Üsyan etdi, məşhur futbolçularla bağlı, görün, nə dedi: “Bir deyil, iki deyil...”

20 İyul 2022 16:40 Müsahibə 1 564
Üsyan etdi, məşhur futbolçularla bağlı, görün, nə dedi: “Bir deyil, iki deyil...”

“Kəpəz” növbəti mövsümə hazırlıqları davam etdirir.

Ötən ayın 20-də Gəncədə bir araya gələn, iyulun əvvəlindən Bakıda məskunlaşan bölgə təmsilçisi yoldaşlıq görüşləri keçirir, heyətin gücləndirilməsi yolunda müəyyən addımlar atır.

Çempionatın başlamasına təxminən 3 həftə qalsa da, komanda tam komplektləşməyib, hazırlığın üçüncü hissəsi ilə bağlı qeyri-müəyyənlikdir.

Bu cür vəziyyətdə “Kəpəz”in Premyer Liqada nə ilə yadda qalacağı, hansı hədəflər uğrunda mübarizə aparacağı, tələbkar gəncəli fanatların qarşısında nə edəcəyi maraq doğurur.

Suallara cavab tapmaq üçün baş məşqçi Yaşar Vahabzadə ilə əlaqə saxladıq.

- Təxminən 1 aydır komanda ilə birlikdəsiniz. Hazırlıqdan nə dərəcədə razısınız?

- Şükür, normal, axarında gedir. Öncədən tərtib etdiyimiz plan üzrə çalışırıq. Bakı toplanışında bizə əsasən yoldaşlıq görüşləri lazım idi ki, oyunlar keçiririk, əyər-əskikləri görüb, aradan qaldırmaq istəyirik.

- “Səbail” və “Sumqayıt”la oyunlar sizə nə verdi?

- “Səbail”lə görüşdə iki fərqli hissə izlədik. İlk yarıda verdiyimiz tapşırıqları yerinə yetirməyi bacardılar. Lakin ikinci hissədən sonra oyunun axarı dəyişdi, üstlünlük rəqibin tərəfinə keçdi. Bunu da heyətdəki dəyişikliklərlə əsaslandıra bilərəm. Lazım olan keyfiyyəti göstərə bilmədilər. “Sumqayıt”la matçda futbolçular ilk oyunla müqayisədə qat-qat üstün görünürdü. İstər müdafiədə olsun, istərsə də hücumda. Düzdür, arxa xətdə səhvlər var idi. Amma burada faciə axtarmaq istəmirəm. Yeni yığılmış komandadır, anlaşma probemi var. Ona görə də bir qədər gözləməliyik.

-“Turan Tovuz” və “Şamaxı” kimi bölgə klublarında narahatlıq var. Büdcə təsdiqlənməyib ki, bu da siz məşqçilərin işini çətinə salır. Sizdə də eyni vəziyyətdir, səhv etmirəmsə.

- Bəli, bizdə də həmin vəziyyətdir.

- Bu fakt işinizdə əsasən nə kimi problemlər yaradır?

- Hər şeydə sıxıntı yaradır. Bir deyil, iki deyil... Hansını deyim, məsələn? 5-6 gündən sonra Bakıdakı toplanışı başa vururuq, növbəti hazırlıq mərhələsinin necə olacağı ilə bağlı məlumat yoxdur. Büdcə dəqiqləşməyəndə plan məsələsində çaş-baş qalırsan. Eyni sözləri transfer çalışmalarına aid edə bilərik. Qarşında büdcə olanda işin rahatlaşır. Bilirsən ki, filan məbləğə, filan mövqelərə, filan qədər futbolçu götürə bilərəm. Konkret məbləğ yoxdur deyə, işimizi ehtiyatlı tutmağa məcburuq.

- “Turan Tovuz”la “Şamaxı”nın da sizinlə eyni aqibəti yaşamasına yəqin ki, sevinirsiniz. Hər halda iddiasızlar sırasında tək olmayacaqsınız.

- Xeyr, sevindirmir. Əksinə, onların da əziyyət çəkdiyini başa düşürəm. Ümid edirəm ki, bu, qısa dönəmi əhatə edəcək və ən yaxın zamanda həllini tapacaq. Allahın köməkliyi ilə vəziyyət normallaşar.

- “Turan Tovuz”la “Kəpəz”in Gürcüstan bazarına üstünlük verməsi də pul azlığına, qeyri-müəyyənliyə görədir?

- Sualınıza bu cür cavab verim. İmkanımız nəyə çatırsa, ona uyğun hərəkət edirik. Söhbət təkcə Gürcüstandan getmir, hazırda düşərgəmizdə digər ölkələrdən də futbolçular var. Bəyənsək, maliyyə məsələsində dil tapsaq, saxlayacağıq. Əks halda vidalaşmalı olacağıq.

- Hazırda düşərgədə neçə əcnəbi baxışdadır?

- Braziliyalı hücumçu Juninyodur, Nigeriyadan cinah yarımmüdafiəçisi Abdullahdır, bir nəfər də yeni gəlib - Fil Dişi Sahilindən, Lusyen. Hücumçudur, 20 yaşı var. “Şamaxı” ilə oyundan sonra onlar haqqında qərar verəcəyik. Meta və Giorgi ilə də rəsmi müqavilə bağlamışıq, hər ikisi “Kəpəz”in futbolçusudur.

- Portuqaliyalı müdafiəçinin aqibəti necə oldu?

- Onu yola saldıq.

- Yerli bazardan alış-verişiniz davam edir? Mirabdulla Abbasov, Əfran İsmayılov, Rauf Əliyev, Cavid Tağıyev – yenə 1-2 nəfərin adı var idi siyahıda.

- Cavidlə maraqlanmamışıq, boş söhbətdir. Və heç vaxt düşərgəmizdə olmayıb. Mirabdulla məsələsi də bağlanıb. Əfranla Rauf bizimlədir, hazırlığa gec qoşulublar deyə, hələ ki, fərdi hazırlıq keçirlər. Bu gün üçün vəziyyət budur.-

HƏBİB / SPORTİNFO,AZ

Digər Xəbərlər
Xəbər Lenti