"Narahatlıq hiss etmirəm"

15 İyul 2022 19:00 Müsahibə 871
"Narahatlıq hiss etmirəm"

Ölkəmizi Avropa Konfrans Liqasında təmsil edəcək “Qəbələ” hazırlığını Boluda davam etdirir.

Türkiyədəki ilk sınaq matçında “Qaziantep”ə 1:2 hesabı ilə məğlub olan bölgə təmsilçisinin növbəti rəqibi Rumıniya “Çiksereda”sı olub.

Yenə eyni hesab qeydə alınıb, lakin bu dəfə təmsilçimizin xeyrinə.

Həm komandanın təlim-məşq toplanışı, həm yoldaşlıq görüşləri, həm yeni futbolçular, həm də Konfrans Liqasındakı rəqib “Fehervar”la bağlı suallar yarandığından, baş məşqçi Elmar Baxşıyevlə danışmaq zərurəti yaranmışdı.

“Çiksereda” ilə matçdan dərhal sonra Baxşıyev suallarımızı cavablandırdı.

- Rumıniya komandası ilə oyundan nə dərəcədə razı qaldınız?

- Düzdür, qələbə qazandıq, bu, yaxşı haldır. Amma qələbədən də vacib olan bəzi məqamlar var idi, məni daha çox onlar sevindirdi.

- Nə kimi məqamlar?

- Komandamızda yeni futbolçular var ki, onların kollektivə və oyunumuza nə dərəcədə uyğunlaşdığını görmək istəyirdim. Əsas məqsədimiz meydanda diqtə edən tərəfə çevrilməyimiz idi ki, bunu da görə bilirdim. Və ən əsası, məşqlər və hazırlıqlar zamanı futbolçulara hansı tapşırıqları vermişdiksə, meydanda onları uğurla yerinə yetirirdilər. Bir sözlə, zamanla istədiyiklərimizi ala bilirik.

- Lap yaxşı. Maraqlıdır, əskikliklər nələrdir? Nədən narahatsınız?

- İndiki durumda “tam hazırıq” deməyimiz doğru olmaz. Əlbəttə, müəyyən çatışmazlıqlarımız var və bunu bilirik. Əsas məsələ odur ki, nöqsanları aradan qaldırmağa çalışırıq və bunun üçün müəyyən qədər vaxtımız var.

- Kollektivdə ümumi ab-hava necədir?

- Şükürlər olsun, işlər qaydasında gedir. Məşqlərimizi qurduğumuz plan üzrə davam etdiririk. Yeni transferlərimizin hamısı bu gün əsas heyətdə meydana çıxmışdı. Üstəlik, uzun müddətdir məşqlərdən kənarda qalan Omar Hani də sonradan meydana daxil oldu. Ab-havanın yaxşı olduğunu deyərdim.

- Sualı niyə verdiyimi deyim. Sanki “Fehervar”ın adı ilə bağlı futbolçularda həyəcan var.

- Düzünü desəm, futbolçular bu dəqiqə o barədə düşünmür. Bu dəqiqə hamı diqqətini təlim-məşq toplanışına ayırıb. Ona görə də rəqibdən çəkinmək, yaxud ehtiyatlanmaq kimi əlamətlərin olduğunu deməzdim. İnşallah, sabahdan etibarən “Fehervar”la oyunlara hazırlaşacağıq.

- Siz də Konfrans Liqasındakı rəqibi göz önünə gətirmədən sırf təlim-məşq toplanışını düşünürdünüz?

- Təbii ki, məşqçilər heyəti olaraq müəyyən təhlillər etmişik. Amma bu, bütün işimizi kənara atıb sırf “Fehervar”ı düşünməyimiz anlamına gəlməməlidir. Sabah da onların yoldaşlıq görüşü var. Ümid edirik ki, bizə lazım olan məlumatları əldə edə biləcəyik.

- İlk oyunun səfərdə keçirilməsini “Qəbələ”nin xeyrinə hesab edə bilərik?

- Nə mənada?

- Rəqibi daha yaxşı tanımaq doğma azarkeşlər önündəki cavab qarşılaşmasında xeyrinizə işləyə bilər.

- Artıq püşt atılıb, oyunların vaxtı və yeri açıqlanıb. Bundan sonra nəsə deməyimiz heç nəyi dəyişməyəcək. İlk oyunu səfərdə oynamalıyıqsa, oynayacağıq. Məqsədimiz layiqli mübarizə ilə lazım olan nəticəni əldə etmək olacaq.

- Yeni transferlərin uyğunlaşma prosesi necə gedir? Ürəyinizcədir?

- Yeni futbolçulardan 3-ü bizi tanıyan və bizim yaxşı tanıdığımız futbolçulardır. Səlahət Ağayevlə İlkin Qırtımov hamıya tanışdır, Felipe Santos isə son mövsümü Azərbaycanda oynayıb. Ona görə də bu mənada ciddi çətinlik yoxdur. Özlərində də hansısa narahatlıq hiss etmirəm. Feras Abu Akel komandaya ən sonda qoşulsa da, onda da hansısa narahatlıq müşahidə olunmur. Komandada hamı necə, onlar da elə.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti