxalanıb kluba nəzarəti əlinə keçirmək istəyir.

- Yox-yox. Siz nə danışırsınız? Mən obyektiv adamam, nə var, onu deyirəm. Məmməd müəllim futbolu sevən, futbola can yandıran, rayonun idmanı üçün bacardığını edən adamdır. Bu gün Tovuzda böyük işlər görməyə çalışır, klubu diqqətdə saxlayır, sağ olsun, lazım olan köməkliyi göstərir. Sadəcə klub rəhbərliyi ilə bağlı məsələdə müəyyən anlaşılmazlıq yaranmışdı deyə, vəziyyət o cür alınmışdı.

- Sahib Ələsgərov rəhbər olmaq istəyirdi?

- Xırdalığa getməyə gərək yoxdur. Əsas odur, məsələ yoluna qoyulub. Klubun İdarə Heyəti formalaşacaq, struktur qurulur, hər şey yaxşı olacaq. Sizi inandırım, Məmməd müəllim klub üçün lazım olan hər şeyi edir. Bu gün bizi həvəsləndirən və sevindirən də budur. Möhürlə bağlı məsələdə də mövqeyini ortaya qoyub, sözünü dedi. Möhür nəyə lazımdır? İmzanı təsdiq etmək üçün, düzdür? İmzanı da mən və Nadir Nəbiyev çəkirik.

- Möhür sizdə olmayandan sonra imza qüvvəsini itirir axı. Sahib Ələsgərov möhürü ələ keçirib ki, onun xəbəri olmadan iş görə bilməyəsiniz.

- O cür deməzdim. Guya nə iş görəcəyik ki? Sadəcə işin içində olmaq üçün. Ötən mövsüm kluba ayrılan vəsaitdən 75 min manat qənaət etmişik. Bizim məqsədimiz kluba və bölgə futboluna xidmət etməkdir. “Turan Tovuz”da heç kimin kənar marağı yoxdur, ola da bilməz. Bilirsiniz, komanda Premyer Liqaya qayıdıb, struktur qurulur, böyük işlər görülür, ona görə da bəzi söz-söhbətlərin olması normaldır. Biz öz işimizi görürük, məsləhətim də budur ki, heç kim şayiələrə uymasın.

- Problemlər həllini tapır?

- Hansı problemlər?

- Forma alınmalıydı.

- Alınıb, hazırdır.

- Bəs, avtobus?

- O da alınır, bir neçə günə bazada olacaq. Çempionatın startına kimi bütün çətinliklər həllini tapacaq. Baxın, ona görə Məmməd müəllimin diqqət və qayğısını qeyd edirəm. Kluba hələ maliyyə ayrılmayıb, amma “Turan Tovuz” yaxşı fəaliyyət göstərir, çətinliklər yoluna qoyulur. Forma, avtobus, stadiondakı çatışmazlıqlar – hamısı icra başçısının dəstəyi və göstərişi sayəsində həllini tapır.

- Stadionda jurnalistlərin işləməsi üçün lazım olan şərait yoxdur. Media sektoru, operatorlar üçün yer, internet şəbəkəsi...

- Dediyim kimi, çempionatın startına qədər bütün çatışmazlıqlar aradan qaldırılacaq. Əslində müəyyən şeylər aradan qaldırılıb, qalanlar da həllini tapacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!